.....

.....

“Müharibə, sürgün və faciəli son: Stefan Sveyqin həyatına səyahət”  – Nərmin Hüseynova

“Müharibə, sürgün və faciəli son: Stefan Sveyqin həyatına səyahət” – Nərmin Hüseynova

Müharibə, sürgün və faciəli son: Stefan Sveyqin həyatına səyahət

Stefan Sveyq 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Avropa intellektual dünyasının aparıcı simalarından biri olmuşdur. Həm ədəbiyyat adamı, həm də bir ziyalı kimi dünyaya böyük töhfələr vermiş Sveyq, xüsusilə psixoloji cəhətdən zəngin dərin hekayələri, bioqrafiyaları və romanları ilə hər kəsin sevdiyi bir ismə çevrilmişdir.Lakin onun həyatı da bir çox məşhurda olduğu kimi İkinci Dünya Müharibəsinin kölgəsində keçən ağır illərlə formalaşmış və faciəvi şəkildə başa çatmışdır.

Stefan Sveyqin həyatı

Stefan Sveyq 28 noyabr 1881-ci ildə Avstriyanın paytaxtı Vyanada, varlı yəhudi ailəsində anadan olmuşdur. Atası tekstil sənayeçisi, babası isə bankir idi. Bu zəngin və mədəni mühit Sveyqin incəsənət və ədəbiyyatın əhatəsində böyüməsinə imkan yaratmışdır. O, təhsilinə Vyanada başlamış, daha sonra Berlinə gedərək fəlsəfə, ədəbiyyat və psixologiya üzrə təhsil almışdır. 1904-cü ildə Vyana Universitetində fəlsəfə doktoru dərəcəsinə yüksəlmişdir.

Sveyq hələ yeniyetməlik illərində ədəbiyyatla maraqlanmağa başlamışdı. İlk şeir kitabı Silberne Saiten (Gümüş simlər) 1901-ci ildə nəşr olunmuşdu. Bu əsər onun ədəbi yaradıcılığının başlanğıcını qoymasına baxmayaraq, Sveyqi məşhur edən onun şeirləri deyil, psixoloji təhlilləri ehtiva edən qısa hekayələri və məşhurların bioqrafiyaları olmuşdur. Eyni zamanda, 20-ci əsrin əvvəllərində dövrün mühüm ədəbiyyat və sənət adamları ilə qurduğu sıx əlaqələr onun ziyalılar aləmindəki yerini daha da möhkəmləndirmişdi. Xüsusilə, Romain Rolland, Siqmund Freyd və Riçard Ştraus kimi şəxsiyyətlərlə dostluğu onun intellektual səviyyəsinin daha dagenişlənməsinə, inkişaf etməsinə şərait yaratmışdır.

Ədəbi əsərləri

Sveyqin əsərlərində insan psixologiyasının və insan münasibətlərinin mürəkkəbliyinin dərin təhlillərinə tez-tez rast gəlinir. O, əsərlərində insanların daxili konfliktlərini, ehtiraslarını, cəmiyyətlə qarşıdurmalarını incəliklə işləmişdi.

Şahmat (Schachnovelle, 1942):

Sveyqin ən məşhur əsəri olan “Şahmat” insan ağlının sərhədlərini zorlayan mükəmməl bir psixoloji dramdır. Faşistlərdən qaçarkən yazdığı bu əsər vasitəsilə insan psixologiyasının dərinliklərini qüsursuz bir şəkildə bizə çatdırır. Baş qəhrəmanın nasistlər tərəfindən psixi repressiyaya məruz qalması və şahmat ustası ilə mübarizəsi həm Sveyqin müharibə əleyhinə olan baxışlarını, həm də insan şüurunun möhkəmliyini nümayiş etdirir.

