„Göy üzü yerindən laxlamadı ki…”
„İbrahim İlyaslı kağız üzərində deyil, birbaşa könül yaddaşında yazılan poeziyanın müəllifidir.“
Bu gün çağda ədəbiyyatımızda – Azərbaycan poeziyasında özünəməxsus yeri, “vətən” və “eşq” mövzularına fərqli baxışı olan çox dəyərli bir imzanın – İbrahim Ilyaslının doğum günüdür.
Yaradıcılığı haqqında yazarkən bir neçə əsas məqamı vurğulamaq istəyirdim.
Əvvəlcə onu qeyd edim ki, İbrahim müəllimin yaradıcılığında „sözün və ozan ruhunun varisliyini“ daşıyan bir obraz həmişə var.
İ.İlyaslı yaradıcılığı kökü qədim olan, lakin müasir formaya bürünmüş bir poeziyadır. Şeirlərində Dədə Qorqud ruhu, təmiz bir Türk dili və el-oba bağlılığı hiss olunur. Yəni ki, sadəcə yazmayıb, sözü nəqş edən Şair!
“Göy üzü yerindən laxlamadı ki” fəlsəfəsi ilə şair dolayı yolla həqiqəti yazdığı misraların vasitəsilə bərpa etməyə çalışır:
Qoşulub getdinmi durna səsinə,
Bir kimsə yolundan saxlamadı ki?
Buludlar üz qoydu Yer kürəsinə,
Göy üzü yerindən laxlamadı ki?
İbrahim müəllim bu mənada poeziyada saxtalığı sevməyən, “sözü bütöv” şairlərdəndir.
Səmimiyyətini, mətn dilinin saflığını, təvazökarlığını təhlil edəndə, istənilən oxucu onun şeirini oxuyan zaman müəllifin maska taxmadığını hiss edər.
Dialektlərdən və xalq dilindən gələn şirinliyi ədəbi dilə çox ustalıqla köçürən şair şəxsiyyəti ilə yaradıcılığı arasında böyük bir harmonya yaradıb. Bu məziyyət də xüsusi bir detaldır, hər müəllifə xas deyil.
İbrahim İlyaslı çağdaş poeziyamızın həm vicdanı, həm də kövrək səsidir. O, Qazax ədəbi mühitinin yetirməsi olsa da, bütün Azərbaycanın ruhunu öz misralarında daşıyır. Onun yaradıcılığı keçmişlə gələcək arasında bir könül körpüsüdür.
Yaradıcılığında olan kədər motivləri də ümidsizlik deyil, mənəvi təmizlənmə və hikmət yoludur.
Qısa olaraq, bunu da qətiyyətlə deyə bilərəm ki, İbrahim İlyaslı kağız üzərində deyil, birbaşa könül yaddaşında yazılan poeziyanın müəllifidir.
Bu gün – sözü özünə sipər edən, misraları ilə könüllərdə vətən quran bu qələm sahibinin günüdür.
Doğum gününüz mübarək, Sözün Adamı!
Çox yaşayın, ruhu ozan nəfəsli, qələmi haqqa və səmimiyyətə bağlı olan ustad Şair!
Hörmətlə: Gülər Natiq İsaq