.....

.....

GƏNCƏDƏ BİR ƏDƏBİ BİRLİK VARDI – “GƏNCLİYİN SƏSİ” – Yeganə Əhmədova

GƏNCƏDƏ BİR ƏDƏBİ BİRLİK VARDI – “GƏNCLİYİN SƏSİ” – Yeganə Əhmədova

GƏNCƏDƏ BİR ƏDƏBİ BİRLİK VARDI – “GƏNCLİYİN SƏSİ”

“Gəncliyin səsi” ədəbi birliyi 2001-ci ilin soyuq dekabr ayında yaranmışdı. Amma o illərin bir çox tələbə gənclərinin həyatına yaz günəşi kimi hərarət yaymışdı. Bu birliyin yaranması Gəncə Dövlət Universitetinin bir qrup tələbəsinin təşəbbüsü idi. “Yüksəliş” qəzetinin müxbiri Firəngiz İdrisqızı isə bu təşəbbüsün həyata keçirilməsində mühüm rol oynamışdı. Firəngiz xanım yarandığı ilk gündən ədəbi birliyin rəhbəri olmuş və bütün yığıncaqları özü idarə etmişdi.
İlk günlər üzvlərinin sayı cəmi 5-6 nəfərdən ibarət olan dərnək tez bir zamanda genişlənməyə və onlarla tələbəni əhatə etməyə müvəffəq olmuşdu. Bəxtiyar, Sevinc, Vüsal, Elməddin və Elşən dərnəyin ilk qaranquşları idi. Bir az keçmiş Mirmehdi, Azər və Lamiyyə də onlara qoşuldu. Mən dərnəyin varlığından bir neçə ay sonra, yəni 2002-ci ilin aprelində xəbər tutdum. Məndən sonra isə Xəyalə gəldi. Daha sonra Arif, Bahadur, Raqif, sonralar isə Şahsuvar, Şəhay, Anar, Gülnarə, Cəlil, Mehriban və daha kimlər… kimlər…
“Gəncliyin səsi”nin üzvləri müxtəlif fakültələrin-filologiyanın, tarixin, xarici dillərin, kimya-biologiyanın, mühəndis-pedoqojinin və digər ixtisasların tələbələri idi. Onların içərisində filologiya fakültəsinin tələbələri üstünlük təşkil edirdi.
Gənclər həftənin müəyyən günləri universitetin oxu zalına, yaxud da dərs otaqlarından birinə toplaşar və yeni yazdıqları şeirləri oxuyardılar. Həmin şeirlər haqqında tənqidi fikirlər söylənilər, yaxud da yüksək rəylər verilərdi. Belə anlarda şeirlərin oyatdığı duyğular, həyəcanlar və heyranlıqlar bir-birinə qarışar, yaxud müzakirələr və mübahisələr ən yüksək həddə çatardı.
“Gəncliyin səsi”nin yaranması ideyası, əlbəttə, birdən-birə meydana çıxmamışdı. Bu birlik çox illər öncə “Yüksəliş” qəzetinin redaktoru və böyük yazıçımız Qərib Mehdinin rəhbəri olduğu “İlham” ədəbi birliyinin mənəvi varisi idi. Elə Firəngiz İdrisqızı da “İlham” ədəbi birliyinin üzvlərindən olmuşdu. Bəlkə də vaxtilə aid olduğu “İlham” ədəbi birliyinin xatirələrində buraxdığı silinməz izlər idi ki, Firəngiz xanımı “Gəncliyin səsi”ni yaratmağa sövq etmişdi.
Biz Qərib Mehdi adlı qüdrətli söz ustadını ilk dəfə universitetdə oxuduğumuz illərdə tanıdıq. Başqa sözlə deyilsə, o, bizim canlı olaraq gördüyümüz və sevdiyimiz ilk böyük qələm sahibi idi. Biz onun təkcə sənətkarlığına deyil, böyük qəlbə malik bütün insanlar kimi şəxsiyyətində cəmləşdirdiyi sadəliyinə, səmimiyyətinə və nurani simasına vurğun idik.
Qərib Mehdi hərdən “Gəncliyin səsi”nin yığıncaqlarına da gəlirdi. Onun gəlişi ilə dərnəkdə xüsusi bir canlanma yaranırdı. Gənc şairlərdən kimisi böyük sənətkarın diqqətini cəlb etmək üçün ən yaxşı hesab elədiyi şeirini oxuyar, kimisi təvazökar görünmək üçün öz şeiri haqqında tənqidi fikir söyləyər, kimisi də daha artıq bir çılğınlıqla ədəbi mübahisəyə girişərdi. Hər kəsi diqqətlə və səbrlə dinləyən Qərib Mehdi oxunan hər bir yazı haqqında fikir söyləyər, səslənən hər bir fikrə münasibət bildirərdi. Bəzən isə bizə qoşulub öz şeirlərini də oxuyardı. Onun tövsiyələri və iradları bizim üçün ədəbi qanun idi.
Qərib Mehdi “Yüksəliş” qəzetinin demək olar ki, hər nömrəsində “Gəncliyin səsi”nin üzvlərinə geniş yer ayırırdı. Bizim şeirlərimiz, məqalələrimiz və müsahibələrimiz sözü gedən qəzetdə ardıcıl olaraq işıqlanır və universitet ictimaiyyətinə təqdim edilirdi. Biz ilk dəfə bu qəzet vasitəsilə tanındıq və oxunduq.
“Gəncliyin səsi”nin üzvlərini Qərib Mehdi kimi böyük bir şəxsiyyətə istinad verən və “Yüksəliş”də müntəzəm olaraq çap edilməyimizə təşəbbüs göstərən isə, sözsüz ki, dərnəyimizin ilk və yeganə rəhbəri Firəngiz İdrisqızı idi.

