Adamın saçını ən çox sığal çəkənlər ağardır, deyən Günel Balakişinin “Bizim üçün darıxmışam” adlı ilk kitabı 2024-cü ilin avqust ayında nəşr olundu. Kitabda Günel Balakişinin hekayə, şeirlər və esseləri oxuculara təqdim olunmuşdur.
Kitabın ön söz müəllifi, Prezident təqaüdçüsü,Türk Edebiyyatı Vakfının Fəxri üzvü, RF Çuvaşıstan Yazıçılar İttifaqının üzvü, AYB “Poeziya Seksiyası”nın rəhbəri, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru, İbrahim İlyaslıdır:
Hərdən yarı zarafat, yarı ciddi deyirəm ki, uzun illərin təcrübəsi mənə şairi yerişindən, tərpənişindən, baxışlarından tanımağı öyrətdi. Bu mənada, doğrudan da istedadlı adamların bir ayrı aurası, fərqli bir cazibəsi var. Bəsarət gözü açıq olanlar bunu həmən sezərlər, deyə düşünürəm. Günel xanım onunla tanışlığımız haqda bu kitaba daxil etdiyi bir essedə aşırı dərəcədə qədirşünaslıqla bəhs etdiyindən o mövzuya toxunmaq istəmirəm. O, Əli Kərim adına Sumqayıt Poeziya Evində bir təsadüf (bəlkə də zərurət) nəticəsində baş tutan bu görüşü elə təsvir edib ki, oxuyunca duyğulanmamaq olmur. Özündənrazılığın, eqoistliyin dəb halını aldığı, mental dəyərlərimizin aşağılandığı, klassik ədəbi gələnəklərimizin arxa plana atıldığı bir zamanda bu cür gənclərlə rastlaşmaq qürur hissi yaşadıradamda.
Maraqlıdır ki, xarakteri etibarilə, daxili aləmi və zahiri görkəmi ilə klassik Azərbaycan xanımı olan Günelin şeirləri üslub, eləcə də qavram tərzi ilə modernist, zamanla ayaqlaşan, yenilikçi bir şairin şeirlərini xatırladır. Təfəkküründə, düşüncəsində inqilab etmək əvəzinə, yalnız qiyafəsini, əlbisəsini avropalaşdıran gənclərimizi görüncə hər bir Türk aydınının, Azərbaycan ziyalısının ürəyində təəssüf hissi baş qaldırır. Bu mənzərənin çağdaş ədəbiyyatımız üçün də keçərli olduğunu nəzərə alsaq, hər şey aydın olar. Nə modernizm, nə postmodernizm, nə də digər izmlər təkcə mətn şəkillənməsindən ibarət deyil axı. Zira, bunun bir içəriliyi olmalıdır. Başqa sözlə, fərqlilik hələ yeni bir ədəbi cərəyana mənsub olmaq demək deyil. Dünya ədəbiyyatı tarixində öz təsdiqini tapmış ədəbi cərəyan və izmlərin də öz tələbləri var. Cəmiyyətdə hürriyət özbaşınalıq kimi dəyərləndirilmədiyi kimi, ədəbiyyatın da riyazi dəqiqliklə ölçülən kriteriləri – meyarları var. Nə isə… Mən çağdaş poeziyamızda fərqliliyi məhz Günelin şeirərində olduğu kimi görmək istəyirəm – modern olduğu qıdər milli, milli olduğu qədər ulusal!
Mənə elə gəlir ki, Günel şeirlərini qələmə alıb, kağıza köçürüncə ürəyində səsləndirir. Duyğularını hansısa formaya tabe edib cilovlamasa da, onun şeirlərinin ayrıca bir intonasiyası var. Bu intonasiya onun özəl duyğularının intonasiyasıdır. Kədərininbir ayrı, sevincinin bir ayrı, onun qəlbində bunların çulğaşmasının da bir ayrı intonasiyası var. Ana dilimizin imkanlarından yetərincə barınmaq yetənəyi var bu gənc şairimizin. Onun misralarındakı duyğu və düşüncələrin amplitudu bəzən cəsarətin qırmızı xəttinə qədər qalxır, bəzən isə okeanın Marian çökəkliyinə qədər dərinliklərə enir və bu harmoniya sonsuza qədər onu izləyir. Oxucu bir də ayılır ki, bu poetik dalğaların ağuşundadır. Poeziya həm də heyrət məqamı olduğundan, gərək oxucunu heyrətləndirə bilsin. Qısa və kəsə onu deyim ki, Günelin şeirlərinin bəziləri məni öz poetik yükü ilə, təcrübəli bir oxucu olaraq heyrətləndirə bildi. Bu onunistedadının göstəricidir.
Qənaətlərimin təsdiqi üçün Günelin, haqqında ağız və ürək dolusu bəhsetdiyim bu kitabından yetərincə sitatlar gətirə bilərdim. Məsələn; “Ən çoxum” adlı şeiri bütövcə köçürə bilərdim bura. Tam səmimiyyətimlə deyirəm: seçimedə bilmirəm. Kitabda gedən istənilən şeir buna haqq verir. Həm də, mənimfikrimcə şeir haqqında danışılmaq üçün yox, oxunmaq və duyulmaq üçündür. Ədəbi tənqid deyilən bir sənət varsa, bu şeirləri incələməyi buraxaqpeşəkarların vicdanına və ixtiyarına… Əslində, Günelin şeirlərinin heç birtəqdimata, dəstəyə ehtiyacı olmadığı kimi, bu kitabda bir ”ön söz”ə də ehtiyacıyoxdur. Ancaq yola çıxan hər kəsin bir uğurlamaya ehtiyacı var, əlbəttə. Ədəbiyyat insan ömrü üçün həm də bir YOLdur. Milli ədəbiyyatımızdan sözaçarkən dilimin əzbəri olan bir ifadəm var: Biz yolsuzlar deyilik. Günel xanımbizim yolun yoçusudur – kutlu yolun yolçusudur. Ruh, təfəkkür, düşüncə, duyğu, dil baxımından minilliklərlə tarixi olan qədim-qayım türk poeziyasındanqaynaqlanır onun yazdıqları.
Mən inanıram ki, davamlı şəkildə yaradıcılıqla məşğul olsa, Günel Balakişiçağdaş poeziyamızın ən ünlü isimlərindən biri olacaq. Buna mənim qətiyyənşübhəm yoxdur. Sizin də şübhəniz olmasın.
İbrahim İlyaslı,
tanınmış şair, Prezident təqaüdçüsü,
AYB-nin, Türk Edebiyyatı Vakfının Fəxri üzvü,
RF Çuvaşıstan Yazıçılar İttifaqının üzvü,
AYB “Poeziya Seksiyası”nın rəhbəri,
Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru