Qadın – Səssizliyin səsi
Qadın doğulmazdan əvvəl susdurulur. Onun adı, rolu, yeri cəmiyyətin qəliblərində əvvəlcədən yazılır. O, dünyaya gələndə artıq “qız”dır – yəni gözlənilən, idarə olunan, qorunan, amma heç vaxt tam azad olmayan. Qadın cəmiyyətin səssizliyə bürünmüş aynasıdır: hər kəs ona baxır, amma heç kim onun içini görmür.
O danışanda “çox danışır”, susanda “bir problemi var”. O güldükdə “yüngüldür”, ağladıqda “həssasdır”. Qadın hər zaman bir etiketin içindədir – ya “mükəmməl ana”, ya “ideal həyat yoldaşı”, ya da “fədakar bacı”… Amma heç kim soruşmur: qadın özü kimdir?
Qadın varlığın paradoksudur. O həm həyat verir, həm də həyatın yükünü daşıyır. O həm görünür, həm də gizlədilir. Cəmiyyət qadını “müqəddəs” adlandırır, amma onun səsini eşitməkdən qorxur. Qadın öz varlığını ifadə etmək istədikcə, cəmiyyət onu daha da susdurur – çünki qadının səsi dəyişiklik gətirir, narahatlıq yaradır, status-kvonu pozur.
Qadın danışanda tarix silkələnir. Ona görə də onu susdururlar.
Qadın bir küləkdir – görünməz, amma hər şeyi dəyişən. O, bir damladır – kiçik görünür, amma dama-dama daşları dəlir. Onun göz yaşları torpağı yumşaldır, onun gülüşü göyü işıqlandırır. Qadın bir səssizlikdir – içində minlərlə səs gizlənib.
Qadınlar səssiz doğular, amma onların içində qışqıran bir dünya var.
Qadınlar hələ də təhsildən, iqtisadi müstəqillikdən, siyasi qərarvermədən uzaq tutulur. Onların bacarıqları kölgədə qalır, onların arzuları “ailə” adı altında boğulur. Qadınlar cəmiyyətin görünməyən işçiləridir – həm evdə, həm işdə, həm də ruhən. Onlar həm özlərini, həm də başqalarını daşıyırlar.
Qadınlar cəmiyyətin bel sütunudur – amma heç kim onların belinin ağrısını soruşmur.
Qadınlar danışanda cəmiyyət susur – çünki həqiqət səslənir.
Qadınlar görünəndə güzgülər çatlayır – çünki yalanlar üzə çıxır.
Qadınlar azad olanda tarix yenidən yazılır.
Hələ qadının sevgi haqqının əlindən alinmasını demirəm…
Qadın və Sevgi – Səssiz Azadlıq … bəli, səssiz azadlığın lal hayqırışları.
Qadın şair sevgidən yazanda, cəmiyyət onun qələmini yox, niyyətini sorğulayır. Sanki qadının hiss etməyə, sevməyə, yazmağa haqqı yoxdur – ya da varsa, bu haqqı gizlətməlidir. Qadın şair sevgi şeiri yazanda, onun şeiri “təhlükəli” olur. Çünki sevgi qadının azadlığını göstərir. Azad qadın isə cəmiyyətin qorxusudur.
Qadın sevgidən yazanda, cəmiyyət onu susdurmaq üçün əxlaqla silahlanır.
Qadının azadlığı onun hisslərində gizlidir. Sevgi – qadının özünü ifadə etmə formasıdır. Amma bu ifadə cəmiyyətin gözündə “çərçivədən çıxmaq” sayılır. Qadın sevgidən yazanda, o artıq “itaətkar” deyil, “azad” olur. Və cəmiyyət azad qadını tanımır – onu ya susdurur, ya da damğalayır.
Qadın sevgidən yazanda, o artıq obyekt deyil, subyektdir. Bu, cəmiyyətin kodlarını pozur.
Qadın sevgidən yazanda, onun qələmi titrəyir, çünki hər misra bir riskdir. O, öz ürəyini kağıza tökür, amma bu kağızı paylaşmaqdan qorxur. Sevgi onun içində bir çiçək kimi açır, amma cəmiyyət bu çiçəyi dərmək istəyir, ya da onu solmuş kimi göstərir.
Qadın sevgi yazanda, kağız da utanır, çünki bu sevgi gizlədilməli deyil, amma gizlədilir.
Qadınların sevgi yazısı cəmiyyət tərəfindən ya romantikləşdirilir, ya da əxlaqsızlıqla etiketlənir. Onların hissləri ya “gözəl” olmalıdır, ya da “susdurulmuş”. Qadın şair sevgidən yazanda, onun yazısı “şəxsi” sayılır, “ictimai” deyil. Amma kişi sevgisindən yazanda, o “universal” olur. Bu ikili standart qadının azadlığını həbs edir.
Qadın sevgidən yazanda, onun şeiri pıçıltı olur. Kişi sevgi şeiri yazanda, onun şeiri himnə çevrilir.
Qadın sevgidən yazanda, cəmiyyət onun ürəyini yox, əxlaqını mühakimə edir.
Qadının azadlığı onun şeirində gizlənir, amma bu şeir paylaşılmır, sosiallaşmır.
Sevgi qadının içində bir səsdir amma bu səs səssizləşdirilib.
Qadın şair sevgi şeiri yazanda, o özünü azad edir, amma bu azadlıq cəmiyyətin gözündə həbs olunur.
Qadın şairin şeiri pıçıltıdır – çünki cəmiyyət onun qışqırmasına hazır deyil.
Qadın olmaq, qadın doğulmaq qədər asan deyil bu cəmiyyətdə. Hər gün, hər an təcavüz qorxusu daşıyır qadın. Bu təcavüz də çoxşaxəlidir. Gözlə, sözlə, izlə, və sairə… qadın ömrü boyu bədənsəl və ruhsal təcavüzün stressində məhkum olur. Bir qadın əks cinslə oturub bir stəkan çay içə bilmir, bir iş yoldaşı, bir yaxın dostu, bir qardaşı kimi də olsa. Çünki bu qadındır, olmaz! Bu təfəkkür, bu xəstə beyinlə heç vaxt gələcəyimiz parlaq ola bilməz. Bütün pis əməllər də elə bizim təməldən yanlış olan bu qadın kişi yanaşmasından yaranır. Şüuraltı olaraq hər iki cinsdə bir-birinə qarşı ikrah hissini oyadan fikirlər, yazılmayan qanunlar ötürülür genimizə.
PS. Adını mentalitet qoyub həyatımızı, ömrümüzü istismar edənlərə səslənirəm. Vicdan ən böyük əxlaqdır. Onu qoruyun. Qadın özü-özünü qorumasa, bir ordu gəlsə yenə qoruya bilməz!
Arzu Əyyarqızı