Bir ovuc torpağın kəraməti
Mənim xatirələrim qardaş həsrətindən gənc bir bacının zirvəyə yağmış qar qədər ağaran saçından, namaz üstündəki göz yaşı dolu dualardan, kədərli ümiddən və artıq yaşı 80- ni ötsə belə həsrətin vüsala dönmədən dünyadan köçən bir qadının həyatından ibarətdir. Amansız zaman, vəfasız dünya insanları beləcə sınağa çəkir, ələyindən keçirir və sonda bir ömrə xəyanət edir. Ağlım kəsən bir gündən hamı evimizdə həmişə bir intizardan, bir gözləntidən bəhs edərdi. Nənəm və babam bizimlə yaşayırdı. Ev əhli, qohumlar nənəmin yanında qardaş kəlməsini dillərinə gətirməkdən sanki ehtiyyat edirdilər. Mənim o zamanlar təxminən 10 yaşım olardı. Nənəmin hey fikirli, gözləri yolda, qulaqları səsdə olan halı var idi. Onun bəstə boyu, yumuru sifəti, dərin amma kədərli baxışları var idi. Amma nə olur – olsun heç kəsdən təbəssümünü əsirgəməzdi. Bir gün nənəm dəstəmaz alıb öz otağına keçib çadrasını, canamazını götürüb qibləyə döndü və namaz qılmağa başladı. Şam namazı vaxtı idi. Mənim otaqda olduğumu hiss etmədi, mən də nənəmə mane olmayım deyə-səsimi çıxartmadım, eləcə nənəmi seyr etməyə başladım. Onun hərəkətləri mənə maraqlı görünürdü. Namazın sonu idi nənəm sonuncu dəfə səcdəyə getdikdən sonra dualar etməyə başladı. Mən indiyə qədər nənəmi o cür görməmişdim. Nənəm dualarını ağlaya-ağlaya edirdi. Bir az kənarda əyləşdiyim üçün heç nə başa düşmədim. Asta-asta arxa tərəfdən nənəmə yaxınlaşdım, çadralı olduğu üçün məni görmürdü. Mən isə az qala nənəmin ürək döyüntülərini duyurdum. Nənəm ağlaya-ağlaya deyirdi; ‐ “Ey yeri- göyü yaradan gözəl Allahım, ey rəhimli Rəbbim, ey müşkülləri asan edən , arzuları çin edən Allahım, bircə diləyim var, sənə yalvarıram, qardaşımı görmədən məni bu dünyadan aparma. Sənə yalvarıram qardaşım Camal sağ qayıtsın, bircə kərə üzünü görüm, boynunu qucaqlayım ölsəm ta ahu zarım qalmaz. Allahım mən sənin yolunda özümü qardaşım Camala qurban deyirəm. Camal gəlsin, al canımı.”
Mən yavaş-yavaş geri çəkildim və o qədər narahat oldum ki, ürəyim sızladı. Düşündüm ki, İlahi kaş nənəmin belə dərdini, belə yanıqlı dua etməyini, özünü qurban deməyini duymayardım.
Anamdan soruşdum ki, nənəmin qardaşı haradadır, niyə həmişə onun üçün göz yaşı tökür.
Anam mənə izah etdi ki, sən demə nənəmin qardaşı 1941-1945-ci illərdə müharibə zamanı itgin düşüb, deyilənə görə sağ imiş, amma hələ də bir xəbər yox imiş. Sonra öyrəndim ki, atam, əmilərim dəfələrlə onu axtarıblar, bəzi qurumlara məktub göndəriblər bir xəbər ala bilməyiblər. Bir dəfə də xəbər çıxdı ki, kimsə onu İranda görüb, söhbət edib, adının da Camal olduğunu bilib. Amma sonra yenə yoxa çıxıb, bəlkə də nədənsə ehtiyyat edib özünü gizlədib. Yəqin fikirləşib ki, aman-zaman yeganə bacısı da həyatda yoxdur artıq. Daha düşünməyib ki, bacı saçının bir hörüyünü ağ, bir hörüyünü isə qara hörərək özünü ona qurban deyib, qəmli gözlərini yollara dikməkdən gözlərinə mirvari suyu gəlib.
