.....

.....

Köhnə hamam, köhnə tas… – GÜNDÜZ SEVİNDİK

Köhnə hamam, köhnə tas… – GÜNDÜZ SEVİNDİK

Köhnə hamam, köhnə tas…

Əziz dost, yaxın otur, dərdləşək bir az… Soruşarsan ki, dərd nədir, nə haqqında dərdləşək? Həə, bax o zaman mən danışım, sən də dinlə. Əslində bunları sən də bilirsən, belə hallarla qarşılaşanda sən bəlkə də başını bulayıb keçirsən. Amma mən başımı bulamaq, susmaq istəmirəm…

Bir neçə il əvvəl bizim dünyamızdan, bizim planetimizdən qasırğa kimi bir Korona dalğası keçdi, yadındadır yəqin. Bütün dünya həyəcanda, qorxuda, hər an ölüm təhlükəsi ilə üz-üzə idi. Onda fikir vermişdim, insanlar o qədər aciz, o qədər çarəsiz, o qədər məzlum görünürdülər ki… Xəstəxanaların qarşısında vaksin vurdurmaq üçün uzun növbələrə düzülən üzümaskalı məyus adamlar, apteklərdən torba-torba dava-dərman daşıyanlar, bu xəstəliyin qurbanı olanları qəbiristanlıqlarda dəfn edən əzizlər, doğmalar, yadlar. Və nəhayət, öz sağlamlığı naminə heç kimlə ünsiyyətdə, təmasda olmaq istəməyən, ən əsası axşam saat 6-da iş saatı bitən kimi dərhal öz evinə qaçan insanlar, ümumiyyətlə özünü, ailəsini qorumaq istəyən bütün cəmiyyət… Xatırladın yəqin.
Həmin vaxtlarda insanlar sanki yamanca kövrək olmuşdular, necə deyərlər, yuxaya dönmüşdü hamı. Hər şeyə daha diqqətlə, həssaslıqla, istiqanlılıqla yanaşırdı insanlar. Bu virusdan qorunmaq üçün TƏBİB-in qoyduğu qaydalara tam olmasa da hər kəs bacardığı qədər riayət etməyə çalışırdı. Küçədə, yolda, ictimai yerlərdə, bazarda, mağazalarda – bir sözlə hər yerdə insanlar bir-birləri ilə məsafə saxlayır, əl tutub görüşmür, məsafədən də olsa görüşərkən ənənəvi olaraq qucaqlaşıb müsəlmansayağı marçamurçla öpüşmürdülər. Təbii ki, qoruyucu üz maskaları da öz yerində. Fikir vermişdim, ən vacib söhbətlər də ani çəkirdi o vaxtlar, ən ciddi məsələlər də əlüstü həll olunurdu. Hamının üzərində bir neçə ədəd ehtiyat əlavə maskalar olurdu, hətta ciblərdə spirt şüşələri, dezinfeksiya üçün digər əlavə vasitələr də öz yerində. Bir sözlə hamı, necə deyərlər, başını aşağı salıb dünyanı cənginə alan bu amansız virusdan qorunmağa çalışırdı. Amma məsəl var, deyir, “imam üçün ağlayan gərək yezid üçün də ağalaya”. Əlqərəz, bu virus öz amansızlığı, öz rəhmsizliyi ilə bərabər etraf edək ki, həm də gözəl adətlər, qaydalar, xüsusilə çoxdan arzuladığımız, görmək istədiyimiz bir mədəniyyət də gətirmişdi özü ilə. Toylarımız da sanki bir yeni quruluşda, daha dəqiq desək, gözəl bir qaydada keçirilirdi. Yalnız ailə üzvlərinin, doğmaların iştirakı ilə olan toy – necə deyərlər, “Bir nəfər molla, üç manat pul, bir kəllə də qənd. Vəssəlam, şüttamam”. Bu olurdu əsl toy. Nə israfçılıq olurdu, nə basabas, nə çığır-bağır, nə sənət göstərmək əvəzinə var gücləri ilə qışqıran toyxana müğənniləri, nə də bağıra-bağıra şeir deyən tamadalar… Yas yerləri də olduqca sakit keçirdi. Burada da doğmalar, əzizlər və bunu ayrıca qeyd etmək lazımdır ki, növbəli şəkildə ev sahibinə başsağlığı verməyə gələn insanlar… Ən sağlam, hətta yoluxma ehtimalı sıfıra bərabər olan insanlar da daim qoruyucu maskalarda olur, hər yerdə, hər kəslə ünsiyyətdə məsafəli olurdular. İaşə oyektləri – bərbərxanalar, gözəllik salonları, yeməkxanalar, hətta