“Realizmin Güzgüsü: Con Steynbek və əsərləri”
20-ci əsr Amerikan ədəbiyyatının ən parlaq nümayəndələrindən biri olan Con Steynbek (John Steinbeck), realist üslubu və insana olan dərin baxışı ilə oxucuların qəlbini fəth etmiş böyük bir yazıçıdır. Onun sosial ədalətsizlik, insanın təbiətlə mübarizəsi və cəmiyyətin ən zəif təbəqələrinin taleyi mövzularını əks etdirən bir – birindən maraqlı əsərləri vardır. Steynbekin yaradıcılığı, həm Amerika, həm də dünya ədəbiyyatına əvəzsiz töhfələr vermişdir.
Con Ernst Steynbek 27 fevral 1902-ci ildə Kaliforniyanın Salinas şəhərində dünyaya gəlmişdir. Valideynləri alman və irland əsilli idi. Onun uşaqlıq illəri Kaliforniyanın kənd təsərrüfatı ilə məşğul olan bölgələrində keçmişdir. Bu təcrübələr, sonradan onun bir çox əsərində təsvir olunan kənd həyatını dərindən başa düşməsinə səbəb olmuşdur. O, erkən yaşlarında kitab oxumağa həvəs göstərmiş, xüsusilə də Şekspir, Dostoyevski və Flaubert kimi klassik yazıçılardan ilham almışdır. Standford Universitetində təhsil alsa da, universiteti bitirmədən yazıçılıq karyerasına başlamışdı.
Steynbekin müxtəlif işlərdə çalışması – kənd təsərrüfatında fəhləlik, dəniz məhsulları yığımı və hətta bir qayıq kapitanı kimi təcrübələri – onun həyatla bağlı müşahidələrini dərinləşdirmiş və əsərlərində reallığı əks etdirməsinə imkan yaratmışdır.
İkinci Dünya Müharibəsi zamanı Steynbek müharibə müxbiri kimi də fəaliyyət göstərmişdir. O, cəbhədə baş verən hadisələri izləyərək yazdığı məqalələrdə insan hekayələrini mükəmməl bir şəkildə təsvir etməyə çalışmışdır. Müharibə dövründə gördükləri, onun həyatına və dünyagörüşünə ciddi təsir etmişdir.
Steynbekin ilk romanı “The Cup of Gold” (1929) ciddi bir uğur qazanmasa da, bu onu yazmaqdan soyutmamışdı. Bir müddət maliyyə çətinlikləri ilə üzləşsə də, həyat yoldaşı Carol Henningin dəstəyi ilə yazmağa davam etmişdir. Bundan sonra onun ilk böyük uğuru “Tortilla Flats” (1935) romanı olmuşdu və bu əsər həm oxucular, həm də tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdi.
Cəmiyyətin ən zəif təbəqələrini müdafiə etdiyi üçün bəzi dövrlərdə tənqidlərə məruz qalmışdır. Xüsusilə də Steynbekin tanınmasında mühüm rol oynayan “Qəzəb
Salxımları” romanı zəhmətkeşlərin müdafiə edilməsi, onun bəzi dairələr tərəfindən “solçu” adlandırılmasına səbəb olmuşdur. Hətta bəzi əyalətlərdə kitabları qadağan edilmiş və açıq şəkildə yandırılmışdır. Bununla belə, Steynbek öz prinsiplərinə sadiq qalmış və sosial ədaləti müdafiə etməyə davam etmişdir.
“Qəzəb Salxımları” (The Grapes of Wrath)
Con Steynbekin 1939-cu ildə yazdığı “Qəzəb Salxımları”, 20-ci əsr Amerikan ədəbiyyatının ən böyük əsərlərindən biri hesab olunur. Roman, Böyük Depressiya dövründə (böyük böhran dövrü) Amerikada yaşanan iqtisadi çətinlikləri, sosial ədalətsizlikləri və insanların çarəsizliyini əks etdirir. Eyni zamanda, insan iradəsinin gücünü və ümidi itirməməyin əhəmiyyətini güclü bir şəkildə vurğulayan mükəmməl əsərlərdən biridir.
Əsər, Oklahomada torpaqdan məhrum olan bir ailənin – Joad ailəsinin həyat hekayəsindən bəhs edir. Dust Bowl (Toz Fırtınası) adlanan təbii fəlakət və iqtisadi böhran nəticəsində ailə öz fermasını itirir. Daha yaxşı bir həyat ümidi ilə onlar Kaliforniyaya köç edirlər.
Bu səyahət zamanı ailə aclıq, işsizlik, ölümlər və insanlığın ən qaranlıq tərəfləri kimi çətinliklərlə qarşılaşsalar da, bununla yanaşı, onlar birlik və insanlıq dəyərlərinin gücünü də kəşf edirlər.