Artıq 20 yaşım var idi, nənəm də 80- i ötmüşdü. Qardaş həsrəti onun belini bükmüş, əlinə əsa vermişdi. Günü-gündən vəziyyəti pisləşirdi, taqətdən düşmüşdü. Atam, anamdan başda heç kimə heç nə demədən İrana getdi, anası bu dünyadan intizarlı getməsin deyə—qardaşından, yəni öz dayısından bir xəbər gətirməyə. Atam gedəndən üç gün sonra nənəm yatağa düşdü. Anamgil onun vəziyyətinin nə yerdə oldiğunu görüb ona yorğan – döşək gətirib yer hazırladılar. O gün nənəm bir neçə kəlmə danışdı və ondan sonra heç nə demədi. Onun yerini üzü qibləyə sarı düzəldəndə sadəcə bu sözləri dedi; ” Məni üzü qibləyə yox, üzü qapıya tərəf salın, qapıdan girəni görüm” Elə də etdilər, heç kim göz yaşlarını saxlaya bilmirdi. Nənəm isə elə hey qapıya baxırdı, mənə elə gəlidi ki, o yatan da da gözü açıq yatırdı, sanki, həqiqətən gözlədiyi qapıdan girəcək, həsrəti, kədəri onun gözlərindən qoparıb atacaqdı. Üç gün bu vəziyyətdə qaldı, nə bir tikə çörək yedi, nə bir damla su içdi. Sadəcə quru nəfəsi gəlib gedirdi. Darvaza qapısı açıldı. Neçə gündür ki, İrana gedən və deyəsən əli boş gələn atam evə qayıtmışdı. Atam içəri daxil olanda anam ona sual dolu baxışlarla baxdı. Atam kədərli halda gözü yataqda uzanan nənəmə baxdı. Neçə gündür bir barmağını belə tərpətməyən, sadəcə gözlərini qapıya zilləyən nənəm qaraltını hiss edib başını bir az önə əyərək sanki kimin gəldiyini bilmək istədi. Və yenə başı yastığa düşdü. Atam nənəmin canını tapşırdığını hiss etdi. Nənəm həqiqətən dünyasını dəyişdi amma nə qədər sığlallasalar da gözləri yumulmadı, gözləri açıq qaldı. Atam ağlaya-ağlaya ayağa qalxmaq istədi birdən dizləri büküldü və yerə çökdü. O anda nəsə yadına düşdü, tez əlini kostyumunun cibinə salıb balaca bir torba çıxartdı. Hər kəs diqqətlə atamı izləyirdi. Atam torbanı açıb oradakı torpaqdan bir çimdik nənəmin gözlərinə tökdü, qalanını isə elə torbada nənəmin sinəsinə, ürəyinin üstünə qoydu. Həmin an nənımdən qeyri adi bir “ahh” səsi eşidildi. Düşünürəm ki, bu ah dünyasını dəyişən intizarlı, həsrətli bir insanın sonda ruhunun rahatlaması idi. Bu anlam o torpağın həqiqətən də qardaşının məzarından gəldiyini və nisgilin nisgillə bitdiyini bildirirdi. O anda nənəmin dodaqlarına təbəssüm, üzünə nur gəldi. Gözləri isə əbədilik yumuldi.
Sən demə atamın Cənubi Azərbaycanda güman etdiyi, pənah apardığı dolaşmadığı yer qalmır. Birdən düşünür ki, gedim qəbristanlığa, bəlkə axtardığımı orada taparam. Saatlarla qəbristanlığı dolaşıb bir-bir başdaşlarındakı adları oxuyur. Bidən bir başdaşındakı ad onun diqqətini cəlb edir. Bir təsadüfmü yoxsa yazılmış talehmi onu bu adla qarşılaşdırır. Hətta təvəllüd də eyni idi.
Başdaşında “Musayev Camal Musurza oğlu” yazıldığını görən atam həmin qəbirdən bir ovuc torpaq götürüb cibində gətirmişdi. Nənəmin gözlərini yoldan yığan əbədi yuman o torpağın kəramətinə qurban olum.
Qocaldım
Bu həyatdır rəhm eyləməz heç zaman,
Hey gileyli çəkir yükün bu sarvan.
Tənha qalıb eylıyirsən dad-aman,
Son limana gələ-gələ qocaldım.
Tanrıdan heç üzmək olmur ümidi,
Bizi yarı yolda salan gəmidi,
Baş açmadım sevinc idi, qəm idi?!
Az-az deyi, silə-silə qocaldım.
Çox çəkmişik bu dünyanın ucundan,
Qurtarmırıq kələyindən, suçundan.
Yanıb, bişib fırlanırıq sacında,
Odlansam da gülə-gülə qocaldım.
Nə verib ki, ala bilmir əlimdən?
Can demişəm inciməsin dilimdən,
Çəkdi dara ayrı düşdüm elimdən.
Cəfasından etdim nalə qocaldım.
Mən dözürəm, o nankordu,a zalım,
Ömür bitir, neynim qadasın alım.
Geri dönüb qoy bir də nəzər salım,
Zəhmətimi verdi selə, qocaldım.
Ömür payız olub saralır, Allah
Saç ağarır, gözlər qaralır, Allah,
İnsan bezir, səbir daralır, Allah,
Yanan ömrüm döndü külə, qocaldım.
Həsrət bitdi gözlərimdə ölüncə,
Hey səslədim sözlərimlə, ölüncə.
Taqət saldı dizlərimdən ölüncə,
Gözümdə yaş gilə-gilə qocaldım.
Rəqsanə Tapdıqlı
AYB-nin üzvü
Şair-publisist