.....

.....

Sevinc Azadlının qəzəlləri

Sevinc Azadlının qəzəlləri

Səndən
MəFUlİ MəFA ÜLi MəFAUlİ FəUlÜn

Mən razıyam ol Rəbbimə yerdən göyə sarı,
Vaxtında alıb məntəki bir yoldaşı səndən.

Titrətsin elə qəlbini ol dağdakı buzlar,
Rəbbim kəsir heç eyləməsin qar, qışı səndən.

Təəsüf ki, zaman hökmünü vermiş bizə dair,
Gəl qəbrimi qaz sinə daşı, baş daşı səndən.

Gördün ki, əgər el tökülüb nəşimin üstə,
Ehsan da verərsən elə, bozbaş, aşı səndən.

Sən gəl bu Sevincin sözünə qarşı dayanma,
Bəlli, ona qismət olan o göz yaşı səndən.

Aydır üzü
Rəməl bəhri: fə’ilAtün fə’ilAtün fə’ilAtün fə’ilün

Günə nisbət doğulub, nur tökülən aydır üzü,
Görəsən hansı əziz bəxtəvərə taydır özü?

Necə xoş xəlq eləyib gör Yaradan lütfündən,
Qarə zülfü gecədir, mavi səmadır o gözü.

Oluram məsti-xumar gül camalın vəslindən,
Tuti dildir yana qalmış, elə bil baldı sözü.

Mən ona meyl elədikcə şəmə pərvanə kimi,
Yandırıb tökdü məni, qoydu çox avarə, düzü.

Elə bir dərdə düçar eylədi zalım balası,
Edə bilməz mənə çarə təbibin gəlsə yüzü.

Çox sevənlər qovuşub sevgiyə xoşbəxt olmuş,
Belə bir-birmizə çox gördü nədən Tanrı bizi?

Sən Sevincin dediyin sözdü deyib keçmə, inan,
Söz keçər bəlkə də, qəlbində qalar ancaq izi.

***

Həzəc bəhri:
məfA’ilun məfA’ilün məfA’ilün məfA’ilün

Mənim qərib diyar(i)də nur üzlü bir gülüm qalıb,
Yaxıbdır həsrətin odu, bilir cahan külüm qalıb.

Bölübdü tale qisməti, veribdi bəxti hər kəsə,
Yubanmışam pay almağa, inan ki, tək zülüm qalıb.

Solubdu bağçamın gülü, xəzan əsibdir ömrümə,
Özün mənə fəda edən xoş ünlü bülbülüm qalıb.

Tutub kədər toxum-dənin səpib sinəmin üstünə,
Biçilməyib zəmim hələ ki darda sünbülüm qalıb.

Nə ah-fəğan edirsən e, nə xoş güzar güdürsən e,
Yaş əllini ötür Sevinc, əcəl qovur, ölüm qalıb.

Bax.
Rəməl bəhri:
fə’ilAtün fə’ilAtün fə’ilAtün

Sən onun gönceyi əndamına bir bax,
Yaradan Ali’yi Memarına bir bax.

Yerişi bağça, bağa naz satır ey dil,
Aya nisbətdir, o gülzarına bir bax.

Gülüşü nist eləyir ruhu bədəndən,
Bu qızın naz dolu rəftarına bir bax.

Özü xoş, cümləsi xoş, kəlməsi baldır,
Könlünün şahı o dildarına bir bax.

Olmusan bir gözəlin, hüsnünə heyran,
Ay Sevinc, əhdinə, ilqarına bir bax.

Gecələr
Rəməl bəhri:
Fə’ilAtün fə’ilAtün fə’ilAtün fə’ilün

Şum edib könlümü mən dərdü-qəm əkdim gecələr,
Tərəzitək kədəri hər dəfə çəkdim gecələr.

Görməsin halımı mən kimsə deyə, ar elədim,
Ələdim gözlərimin yaşını tökdüm gecələr.

Gündüzü şux dolanıb halımı car eyləmədim,
Taqətim bitdi heyif, boynumu bükdüm gecələr.

Elə bir qüvvə nəsib eylədi yoxdan yaradan,
Gündüzü mərd(i) durub amma ki, çökdüm gecələr.

Yuxuya həsrətəm aylarla yata bilməyirəm.
Duyduğum hər səsə gəldin deyə, səkdim gecələr.

Sevinc Azadlı