“Qəzəb Salxımları” nəşr olunduqdan sonra böyük təriflərlə yanaşı, ciddi tənqidlərə də məruz qaldı. Tənqidlərin səbəbi isə o dövrün böyük torpaq sahiblərinin və şirkətlərinin əsərin kapitalizmi güclü bir şəkildə tənqid etməsini vurğulaması idi. Ancaq bunlara baxmayaraq roman, 1940-cı ildə Pulitzer mükafatını qazandı vəSteynbekə beynəlxalq şöhrət gətirdi. Həmin ildə əsər əsasında bir film də çəkildi ki, bu film də çox böyük uğur qazandı.
“Siçanlar və Adamlar” (Of Mice and Men)
Con Steynbekin 1937-ci ildə yazdığı “Siçanlar və Adamlar”, qısa həcmli olsa da, dərin mənaları və təsirli mövzuları ilə oxucuların yaddaşında qalan əsərlərdən biridir. ABŞ-da Böyük Depressiya dövründə fəhlə sinfinin həyatını təsvir edir və insan əlaqələrinin gücünü, arzuların qırılmasını və tənhalığın ağır yükünü əks etdirən möhtəşəm bir romandır.
Əsər, Kaliforniyanın kənd təsərrüfatı bölgəsində bir fermada işləyən iki fəhlənin – George Milton və Lennie Small-un dostluğu və taleyindən bəhs edir. Onların həyatda qalma səbəbləri, xəyalları vardır: öz torpaqlarını alıb orada azad və rahat bir həyat sürmək. Amma Lennienin uşaqlıq sadəlövhlüyü və fiziki gücü onların həyatını çox mürəkkəbləşdirir.
Sonu faciəvi olan bu əsərdə, dostluq və sevginin ən ağır sınağı təsvir edilmişdi.
Romanın adı, şotland şairi Robert Börnsün “To a Mouse” şeirindən götürülmüşdür. Şeirdəki “Siçanların və adamların ən yaxşı planları çox vaxt boşa çıxır” misrası, əsərin əsas mövzusunu – insanların ən gözəl arzularının reallıq qarşısında necə məhv olduğunu simvollaşdırır.
“Siçanlar və Adamlar”, nəşr olunduqdan sonra həm oxucular, həm də tənqidçilər tərəfindən böyük maraqla qarşılandı. Bu gün də əsər, Amerikada və bir çox ölkələrdə həm məktəb proqramlarında, həm də ədəbi dairələrdə müzakirə olunan, unudulmaz bir ədəbiyyat nümunəsidir.
“Yuxarı Məhəllə” (Tortilla Flats)
Con Steynbekin 1935-ci ildə yazdığı “Yuxarı Məhəllə” onun ilk böyük ədəbi uğurudur. Bu roman, Steynbekin realizm və yumorla zəngin üslubunu oxuculara tanıdaraq, onu ədəbiyyat dünyasında məşhurlaşdırmışdır. “Yuxarı Məhəllə”, dostluq, sədaqət, və mənəvi dəyərləri araşdıran yüngül, lakin dərindən təsirli bir əsərdir.
Əsər, Kaliforniyanın Monterrey şəhərində, Tortilla Flats adlanan bir məhəllədə yaşayan bir qrup dostun gündəlik həyatını təsvir edir. Bu dostlar – Danny və onun yoldaşları – kasıb və işsizdilər. Lakin onların həyatlarında sevinc, yumor və dostluq heç vaxt tükənmir.
Danny, müharibədən qayıtdıqdan sonra ona iki ev miras qalır. Bu, ona və dostlarına müəyyən dərəcədə təhlükəsizlik və rahatlıq gətirir. Amma roman boyunca onlar müasir cəmiyyətin dəyərlərinə zidd şəkildə, pul və var-dövlətə deyil, azadlığa, sadə həyata və dostluğa üstünlük verirlər.
“Yuxarı Məhəllə” Steynbekin ilk dövr əsərlərindən biridir. Steynbek, personajların sadə həyatını təsvir edərkən eyni zamanda, onların dərin insani keyfiyyətlərini ortaya qoyur. Əsərdəki yumor və ironiyalar, oxucunu həm güldürür, həm də düşündürür. Bu əsər, sadə insanların həyatını dəyərli və mənalı göstərərək, Steynbekin gələcək əsərlərində də davam etdirəcəyi bir mövzunun başlanğıcı olur.
“İNCİ”
John Steinbeck-in “İnci” əsəri, sadə bir balıqçının ailəsinin, dənizdən bir inci tapdıqdan sonra həyatlarının necə dəyişdiyini təsvir edən təsirli bir povestdir. Əsərin əsas qəhrəmanı Kino adlı balıqçıdır. O, həyat yoldaşı Xuanita və oğlu Coyotito ilə kasıb bir həyat sürür. Bir gün Kino dənizdə qiymətli bir inci tapır. Bu tapıntı əvvəlcə ailəyə ümid və xoşbəxtlik gətirir. Lakin tezliklə ətrafdakı insanların paxıllığı və tamahkarlığı ilə üzləşir. İnci Kino üçün bir xeyir-duadan çox, lənətə çevrilir.
