VƏTƏN MƏNƏ OĞUL DESƏ
Buyruqlara sığışmayan inaddım,
Çox qanadlar yorub salan qanaddım.
Ulduzlara barmaq silkib, daş atdım;
Nizamlara baş əyməzdi nizamım.
Qayaları haçalardı qüdrətim,
Buludları parçalardı qüdrətim
Şimşəkləri qıçalardı qüdrətim,
Yorulanda nur mizrablı ozanım.
O selablar seləliyim yalanmış,
Ötən günlər çalağanmış, çalanmış.
Bircə kövrək xatirələr qalanmış,
Onu da ki, ha çevirim, ha sanım…
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim —
Xəzanımdır, xəzanımdır, xəzanım.
Dünənimi döşdən asan deyiləm,
Dünənimə qəbir qazan deyiləm.
Ürəyimsiz kəlmə yazan deyiləm,
Nə qədər ki, öz əlimdi yazanım.
SEVGİ NƏĞMƏSİ
Bir sevgi nəğməsi yaradım deyə,
Bu axşam bulanıb, duruluram mən.
Onu düşünərkən bilmirəm niyə
Başqa bir nəğməyə vuruluram mən.
Kiçik bir mahnını bəstələyincə
Xəyalın min eli dolansın gərək.
Sevən bir ürəyin səsini necə,
Necə dinləməsin sevən bir ürək…
Yenə dillənirsən qonşu otaqdan,
“Sus” demək gəlmir dilimdən, ay qız.
Dalmışam nəğmənə yenə bayaqdan,
Almısan nəğməmi əlimdən, ay qız.
Elə bil, deyir ki, qopan bir səda,
“Divar aramızda daşdan olsa da,
Gərək daş olmaya ürəklərimiz,
Bir varaq eləyək iki qəlbi biz”.
Susuram önündə o şeriyyətin,
Ürəyim dolsa da, ağ qalır kağız.
Qələmsiz, kağızsız ilk məhəbbətin
Yazır nəğməsini qəlbimə o qız.
Nə bilim
Səndən mənə bir ömürlük xatirə,
Məndən sənə nə qalacaq, nə bilim?
Çətin bir də: daş üstə daş bitirəm,
Niyə uçdu bu qalacıq, nə bilim…
Damağımda bal sevdanın turş adı…
Uşaq ağlım inadını qurşadı.
Nə hönkürdü bu naqafil gurşadı?
Kimə dedim, – dedi,- ancaq: “nə bilim!”
Günlər mənə gün yazmağı unutdu,
Gülüm, günüm güllərimi qurutdu.
Bu oyunda kim uduzdu, kim uddu,
Peşimanı kim olacaq, nə bilim?..
Mən Arazam, səsim tutqun Arazdı,
Ha çağırdım, ha yüyürdüm, ha yazdım.
İndi daha qaynar təbim ayazdı,
İsinərmi bir od-ocaq, nə bilim…
ÖTƏN GÜNLƏR
Gəl daha tənəli sözlərdən əl çək,
Olub-keçənləri gətirmə yada.
Bəzən yarıkönül gülümsəyərək,
Hər sözü-söhbəti üzə vurma da…
Bu sorğu-suallar nəyə gərəkdir,
Gərək unutmağı bacara insan.
Canın dağ da olsa, əriyəcəkdir
Hər günün dərdini ürəyə yığsan…
(Ey qadın ürəyi, ey sirli dilbər,
Bir xəzan görməsin gülün, gülşənin!
Deyirəm, inamsız olduğun qədər
İnamın olaydı dünyada sənin…)
Fikirli görürəm səni hər axşam,
Məni eşqimizə yadmı sayırsan?
Bəlkə gözəlləri unudub tamam,
Səni sevdiyimə inanmayırsan?
Doğrudan ömrümdə faciə vardı,
Uydum gözəlliyə, uydum əzəllər;
Məni də zəhmətdən, işdən ayırdı
Zəhmətsiz gözəllər, işsiz gözəllər…
Alıb “oynatdıqca” qəlbimi onlar
Xəyalım, ilhamım yerində saydı.
Şersiz, nəğməsiz ötən bu anlar
Bir şair ömrünə yazılmayaydı…
Sonralar yandırıb-yaxır insanı
Ötəri əyləncə, ötəri həvəs.
İnan ki, ehtiras aldatmayanı
İnci də, kövhər də aldada bilməz.
Hələ də göynəyir ağrının yeri,
Vaxtında onları oda yaxmadım.
O qansız, duyğusuz daş ürəkləri
Vaxtında qoparıb daşa çaxmadım.
Vaxt oldu qapıldım nifrət hissinə,
Od alıb, alışdı qəlbimin başı.
Mərhəmət gətirdi könlümə yenə
Yalan sevgi nazı, saxta göz yaşı.
Hərdən düşündükcə o günləri mən,
Ürək də sinəmdə tufan qoparır.
Sevgilim, “min ilin dərdini bəzən
Bir anın sevinci yuyub aparır”.
Silinsin qəlbindən qəmlər, düyünlər,
Yüz ilin, min ilin sorağı kimi.
Ömrün budağından qopdu o günlər
Saralmış bir payız yarpağı kimi.
Gəl daha tənəli sözlərdən əl çək,
Olub-keçənləri gətirmə yada.
Bəzən yarıkönül gülümsəyərək,
Hər sözü-söhbəti üzə vurma da…
Gəl yenə söhbət aç saf eşqimizdən,
Tək səni ömrümün günəşi saydım.
Bəlkə də seçməzdim yaxşını pisdən
Həyat yollarında yanılmasaydım…
UNUT MƏNİ
Dilim dinməz, kirpiklərim səs elər,
Necə xoşdu – ürəyimi kəs elə…
Qalan ömrə yarım ürək bəs elər,
Unut məni, aldat məni, at məni.
Enişi qar, yoxuşu qar bu yolun,
Yad nəfəsdən buz qayası su olu…
Yalan yolu beş addımlıq su yolu,
Aldat məni, unut məni, at məni.
Sən ömrünün atəşində yananda,
Kölgəndən də gərəksizdim yanında.
Qiymətli bir itik saxla yadında,
Unut məni, aldat məni, at məni.
Gözdən gözə körpü salmaq nər işdi,
Baxışların meylini tez dəyişdi.
Təzə addım özü təzə döyüşdü,
Aldat məni, unut məni, at məni.
Bu sevdadan nə yetirdik, nə üzdük?!
Dalğasında nə qərq olduq, nə üzdük.
Axır səni düzdə qoydu bu düzlük…
Unut məni, aldat məni, at məni.