.....

.....

Öz sözünə xəyanət etməmək – Gülər Natiq İsaq

Öz sözünə xəyanət etməmək – Gülər Natiq İsaq

Öz sözünə xəyanət etməmək

Gec də olsa, bu yazıya ədəbiyyata başsağlığı ilə başlayıram.

Həsən Kür dünyasını dəyişəndən sonra sanki depressiyaya düşmüşdüm. Natiqi itirəndə də bu əhvalda olmuşdum.
Köməyim dəyməmişdi. Əbədiyyətə tələsən adamlar heç vaxt bu dünyada saxlanmırmış, bunu sonradan anlayırsan…

Bu yazını başlayana qədər könlümdə olan ağırlıq və ağrı hissi bir saniyə də olsun keçməmişdi. Gah ruhumda, gah da cismimdə olan narahatlığı özümdən qova bilməmişdim…
Elə bil itki zamanın özünü də axsatmış, saniyələr uzanmış, nəfəsim ağırlaşmışdı…

İndi də fasiləsiz davam edən o əhvalın təsiri ilə yazıram. Qoy ədəbiyyatın başı sağ olsun, Həsənin də ruhu dinclik tapsın. Çünki o yaşasaydı, əsl ədəbiyyat yazanlardan, yaradanlardan biri olacaqdı. Biz onu daha geri qaytara bilməyəcəyik. Çox təəssüf…
Sözün həqiqi mənasında hərtərəfli itki yaşadıq: ədəbiyyat da, söz də, biz də…

Onu bir dəqiqəlik sükut hissi ilə yad edərkən, bizə yadigar qalan sözlərini, fikirlərini, şeirlərini xatirladım. Həsəni sevənlərin yaddaşından silinə bilməz o. Heç kim unutmaz onu. Çünki gənc olmasına baxmayaraq, hər şeydən əvvəl sözün qayğısına qalırdı, istedadından sui-istifadə etmirdi.
Amma hər kəs belədirmi? İnanıram ki, belə olan az adam var…

Bu yaxınlarda feysbuk dostlarımdan biri ortaq dostlarımızdan birinin „yaxa“sına çoxlu təriflər düzərək, şəxsidə mənə yazdı ki, filankəs bir çoxundan dərrakəlidir, savadlı yazır və sair və ilaxır. Yəni ki, mən də arabir onun xüsusi rəğbət bəslədiyi birindən „nümunə“ götürüm, oxuyum, „bəhrələnim“…
Önümdəki masa bərk idi. Başım özümdən ixtiyarsız yana əyildi, telefon əlimdən, membranın üstünə „tappp“ deyə, düşdü…
Sonra eyni nöqtəyə çoxlu, çoxlu, lap çoxlu baxdım. Köksümdə yenidən ağrı hiss etdim. Sanki telefon yox, inamım düşmüşdü masanın üstünə…

Yəqin ki, bu cür ədalətsiz mənzərə ilə çoxunuz qarşılaşmısınız. Susmusunuz. Səsinizi də çıxarmamısınız. Hətta ürəyinizdə bunu da demisiniz:

  • Utanmasan, oynamağa nə var e…
    Ya da Habil Əliyevin Arif Babayevə zarafatla söylədiyi kimi:
  • Belə yaşamağa nə var e…
    O da düzdü ki, bunu yazan adama bir söz deyə bilməzdim. Insanın xüsusi bağları olan biri haqqında elə yaxşı və yüksək fikirdə olması qəbul edilə bilər. Təbii sayıram…
    Amma həqiqətin və əslinin başqa cür olduğunu bilirsənsə, bəsit yaradıcılığın içindəki bir sıra məlumatların da haradan sızdığını müşahidə edirsənsə, artıq həmin astanada ayaq saxlamağın ən məsləhətli „don“ olur. Öz sözünə və özünə qarşı xəyanət etmək istəmədiyin üçün artıq bayağı düşüncələri, sarkazm şəklində olsa belə etibarını zədələyən cümlələri gözünün qarşına gətirib, o „çevrə“nin içindən uzaqlaşmağa məcbur olursan… Bir şəkildə ki, orada sənin həqiqi yerin yoxdu, heç nə öyrənmirsən, faydalanmırsan, sadəcə yüngül və boş informasiyalarla şüuraltın mütəmadi məşğula aktiv vəziyyətdə qalır…

Bundan əvvəl kifayət qədər tanınan şair dostlardan biri mövzunun kontekstindən çıxmadan maraqlı bir post paylaşmışdı. Yazmışdı ki, „bəzi qələm adamları qəribə mətnlər yazırlar. Oxuyanda görürsən ki, yazdığı bir-iki cümlənin içində özünə aid olanlar sadə söz yığınıdır, qalanları da müxtəlif dövr fikir sahiblərinin düşüncələri…” (Süleyman Abdulla – şair)

Adi post kimi paylaşılan o statusda çox haqlı iradlar var idi. Düzdür ki, onun söylədiyi elə yazılara vaxt sərf edib oxumağın mənasızlığı bir yana qalsın, əlavə fikir də yazıb öz oxucularının qanını qaraltmaq istəmirsən. Bəzən də nəsə yazmaq istəyirsən, amma söhbətdən özünü yayındırıb daha sanballı bir mətn oxumaqla başını qatırsan.
Nə olsun, nəticədə yenə də artıq şüuraltını məşğul edən o fikirlərdən uzaqlaşa bilmirsən, mümkün olmur.
Müasirlərimizin içində öz mətni ilə yaxşı fikir, söz sahibi, əsl yaradıcı bir profil kimi tanınan adamlar çoxdur. Bu çoxluq adamı sevindirməyə bilməz. Quru bir fəxr də olsa, duya bilirsən.

Sevinirsən ki, öz yazıları ilə ruhunu göylərə qaldıran adamlar əbədiyyətdə belə həmişəyaşardırlar, yaşamağa davam edirlər…

İndi aramızda özləri də bilmədən mətni ilə ruhumuzu, könlümüzü oxuyan, oxşayan adamlar çoxdur. Bu mənada daha çox yadıma düşən Sevincdir (Sevinc Mürvətqızı).
Bəlkə son zamanlar onu daha çox oxuyuram. Tənbəllik edib yaza bilmədiklərimin daha çoxunu və artığını onun yazılarında tapıb, ruhən sakitliyə çəkilirəm.
Tez-tez fikir mübadiləsi apardığım əziz və dəyərli dostum Aygün Əzizin yazılarında da o toxtaqlığı tapıram. Hətta, öz mətnlərimin nə zamansa ədəbiyyata xeyir verəcəyini düşünəndə, təkəbbür hissini beynimdən, ruhumdan kiçik bir təbəssümlə uzaqlaşdırıram.

Amma bir məsələ də var. Savadlı və bilikli oxucu olmaq da hər kəsə nəsib olmur axı. Bəziləri də bilərəkdən bu nəsibi almırlar, öyrənməyi sadə metodiki proses kimi qiymətləndirib, özünüinkişafı yadırğayırlar. Bəs, „beşikdən məzaracan öyrən“ tövsiyəsi harada qaldı? Bu hikmətli kəlamdır. Əsrlərin sınağından keçib axı…

Ola bilsin ki, az yazacağam. Amma nə yaxşı söz adamlarının, nə də ağıllı, etibarlı, savadlı oxucunun xətrinə dəyəcək heç nə yazmayacağam. Çünki söz adamının ən ağır itkisi yaddaşdan silinmək yox, özünə yadlaşmaqdır.

Mən etibarsız olmayacağam!

Gülər Natiq İsaq