Kino incini satmağa çalışsa da, qarşısına maneələr çıxır. İnsanlar incinin dəyərini azaltmağa çalışır və hətta ailəsinə zərər verməyə cəhd edirlər. Kino incini qorumaq üçün əlindən gələni edir, lakin hər dəfə daha çox təhlükə ilə üzləşir. Əsər boyunca Steinbeck tamahkarlığın, kasıblığın və sosial ədalətsizliyin insan həyatına necə təsir etdiyini göstərir.
Sonunda Kino və Xuanita övladlarını itirirlər. Bu hadisə onların həyatını tamamilə dəyişir. Kino incini dənizə ataraq onun gətirdiyi bəlalardan qurtulmağa çalışır. Əsər bir insanın daxili mübarizəsini və insani dəyərlərin maddiyyatdan üstün olduğunu göstərir. Steinberkin sadə, lakin güclü dili oxucunu dərindən düşündürür. “İnci”, həm əxlaqi dərslərlə, həm də emosional təsiri ilə yadda qalan qısa, amma dərin mənalı bir əsərdir.
“Sardinalar küçəsi” ( Cannery Row)
John Steinbeck-in “Sardinalar küçəsi” əsəri, 1945-ci ildə nəşr olunan və Kaliforniyanın Monterey şəhərində baş verən hadisələri təsvir edən unikal bir povestdir. Əsər, dəniz sahilindəki Sardinalar küçəsində yaşayan müxtəlif sosial
təbəqələrdən olan insanların həyatını işıqlandırır. Bu küçə müxtəlif xarakterlərin qarşılaşdığı bir məkandır: zavod işçiləri, kiçik biznes sahibləri, evsizlər və alimlər.
Əsərin əsas personajlarından biri Dok adlı alimdir. Dok, geniş bilikləri və mərhəməti ilə digərlərindən seçilir. Onun ətrafında Mack və dostları toplanır – onlar işsiz və kasıb olsalar da, sadə və xoşbəxt bir həyat yaşayırlar. Mack və dostları, Doka təşəkkür etmək üçün ona bir ziyafət təşkil etmək qərarına gəlirlər. Lakin onların planıbir çox çətinliklərlə üzləşir.
Steinbeck bu əsərində həm yumor, həm də faciə elementlərini ustalıqla birləşdirmişdir. İnsanın gündəlik mübarizələri və cəmiyyətin sərt reallıqları əsərin əsas mövzularıdır. “Sardinalar küçəsi” də sadə insanların həyatı, dostluq və insanlıq dəyərləri ön plana çıxaran əsər, həmçinin İkinci Dünya Müharibəsinin təsirlərini vəsosial ədalətsizliyini də əks etdirir.
Bunlardan başqa Steynbekin Qızıl Kubok (1929), Cənnət Otlaqları(1932), “Qırmızı Poni” (1933) “Naməlum Tanrılara” (1933), “Bitməyən Mübarizə” (1936),”Uzun Vadi” (1938), Onların Qanı Güclüdür(1938), “Ay Batarkən” (1942) və s. kimi əsərləri də vardır. Bundan başqa Steynbek bir çox filmin də senaryo müəllifidir.
Con Steynbek əsərlərində, yalnız öz dövrünün reallıqlarını əks etdirməklə yanaşı, insan təcrübəsinin ümumi aspektlərini dərindən təsvir etmişdir. Onun yazıları, həm sosial, həm də emosional baxımdan oxucunu düşündürən, cəmiyyətin qarşılaşdığı çətinliklər və fərdin bu çətinliklərə qarşı mübarizəsi ilə əlaqədar dərin düşüncələri təqdim edir. Steynbekin əsərlərindəki xarakterləri, həyatın sərt reallıqları ilə mübarizə aparan sadə insanlar olsa da, bu insanlar hər zaman öz daxili qüvvətləri və əxlaqi seçimləri ilə oxuculara əhəmiyyətli dərslər vermişdir.
Onun yazıları, insanın içindəki zəiflikləri, qorxuları və arzuları ortaya qoyarkən, bir tərəfdən də bəşəriyyətin ən yaxşı tərəflərini, yəni mərhəmət, sevgi və ümid hisslərini çox maraqlı bir şəkildə oxucuya çatdırır. Steynbekin dilinin sadəliyi və hərtərəfli təsviri, oxucunun obrazlarla və hekayələrlə əlaqə qurmasını asanlaşdırır. Əsərləri,yalnız bir dövrün ədəbiyyatı olaraq qalmamaqla yanaşı, zaman və məkan baxımından da əhəmiyyətini itirməyən universal və təsirli bir mirasdır…