Firəngiz xanımın sakit və mehriban simasının arxasında necə böyük və alovlu bir ürəyin olduğunu da dərnəkdə müşahidə etmişdim. O, bizim, sadəcə olaraq, dərnək rəhbərimiz deyil, ən ağıllı və təmkinli dostumuz idi. Çox qəribədir ki, mən hər dəfə Firəngiz xanım haqqında düşünəndə onu rəhbərimiz kimi deyil, bizlərdən biri kimi görürəm. O, bizimlə özü arasında heç bir zaman dərnək rəhbəri olaraq sərhəd saxlamamışdır. Bizi özünə və qəlbinə çox yaxın buraxmış, bəzən isə lap ərköyünləşdirmişdi.
Firəngiz xanımın ədəbi birliyin hər bir üzvünə diqqətini və qayğısını düşünəndə hələ də təsirlənməkdən özümü saxlaya bilmirəm. Universitetin bəzi müəllimləri ilə Vüsal arasında yaşanan münaqişələrlə bağlı onun necə narahatlıq keçirdiyini, Cəlilin səhhətində yaranan problemləri eşidib necə ağladığını, Anarın daşa dəyən məhəbbətinə görə necə qüssələndiyini gözlərimlə görmüşəm.
Bir çox bölgələrdən gələn, müxtəlif fakültələrdə təhsil alan, bəzən isə fikir və düşüncələrilə bir-birinə müxalif olan dəli-dolu gəncləri uzun illər bir araya gətirib, bir dərnək daxilində birləşdirmək məhz Firəngiz xanımın səbrinin, inamının və gəncliyə məhəbbətinin göstəricisi idi. Bizi onun ətrafında cəmləşdirən digər mühüm məqam isə Firəngiz xanımın poetik duyuma malik olan bir şeir həvəskarı olması idi. Hətta Vüsal ona “Şeir yazmayan şairə” adlı bir şeir də həsr etmişdir:

Şair varmı bircə şeir yazmayan?
Firəngiz müəllimə!
Dumanda da haqq yolunu azmayan,
Firəngiz müəllimə!

Böyük yolu, uşaq yolu göstərən,
İşıqsıza işıq yolu göstərən,
İnsanlara açıq yolu göstərən
Firəngiz müəllimə!

Görmədim dünyada heç sevilməyən,
Sözsüz qalır sözdən ötrü ölməyən.
Hələ qiymətini ala bilməyən
Firəngiz müəllimə!

