Uçuruma bir addım
Uzun şeir
Dünən gecə içimdə dəhşətli bir zəlzələ-
Təxminən haradasa beş-altı bal gücündə.
Uçsaydı ev başıma, tikəm gəlməzdi ələ,
Gizlənə bilməsəydim vicdanımın içində.
Hava çiskin yağışlı,önüm qatı sis – duman,
Əlimdə BMT -nin sülh adında çətiri.
Damağımda qırmızı şvesarski Vinston,
Dalbadal yandırıram sigarımı bitirib.
Sülhməramlı pərdəsi altında işğalçılar
Sülhü bərqərar edir Bağdadda ya Kabildə?
Çıxıb oxundan gəlir üstümə göy qübbəsi,
Allah qapısın açır üzümüzə Babildə.
Gözümü zilləmişəm nəhəng Şeytan çarxına,
Burdan durub Məkkədə şeytana daş atıram.
Rio De Janeyroda İsanın heykəlinin,
Ən ucunda dayanıb, mən başımı qatıram.
Küçənin ən sonunda qaranlıq bir dalanda,
Gizlədirəm özümü yarasa tək hamıdan.
Burda nə qədər adam qəsd edib damarına,
Unudubdu her şeyi, dönübdü Allahından.
Qarışıram şəhərin meqapolislərinə,
Ruhumun kədərindən doğuluram təzədən.
Baxıram göy üzündə təyyarə izlərinə,
Çıxıb getmək istəyir ruhumda bu ölkədən.
Bir payız axşamında istəyirəm qoşulam,
Çıxam gedəm bir yolluq durna qatarlarında.
Hüqonun Qavroşu tək küçələrdə üşüyüm,
Yağış sızsın üstümə evin divarlarından.
Çəkdiyim sigarların kötüyünə əyilir,
Ciyərimə yığılan siqarımın tüstüsü.
Liviyada ərəblər ip bağlayıb yıxdılar,
Bir zaman tapdıqları Qəddafinin büstünü.
Çəkilirəm içimdə tikdiyim o daxmaya,
Azca hisə verilmiş balıq, bir qədəh şərab.
Yaslanıram taxtadan düzəltdiyim yatağa,
Dərd yerinə alıram qəlyandan iki qullab.
Səhər tezden oyanıb qaçıram konfransa,
Köynəyim ütüsüzdü, saç saqqalım dağınıq.
Türksoydan bir nəfərlə yolumuz da bir düşüb,
Salam, əziz soydaşım ikimiz bir yoldanıq
Danışırıq yol boyu siyasətdən doyunca,
Uyğurlardan söz düşür ürəyimə ox batır.
Elə bil ki yenidən üsyana hazırlaşır,
Günəşin batdığı yerlərdə Osman Batır.
Alovlanır, odlanır ruhum, cismim, bədənim,
Göytürklərdən gələn qan damarımda dolaşır.
Sığa bilmir sərhədlər içrə mənim qələmim,
Altaylardan Batıya, Ötükənə yol aşır.
Konfransı bitirib dayanacağa doğru
Yeyin addımlar ilə yol gedirəm fikirli.
Yağış yağır yenicə aldığım jaketimə,
Təzədi deyə hələ çoxdu məndə xətiri.
Soyuyuram getdikcə bu müasir dünyadan,
Elm texnologiya, yeni nəsil robotları.
Ən gözəli bozqırda köç halında yaşayış,
Vəhşi çöllərdə çapır hələ monqol atları.
Məkkənin qapısında dayanıbdı Hülagü,
Atlarının ayağı çeyneyir tüm cahanı.
Savaşların birində topal qalmış sərkərdə,
Böyük Teymur adıyla şanlandırdı Turanı.
Yaxın gəl, ey balaca, bax özünə güzgüdə,
Gör kimin nəvəsisən, gör kimə var oxşarın?!
Xorasandan Dehliyə qoşun çəkən baban var,
Tarixin son Fatehi Nadir Şah bəy Əfşarın.
Yavaş -yavaş sökülür içərimdə daha dan,
Yaddaşım təyyarədə yazılı qara qutu,
Açıram gözlərimi otağın ortasında,
Uzadılıbdı yerə ümidimin tabutu.
Sığınmağa yerim yox tək Tanrıdan savayı,
Daşıyıram ruhumu özümdəndə dərində.
Beynimin son qatında böyük atom bombası,
Partlayacaq bir azdan ruhumun son yerində.
Uçuruma doğru yol, bir iz varsa, de gedim,
Özümü atmaq kimi əyləncəm var uçrumdan.
Tanrım özün bağışla, gəl məni burax gedim,
Xilas eylə nə olar məni yorğun ruhumdan.