Əsərdə baş qəhrəman Dr. B. nasist rejimi tərəfindən həbs edilmiş və psixoloji işgəncəyə məruz qalmış bir qəhrəmandır. Bu tədric zamanı əlinə bir şahmat kitabı keçir və bu kitab ilə şahmat oynamağı öyrənir. Bu kitab onun əqli tarazlığını qorumağa kömək edir. Bu hekayədə Sveyq təzyiq altında olan insan psixologiyasından və çətin şəraitdə belə insan şüurunun sağ qalma gücündən bəhs edir. Şahmat oyunu qəhrəmanın öz daxili mübarizəsinin simvoluna çevrilir. Şahmat taxtasında onun rəqibi özü olur və öz ağlı ilə mübarizə aparmağa çalışır.

Dr. B. şahmat oynayaraq bir qədər azadlığa qovuşsa da, ruhi çöküşə doğru sürüklənir. Daha sonda bu proses ona həm zehni, həm də emosional baxımdan ağır zərbə vurur. Bu nöqtədə, Sveyqin, insanların həddindən artıq təzyiq altında necə çökə biləcəyini və zehnin sərhədlərinin nə qədər mükəmməl olduğunu ustalıqlaoxuculara çatdırır.

Əsəri dövrün siyasi ab – havasının sərt tənqidi kimi də oxumaq olar. Sveyq, nasist rejiminin zülm siyasətinin insanlar üzərindəki dağıdıcı təsirlərini simvolik olaraq şahmat vasitəsilə izah etmişdir. Dr. B.-nin təcrid olunması rejimin insanları necə təcrid etməyə və ruhi cəhətdən parçalamağa çalışdığını göstərir.

Şahmat oyunu təkcə ağıl idmanı deyil, həm də hakimiyyət uğrunda mübarizənin simvoludur. Sveyq bu oyunu insanların güc, zəka və iradə uğrunda mübarizəsi üçün metafora kimi istifadə etmişdir. Sveyq əsərdə şahmat taxtasını insanların öz taleyi kimi, şahmat fiqurlarını isə personajların daxili və xarici mübarizəsi kimi simvolizə etmişdir. Oyundakı strateji hərəkətləri isə insanların həyatındakı qərar və seçimlərə bənzətmişdir.

“Şahmat” əsəri həm Stefan Sveyqin ədəbi ustalığını, həm də insan psixologiyasına dair dərin müşahidələrini bir araya gətirən unudulmaz bir əsərdir. İstər fərdi, istərsə də ictimai müstəvidə böyük əks-səda doğuran bu əsər müharibənin, zülmün, totalitarizmin insan ruhuna təsirlərini heyrətamiz şəkildə ortaya qoymaqdadır. Buqısa, lakin təsirli əsəri ilə Sveyq insanların öz daxili mübarizələrinin öhdəsindən necə gələ biləcəyini və ağıl oyunlarının nə qədər dağıdıcı ola biləcəyini heyrətamiz bir şəkildə oxucuya çatdırmışdır.

“Yad qadının məktubu ” (Brief einer Unbekannten 1922)

Stefan Sveyq “Yad qadının məktubu” adlı qısa novellası qarşılıqsız sevginin dərin ağrısını və insan psixologiyasının mürəkkəbliyini təsvir edən möhtəşəm bir əsərdir. 1922-ci ildə nəşr olunan bu qısa novella Sveyqin insan ruhuna dair dərin müşahidələrini və psixoloji təhlillərini ən təsirli şəkildə ortaya qoymuşdur.

Novella məşhur piyanist olan R.-in ad günündə aldığı anonim məktubla başlayır. Məktub adı açıqlanmayan bir qadın tərəfindən göndərilir və qadının R.-ə olan qarşılıqsız sevgisindən, illər boyu onu kölgəsində yaşamasından bəhs edir. Qadın uşaqlıqdan R.-i sevmiş, həmişə onu uzaqdan seyr etmiş, ömrünü ona həsr etmişdir. Lakin R. heç vaxt onun sevgisini fərqində olmamışdı. Yolları bir neçə dəfə kəsişsə də, R. qadını xatırlamamış və onun varlığı həyatında zəif bir iz buraxmışdır.