“Gəncliyin səsi” ədəbi birliyinin üzvlərinə gəlincə isə, onlar sadəcə, yaradıcı gənclər – istedadlı şairlər olmaları ilə digər tələbələrdən fərqlənmirdi. Onlar həm də məntiqi təfəkkürə və həssas qəlbə malik olan yaşından böyük gənclər idi. Bəşəri və yüksək hisslərə rəğbət, haqsızlığa və ədalətsizliyə nifrət, dərin heysiyyət və duyğusallıq kimi ali keyfiyyətlər isə onları birləşdirirdi.
Bəxtiyar mətin iradəsi, iti zəkası və ağıllı mühakimə qabiliyyəti ilə seçilirdi. İctimai-siyasi və satirik mövzulara daha çox meyl edirdi. Lirik şeirlərində belə, bir əzəmət və dərinlik özünü göstərirdi. Dərnəkdə hər kəs Bəxtiyara xüsusi sayğı göstərir və daha çox onun fikrini eşitmək istəyirdi.
Sevinc dərnəyimizin ən çox sevilən və yadda qalan üzvlərindən idi. O, həm ictimai-siyasi, həm fəlsəfi, həm də lirik mövzuda şeirlər yazmağa eyni dərəcədə müvəffəq olurdu. Türkçülük motivli şeirləri isə xüsusi təqdirə layiq idi.
Vüsalı əksəriyyətimiz qeydsiz-şərtsiz dahi hesab edirdik. Onun fasiləsiz mütaliələri, araşdırmaları və müqayisələri tələbə marağından daha çox alim narahatlığına bənzəyirdi. Şeirləri isə çağlayan bir bulağın suyu qədər şəffaf və həzin idi. Vüsal son illər ədəbiyyatımızın ən mükəmməl poetik nümunələrini yaradıb, desəm, yəqin ki, yanılmaram.
Xəyalə “Gəncliyin səsi”nin zəriflik və gözəllik mücəssəməsi idi. Şeirləri də özünə bənzəyirdi – əsrarəngiz, duyğusal və sevgi dolu. Onun yaradıcılığı məsum bir aşiqin yaşanmış ən saf duyğuları idi.
Ariflə Elməddinin şeirləri yazılı ədəbiyyatdan daha çox xalq ədəbiyyatı yaradıcılığı ilə yaxından səsləşirdi. Bu da onların özəllikləri idi.
Bahadurla Anarın lirikanın gözəl nümunələrini yaratmaq qabiliyyətlərindən əlavə bədahətən şeir söyləmək – deyişmək istedadları da vardı. Bu isə dərnəyə xüsusi bir gözəllik və zövq aşılayırdı.
Cəlil şeir və hekayə yazmaqla yanaşı daha çox publisistik yazıları və bir də dərnək üzvlərinin şeirlərini tərcümə edib xarici mətbuata çıxartmaq səyləri ilə yadda qaldı.
Mehribanla Şəhayın şeirləri lirik hisslərin carçısı idi.
Şahsuvar isə şeirlərində uzaq düşdüyü Xocalının həsrətini yaşadırdı.
Mahirin şeirlərini oxuyanda isə düşünmək olurdu ki, o, yalnız Vətən haqqında yazmağı qarşısına məqsəd qoyub.
Dərnəyin yaradıcı üzvlərindən başqa dinləyiciləri də vardı. Onlar dərnəyə böyük rəğbət bəsləyir və onun yığıncaqlarında daim iştirak edirdilər. Bu dinləyicilər içərisində Alıyeva Təhminə xüsusi fəallığı ilə seçilirdi.
“Gəncliyin səsi” ədəbi birliyi fəaliyyəti dövründə dörd almanax dərc etdirdi. Bundan başqa dərnək üzvlərinin əsərləri respublikanın bir çox mətbuu orqanlarında çap olunmuşdu. Əksəriyyətinin sonralar xüsusi kitabı da nəşr edildi. Daha sonra isə özləri qəzet və jurnallarla əməkdaşlıq etməyə başladı. Bir sözlə, “Gəncliyin səsi” ədəbi birliyi şərəfli bir inkişaf yolu keçdi.

