MƏKTƏBDƏ
Əli məktəbə ikinci növbə gedirdi. Çantasını götürüb küçə qapısından çıxanda itlə rastlaşdı. İt onu görüb sanki sevindi, gərnəşib tərpəşdi, ayağının biri sallana-sallana qabağına qaçdı, şalvarının balağına başını sürtüşdürdü. Uşağın əti ürpəşdi, bədəni çimçəşdi, üz gözünü qırışdırıb, ay it, ay it, qırağa dur, çəkil, mən dərsə gedirəm, deyib yoluna davam elədi.
Küçük onun dalına düşüb axsaya-axsaya gəlməyə başladı. Oğlan həm sevinir, həm həyəcanlanır, həm də təəccüblənirdi ki, heyvancığaz onu tanımışdı, onu özününkü bilmişdi. Bu gözəl bir hiss olsa da Əli qorxdu. Qorxdu ki, it ondan əl çəkməyəcək, ya onunla məktəbə gedəcək, ya da birdəfəlik buradan uzaqlaşacaq. O, bunların heç birini istəmədiyindən dayanıb gülümsər nəzərləri ilə itə baxdı:
-Qayıt, ay it, mən dərsə gedirəm. Uşaqlar səni yolda görüb döyərlər, həm də səni sinfə buraxmazlar axı?.. Sənin dəftərin, kitabın yoxdu, heç oxuya da bilmirsən. Yəqin İt məktəbi də olmur ki, sizlər oxuyasınız.
İt arxa ətrafı üstdə rahatca oturdu, qabaq əllərini yuxarı qaldırıb yellətdi. Əli onun bu hərəkətinə ürəkdən gülüb söylədi:
-Ay sənin, gör nə gözəl otura bilirsən… Səni lap məktəbə də aparmaq olar. Ancaq yox, səni buraxmazlar. Get qapımızın ağızınada məni gözlə.
İt onu bir az da ötürüb, axsaya-axsaya dala qayıtdı. Küçük oğlanın o qədər xoşuna gəldi ki, geri dönüb onu öpməkdən özünü güclə saxladı, arxasına baxmadan məktəbə qaçdı.
Dərs başlayanda Əli iti heç yadından çıxarmadı. O, fikirləşdi ki, evə gedən kimi iti məhlələrinə aparıb özü saxlayacaq. Daha uşaqlar onu döyməyəcəklər. Elə bu zaman müəllimin səsi eşidildi:
-Əli, fikrin hardadı, qulaq as, təzə dərsimizə başlayırıq.
Uşaq özünü toparlayıb müəllimin üzünə baxsa da, fikri yenə getdi itin yanına. O, düşündü, bəs anası, bəs atası? Axı onlar razı olacaqlarmı məhlələrinə sahibsiz küçə iti gəlsin? Yox, razı olmazlar!
Oğlan qərar verdi ki, itciyəzi indiki yerində, yəni qapının dalında saxlasın. Yeməyini, suyunu da ordaca qoysun.
Zəng vurulsa da Əli tənffüsə çıxmadı. Yerindəcə oturub xəyala daldı, gözünün qabağına gətirdi, itin ayağı sağalıb, axsamadan yüyürür, qaçır, hürür, özü də tərtəmizdi.
Uşağı gözəl düşüncələrindən içəri vurulan zəngin səsi ayırdı. Yeni dərs başlandı. Müəllim nə danışdı, uşaqlar nə cavab verdi, oğlanın bunlardan əsla xəbəri olmadı.
Növbəti dərsdə də o, tez-tez pəncərədən çölə baxırdı. Ona elə gəlirdi, it bu saat pəncərənin altında dayanacaq, qəmli-qəmli baxacaq. Oğlanın ürəyi yenə kövrəldi, gözləri dolub fikirləşdi:
-Bəlkə, elə indi Gülbənizgil iti döyürlər? Yox döyməzlər, axı it onları yemir, niyə döysünər? Yox, bəlkə döyürlər? Bəs ilk dəfə görəndə onu niyə vururdular… Elə mən özüm də onu ağacla vurdum. Kaş vurmayaydım… O, mənə neyləmişdi axı?.. Yazıq it… Yazıq it.
Müəllimin səsi eşidildi:
-Əli, gəl dərsimizi danış!
Oğlan diksinib yan-yörəsinə baxdı. Müəllimə baxdı, heç nə deyə bilməyib uduxdu. Uşaqların gülüşməsi Əlini daha da pərt elədi. O, başını aşağı salıb partanın üstündəki kitab-dəftərini o yana-bu yana sürüyəndə müəllimin acıqlı səsi yenidən eşidildi:
-Mən səninləyəm Əli, gəl lövhəyə.
Əli cəld lövhənin qabağında dayandı, dərsi karıxmadan, tələsə-tələsə danışıb ağladı.
Hamı təəccübləndi ki, uşağa nə olub?
Müəllim həyəcanla soruşdu:
-Oğlum, niyə ağlayırsan, sənə nə olub? Bayaqdan fikrin dərsdə deyil, elə bildim öyrənməmisən. Dərsini gözəl danışdın. Sənə 5 verirəm.
Əli hıçqıra-hıçqıra, müəllim, dedi, iti mən də iki dəfə vurdum. O, bizim qapımıza gəlib. O, yaxşı itdi. Onun yiyəsi yoxdu. Uşaqlar da vururdular, sonra yazığım gəldi, qoymadım onu döysünlər.
Müəllim işin nə yerdə olduğunu təxminən başa düşdü, gülümsünüb söylədi:
-Ağlama bala, sən yaxşı uşaqsan, özün də yaxşı oxuyansan, küçə itinə də yaxın getmə, xəstə ola bilər.
-Yox! Yox! Müəllim, o, xəstə deyil, eləcə axsayır. Ayağını kimsə vurub deyəndə, zəng bayıra çalındı.
Müəllim yaxşı, ay Əli, sonra danışarıq dedi, ev tapşırığını verib sinifdən çıxdı. Uşaqlar dərhal Əlinin başına toplaşıb maraqla suallar verdilər:
-Əə, it yaxşı hürür?
-Əli,balaca itdi,yoxsa yekə?
-Adamı dişləyir? Yanına getsəm məni qapar?
-Uşaqlar, dərsdən çıxan kimi cumuruq itin yanına, görək o necədi, necə hürür?
Əli hirsləndi, o hürmür, ancaq yaxşı itdi, bunu özüm bilirəm, çünki məktəbə gələndə məni ötürdü. Uşaqlardan biri tez dilləndi:
-Mən sənin yerinə olsam, onu özümə götürərəm, heç kəsi də qoymaram onu döysün.
Əli yenə kövrəlib başını aşağı saldı, mızıldana-mızıldana, mən də saxlayaram ey, dedi, ancaq anamdan qorxuram, o, qoymayacaq.
-Anana demə də, o biri uşaq da məsləhət verdi, sən onu gizlin saxla. Zəng içəri vuruldu. Əli bilmədi vaxt necə keçdi. Axırıncı dərs qurtaran kimi, çantasını götürüb qaçdı.