Əsərdə uşaqlıqdan yetkinliyə qədər R.-ə qarşı obsesif və qarşılıqsız məhəbbətindən, bu sevginin onun həyatını necə formalaşdırmasından, qadının sevdiyi kişi tərəfindən fərqinə varmamağın acısını dərindən yaşamasından bəhs edilir. Qadının R.- ə yazdığı məktub onun ölməzdən əvvəl yazdığı son sözlər idi, çünki qadın övladının ölümündən sonra özünün də öləcəyini bilirdi.

Əsərdə qadın personajın adı yoxdur. Qadın ömrü boyu sevdiyi kişiyə adını belə açıqlamayıb. Bu anonimlik qadının R.-in gözündə nə qədər əhəmiyyətsiz və görünməz olduğunu vurğulayır. R. isə hekayə boyu bir növ “görməyən göz” kimi simvollaşdırılır. Qadının varlığına dair yaddaşında heç bir şey yoxdur və onunlagörüşlərini tamamilə unudur. Bu, insanların başqalarının həyatına təsirini dərk etmədən necə laqeyd yaşaya biləcəyini göstərir. Qadının R.-dan olan uşağı bu hekayədə sevgi rəmzidir. Uşaq qadının R. ilə münasibətinin konkret əksidir və buna

görə də qadın üçün çox qiymətlidir. Lakin uşaq xəstəlik nəticəsində itirir. Bu itki qadının həyatındakı son ümid qırıntısını da əlindən alır. Uşağın ölümü qadının sevgisinin tamamilə sona çatdığını və artıq yaşamaq üçün heç bir səbəbinin qalmadığını göstərir.

“Amok” (Der Amokläufer)

Stefan Sveyqin “Amok ” əsəri 1922-ci ildə psixoloji dram kimi nəşr olunub.
Hekayə tropik bir ölkədə işləyən həkimin zəngin bir qadının abort tələbini rədd etməsi ilə başlayır. Həkim qadının çarəsizliyi qarşısında peşmançılıq və günahkarlıq hiss edir. Bu vicdan əzabı zamanla onun beynində vəsvəsəyə çevrilir. Qadının ölümündən sonra həkim bu vəsvəsə ilə mübarizə aparır və öz daxilində dərin bir dəlilik yaşayır.

“ Amok ” metaforası insanın idarə olunmayan dəliliyə düşməsini əsas alır. Həkim qadına kömək edə bilməməyin günahı ilə yaşayır, bu peşmançılıq onu məhv edir. Sveyq insan psixologiyasının dərinliklərini araşdıraraq insanın basdırılmış duyğularının və travmalarının necə dağıdıcı ola biləcəyini bizə göstərir. Əsər insanın öz daxili münaqişələrinin və günahkarlığının qaranlıq nəticələrini oxucusuna maraqlı bir dillə çatdırır.

“Bir Qadının Həyatından 24 Saat (Vierundzwanzig Stunden aus dem Leben einer Frau)

Stefan Sveyqin “Bir Qadının Həyatından 24 Saat” əsəri 1927-ci ildə bir qadının 24 saat ərzində yaşadığı emosional münaqişələrdən bəhs edən maraqlı bir əsərdir. Hekayə oteldə qalan yaşlı qadının illər əvvəl yaşadığı bu xüsusi günü oxucuya danışması ilə başlayır. Bir gün bu qadın Monte-Karlodakı kazinoda, qumara həvəsi üzündən özünü itirmiş bir gənclə qarşılaşır. Bu gənc oğlan qadının mərhəmət və şəfqət hisslərini oyadır. Qadın gənci xilas etmək və ona kömək etmək üçün onun arxasınca getməyə qərar verir. Bu zaman qadın həyatında ilk dəfə nəzarətsiz və plansız hərəkət edir və yaşadığı güclü emosional fırtına cəmi 24 saat ərzində qadının bütün həyatını kökündən silkələyir. Sveyq bu qısa müddət ərzində yaşanan ani emosional dəyişiklikləri ustalıqla təsvir edir.

