.....

.....

Efirdə ciyildəyən xanımlar: TV-lərdə yetkin aparıcı qıtlığı

Efirdə ciyildəyən xanımlar: TV-lərdə yetkin aparıcı qıtlığı

Televiziya aparıcılarının yetkin şəxs olması informasiyaya inamı da artırır.

Yetkin aparıcı peşə və həyat təcrübəsini, peşəkar bacarıq və psixoloji sabitliyin kombinasiyasını qurur. Son illər Azərbaycanın əksər telekanallarında yetkin insanların istər xəbər, istərsə də tolk-şoulardan uzaqlaşdırılmasını düzgün hesab etməyək. Təzə trend belədir ki, aparıcılar mütləq gənclərdən ibarət olmalıdır. Bəli, gənc və xarizmatik aparıcılar mütləq olmalıdır, lakin bu, verilişlərə görə bölünməlidir. Elə sosial-ictimai məsələlər var ki, orada əhaliyə elə vacib informasiya çatdırılmalıdır ki, gənc aparıcının inandırıcılıq qabiliyyəti yetərli sayılmayacaq. Amma yetkin aparıcıların peşəkarlığı, inamlı diktəsi tam ünvanına çatacaq.

Yaxın ölkələrin təcrübəsində belədir ki, nəinki tolk-şou, uşaq, eləcə də hava proqnozunu da yaşlı aparıcılar yerinə yetirir. Bu, həmin şəxslərin vaxtilə qurumun sıfırdan qaldırılması, ya inkişafındakı zəhmətlərinə, səmərəli fəaliyyətlərinə verilən qiymətə görə deyil. Tamaşaçı yaşlı aparıcıların sözündəki inama köklənir. Əgər yaşlı aparıcı deyirsə ki, sabah hava yağışlı olacaq, çətir götürün, ya soyuqdursa, isti paltar geyinin, tamaşaçı şəxsi sağlamlıq baxımından məsələnin ciddiliyini tez tutur. Əgər bu sözləri nazlı qız deyirsə, çox da əhəmiyyət verilmir ki, çətir götürməsək də olar, isti geyinməsək də. Yeri gəlmişkən, son illər sanki möhür vurulub ki, hava haqqında məlumatları ciyildəyən, yaxud əcnəbi dilli və ya erməni budaq cümləsində danışan gənc xanımlar aparmalıdır. Təbii, istisnalar da var. Amma azdır. Əlbəttə, yaşlı insanın indikatorunu yandlrması təəssüratı tez formalaşdırır ki, deyəsən hava barədə məsələ ciddidir.

Yetkin insan dinlənilir. Düşünə bilərsiz ki, bu o cəmiyyətlərdə inamlı olar ki, yaşlı şəxslərə hörmət edilsin, lakin fərq etməz. Yetkin insanın sözünün kəsərliliyi, məsləhəti ilə bədən dilinin düz mütanasibliyi inamı artırır, hər sözə əməl etməyin lazımlılığı üzə çıxır. Yaşlı aparıcı, xüsusən də xəbər və analitik proqramlarda auditoriya tərəfindən daha səriştəli, təcrübəli və etibarlı məlumat mənbəyi kimi qəbul edilir. Veriliş aparıcılığında peşəkarlıq, təcrübə əsasdır və tamaşaçı qulağından əriştə asılmasını xoşlamır. Kamera qarşısında işləmək, söhbəti yönləndirmək, məlumatı emal etmək və sakitliyi qorumaq bacarığı yalnız illərin təcrübəli jurnalistinə məxsus ola bilər. Burda psixoloji sabitlik də əsas şərtdir. Televiziya ciddi iş yükü, qeyri-müntəzəm saatlar və həmişə yaxşı formada olmaq ehtiyacı ilə əlaqələndirilir ki, bu da yetkinlik tələb edir.

Və ən əsası, hər bir kanal öz brendini yetişdirməlidir. Brendin təcəssümü tamaşaçıların sayını artırır, həm də sadiq tamaçaçı ordusu formalaşır. (Sadiq tamaşaçı mövzusu dərindir, ona ayrıca toxunulmalıdır). Aparıcı bir kanalın simasıdır və geniş auditoriyanın gözləntilərinə cavab verməlidir. Gənclər əyləncə və ya gənclik şoularına aparıcılıq edə bilsələr də, ənənəvi formatlarda (xəbərlər, təhlillər, ekspert müsahibələri), hadisələrin əsaslı izahını nümayiş etdirə bilən yetkin mütəxəssislərə üstünlük verilməlidir.

Azər Qismət

Website |  + posts