çayxanalar elə qanunlarla, elə rejimlərlə işləyirdilər ki, hərdən mənə elə gəlirdi ki, bura bizim rayon deyil, hansısa inkişaf eləmiş ən müasir Avropa ölkəsidir. Adam tanıyıram, yalan olmasın, yalnız yağış yağandan-yağana üz-gözünə su dəyirdi. Amma həmin dövrlərdə həyətində iki-üç su kaçalkası vurdurmuşdu. Apteklərdə, mağazalarda spirt, sabun da qoymamışdı, hamısını alıb daşımışdı öz evinə… Səbəbini yaxşı bilsəm də bir gün qəsdən ondan soruşdum ki, nə məsələdi, bu qədər spirti, sabunu neynirsən? Adam qımışaraq mənə qısa cavab verdi: deyəsən sənin dünyadan xəbərin yoxdu, qağa…
Nəysə ki, başımızın üstündə hər an ölüm təhlükəsi vardı, eyni zamanda sakit, qayda-qanunlu, mədəni bir cəmiyyətimiz də formalışırdı artıq. Qoyulan qadağalar, məhdudiyyətlər, tətbiq edilən qanunlar, vaxtında edilən peyvəndlər də yaxşıya doğru öz nəticəsini verməkdə idi. Xəstəliyə yoluxma, xüsusən ölüm sayı sürətlə azaldı və nəhayət, demək olar ki, tamam yoxa çıxdı. Bir sözlə dünyanın başının üstündə siyirməqılınc duran “COVİD-19” adlı bu qara bulud bizim də ölkədən çəkilib getdi. Amma… Kaş bu ammalar olmayaydı… Olmayaydı bu ammalar…
Qara buludun çəkilib getməsi ilə bizim əvvəlki halımızın, əvvəlki “özümüzəməxsus” adətlərimizin, özümüzdən başqa heç kimə lazım olmayan davranışlarımızın, qaydalarımızın qapıdan girməsi bir oldu. Necə deyərlər, “köhnə hamam, köhnə tas”… Elə bil bu xəstəlikdən on minlərlə vətəndaşımızı itirən bizlər deyilmişik, elə bil yüz minlərimiz bu xəstəliyə tutularaq, ən ağır müalicələr hesabına sonda güc-bəla ilə Əzarilin ağzından qurtulmamışdı heç.
Yenə şadlıq saraylarında 400-500 kişinin yeyib-içəndən sonra ayağını ayağının üstünə aşırıb siqaretin tüsütünü qonşu masada əyləşən xanımlara tərəf püfləməsi, yas yerlərində 70-80 nəfər tüklü-müklü, mısmırıqlı adamın ət-ətə oturaraq qan tərin içində hortahort 5-6 stəkan qaynar çay içməsi, davalı-söyüşlü bankomat basabasları, hətta üç gün əvvəl zəng edilərək gözəllik salonlarında bəribaşdan tutulan növbələr, çayxanalarda şaqqıltısından qulaq tutulan domino və nərd oyunları, kütləvi tədbirlərdə insanların az qala bir-birinin çiyninə dırmaşması… Hansını deyəsən, hansından danışasan axı.
Əziz dost, mənim dərdim, danışmaq istədiklərim budur. Gərək canımıza dərd gələ, başımızının üstünü ölüm ala, dünya həyəcan təbili çala, özümüzün, ailə üzvlərimizin həyatı ciddi təhlükə ilə üz-üzə qala, sonra əl-ayağa düşək? Olmazmı ki, elə lap əvvəldən sanitariya qaydalarına riayət edək, qununları gözləyək, təmizliyimizi saxlayaq, qida rejimimizə nəzarət edək, yaşadığımız rayonunun səliqə-sahmanına elə yaşadığımız evdən, küçəmizdən başlayaq, heç olmasa xəstələnmədən, bir yerimiz ağrımadan ildə bircə dəfə özümüz həkim müayinəsindən keçək?! Olmaz belə?…
Bax o zaman, heç bir xəstəlik, heç bir virus nə bizə, nə də bizim cəmiyyətə meydan oxuya bilməz. Bu dünya gözəl dünyadır, mənalı və sağlam yaşamaq isə ondan qat-qat gözəldir.
Biz sağlam və xoşbəxt olmasaq gələcək nəsilə də sağlam və xoşbəxt cəmiyyət bəxş edə bilməyəcəyik. Bu cəmiyyət bizimdir, öz yaxşısı ilə də, öz pisi ilə də.
Hə, dostum, yeri gəlmişkən, sən özün necə, həmin vaxtlarda Koronavirusa yoluxmuşdun?…

Gündüz SEVİNDİK