Əslində yazımı bununla da yekunlaşdırmaq istəyirdim. Lakin “ Gəncliyin səsi” ədəbi birliyi ilə bağlı o qədər unudulmaz və qəlblərə yazılası xatirələr var ki, elə yazdıqca yazmaq və yazmaq istəyirəm… İndi yadıma düşür ki, bəzən toplaşmaq və şeirləşmək üçün universitetin otaqları bizi qane etməzdi. Belə günlərdə toplantı məkanımız “Xan bağı” idi. Universitetdən çıxıb Gəncənin küçələrinə səpələnərək səs-küylə “Xan bağı”na üz tutardıq. Parkın içində sıra ilə düzülmüş skamyalarda qərarlaşıb həyatımızın şeir dolu xoşbəxt anlarını yaşayardıq. Soyuq qış aylarında isə daha çox “Yüksəliş” qəzetinin kiçik və isti otağında yığışmağa üstünlük verərdik. Ümumiyyətlə dərnəyin fəaliyyəti dövründə “Yüksəliş” qəzetinin Qərib müəllimin və Firəngiz xanımın varlığı ilə böyüyən balaca redaksiyası bizim kiçik vətənimiz idi – mayası şeiriyyətdən yoğrulan vətənimiz…
Bir də birbaşa “Gəncliyin səsi” ilə bağlı olan bir xatirəni də qeyd etmək istəyirəm. 2005-2006-cı illərdə dərnəyimizdə bir balaca fəaliyyətsizlik yaranmışdı. Dərnəyin ən fəal üzvlərindən olan Sevinc universiteti bitirib rayonlarında müəllimlik etməyə getmiş, Bəxtiyar Bakıda işlədiyi üçün Gəncəyə gec-gec gəlməyə başlamış, hər birimizin sevimlisi Vüsal Hicran isə hərbi xidmətə yollanmışdı. Lamiyyə, Mirmehdi, Elməddin və digər bir neçə nəfər artıq xeyli vaxt idi ki, dərnəkdən uzaqlaşmışdı. Həmin günlərdə Firəngiz müəllimənin xüsusi səyi ilə “Gəncliyin səsi ” almanaxının dördüncü nömrəsi çapa hazırlanırdı. Nəhayət 200 səhifədən ibarət almanax işıq üzü gördü. (Amma həmin vaxt düşünməzdim ki, bu həm də bizim sonuncu almanaxımız olacaq..! Təəssüf….çox təəssüf…)
Kitabın bir nüsxəsini Anarla Arif hərbi hissəyə -Vüsala apardılar. Ondan bir qədər sonra Vüsalın Firəngiz müəllimənin adına yazılmış məktubu gəldi. Aydın oldu ki, Vüsal almanaxı əsgər yoldaşlarına da göstərmiş, onlar tərəfindən bəyənilən almanax əl-əl gəzmişdi. Vüsal məktubda əsgərlərin almanaxla və dərnək üzvləri ilə bağlı təəssüratlarını da yazıb göndərmişdi…
Sonralar isə universitet təmirə dayandı. Ali məktəbin heyətini müvəqqəti olaraq başqa universitetlərə köçürdülər. Dərnəyi davam etdirmək üçün hər dəfə münasib yer tapmaqda çətinlik çəkirdik. Dərnəyin sıraları da tədricən seyrəlməyə başlayırdı. Universiteti bitirənlər təkrar öz kəndlərinə, şəhərlərinə üz tuturdu… Nəhayət, neçə illər öncə poeziya həvəskarlarının ruhunda çağlayan duyğuların zərurətindən yaranan “Gəncliyin səsi”, neçə illər sonra yeni həyata doğru can atan həmin gənclərin özləri tərəfindən də tərk edildi. Əslində, bunun özü də təbii idi. Həyatda heç bir şey əbədi deyil – elə “Gəncliyin səsi”də.
Amma buna baxmayaraq, düşünürəm ki, nə yaxşı ki, “Gəncliyin səsi” ədəbi birliyi var idi. İstər Qərib Mehdi, istər Firəngiz İdrisqızı, istərsə də dərnəyimizin hər bir üzvü tələbəlik illərimin ən böyük dəyərləri kimi hər zaman xatirələrimdə yaşayacaqlar!