Bundan başqa Stefan Sveyqin “Qorxu”, “Səbirsiz Ürək”, “Dayə”, “Dəhşətli sirr” ,” Klarissa”, “Balzak: Həyat Hekayəsi”, “ Bir Qəlbin Çöküşü”, “Ay İşığı Küçəsi”, “ Məcburiyyət” və s. kimi bir-birindən maraqlı əsərləri, romanları, bioqrafik əsərləri vardır.

Müharibə illəri və sürgün həyatı

Birinci Dünya Müharibəsinin başlaması Sveyqin həyatında dönüm nöqtəsi oldu. Başlanğıcda müharibəni bir növ “mənəvi təmizlənmə” kimi görən Sveyq, müharibənin amansız reallıqları ilə üz-üzə qaldıqda, pasifist mövqe tutur. Dövrün önəmli ziyalıları ilə yazışmalarında onun müharibə əleyhinə düşüncələri aydın görünürdü.

1933-cü ildə nasistlər hakimiyyətə gəldikdən sonra Almaniyada Sveyqin əsərləri yəhudi mənşəli olduğu üçün qadağan edilmiş və kitabları yandırılmışdı. Bu vəziyyət Sveyqə çox təsir etdi və onu vətənindən ayırdı. 1934-cü ildə Avstriyanı tərk etməli olan Sveyq əvvəlcə İngiltərədə, sonra ABŞ-da və nəhayət Braziliyada məskunlaşdı.Sürgündəki bu illər Sveyq üçün dərin daxili iğtişaşlar dövrü oldu. Avropanın sürətlə faşizmə və totalitarizmə doğru sürükləndiyini görən Sveyq bu vəziyyəti qəbul etməkdə çox çətinlik çəkdi. Avropanın mədəni və intellektual strukturunun çökməsi onun gələcəklə bağlı ümidsizliyinə səbəb oldu.

Stefan Sveyqin faciəli ölümü

Sveyq Avropadakı bu xaotik vəziyyət qarşısında getdikcə daha məyus olmağa başlamışdı. Bu zülmlərə artıq dözə bilməyən Sveyq 1942-ci ildə arvadı Lotte ilə birlikdə Braziliyanın Petropolis şəhərində otel otağında baritürat (yuxu dərmanı) içərək intihar edir. Ölümündən bir müddət əvvəl yazdığı vida məktubunda o,sağlığında Avropanın mənəvi və intellektual çöküşünə görə dərin kədərini ifadə edərək, “Dünyamı itirdim” kəlmələrini yazmışdı. Onun bu intiharı dövrünün qaranlıq atmosferinə qarşı ümidsizliyin ifadəsi kimi yozulurdu.

Stefan Sveyq öz əsərləri ilə nəinki ədəbi irs qoyub, həm də insan ruhunun dərinliklərinə qədəm qoyan, konfliktləri məharətlə ifadə edən yazıçı kimi tarixə düşüb. O, ömrü boyu insan psixologiyasını, emosional təlatümləri, əxlaqi dilemmaları diqqətlə araşdırmış, hər bir hekayəsində fərdin daxili aləmini böyük həssaslıqla əks etmişdir. Onun personajları reallıqdan qaçmayan, əksinə, zəifliklərini qəbul edib üz- üzə gələn insanlardır. Sveyq öz əsərlərində insanların mürəkkəb və kövrək təbiətini anlamağa çalışmışdır. Onun faciəvi həyatı və dramatik sonu onun ədəbiyyatındakı melanxolik və dərin insan təhlilini daha da mənalı edir. Sveyqin əsərləri zamandan kənara çıxır və insan ruhunun dəyişməz həqiqətlərini söyləməkdə davam edir…