.....

.....

Həyatın qisası – Xalidə NURAY

Həyatın qisası – Xalidə NURAY

“Həyatın qisası” (hekayə)

Baharın xoşətirli havası Gülarənin qəlbində gözəl hisslər oyatmışdi. Özü də bunun nə ilə bağlı olduğunu anlamırdı. İçində qəribə bir həyacan da vardı…

Sanki nəsə olacağından xəbər verirdi.Bu hisslər  iri qara gözləri, uzun kiprikləri, al yanaqlı bu gənc qıza xüsusi gözəllik verirdi. O, çox cazibadar, şıltaq,bir az da,özünə vurğun bir qiz idi. Özünü hamıdan çox sevirdi. Böyüyüb, qizlar bulağından su içəndən bəri daha da gözəlləşmişdi.

Yazın gəlişi onun gözəliyinə gözəllik qatmışdi. Hər dəqiqə güzgü qabağına keçib özünə baxırdı.Sanki, elə bil kimisə gözləyirdi…

Həyət darvazasinın səsini eşitcək o tərəfə boylandı.

Bayaqdan çırpınan ürəyi indi lap az qalırdı ki, yerindən çIxa. Görəndə,  gözlərinə inanmadı.Qarşısında dayanan, Bakıda yaşayan  xalasıoğlu Kənan idi.Gülarə sevincindən bilmədi ki, nə etsin. Onlar hər ikisi sevincək, qucaqlaşıb, görüşdülər. Xoş gəlmisən Kənan!

Kənan beş il idi ki, kəndə gəlmirdi. Axırıncı dəfə kəndə gələndə, Gülarənin on beş yaşı vardı. Kənanla Gülarə ordan-burdan xeyli söhbətdən sonra məlum oldu  ki, Kənan kəndə evlənmək məqsədilə gəlib. Əslində Kənan şəhərdə olarkən valideynləri ilə məsləhətləşmişdi.

Kənan: – Anam sizdən gələndən hər kəlməsi…. deyəndə, Gülarə utancaq nəzərlərlə bașını aşağı salır, elə bilirdi ki, xalası yəqin tez-tez Gülarədən danışırmış…

Kənan söhbətinə davam edərək…

– Hə, anam addımbaşı sizin qonşu qızı Mələkdən danışır.

Mələk çox qayğıkeş, ağıllı və qoçaq qızdı. Hər gün ev işlərində anasına kömək edir, həm də dərzi işləyir. Gülarə, sən onu çağıra pilərsənmi, bir bəhanə ilə, mən onunla tanış olum,görüm, necə qızdır?

Anam Mələyi çox tərifləyir,yəqin mənim də,zövqümə  uyğun olar?!

Gülarə bir anlıq çaşdi, təəccübləndi..-

Gülarə gedib Mələkgilin çəpərlərinin yanında bir az dayandı, sonra nə isə fikirləşib, yenidən qayıtdı evə.

Kənan gözlərini onun üzünə dikərək:

Mələk gəlir bura, onu görə biləcəyəm? Görəsən, anamın ərif etdiyi qədər varmı?

Gülarə özünü çox soyuqqanlı apararaq

– Yox, bu gün Mələk işdə növbədədi, evə gəlməyəcək Kənan çox məyus oldu, amma Gülarə çalışırdı ki, bu məyusluğu aradan götürmək üçün Kənanın başını bir təhər qatsın.

– Kənan, bizim yaxşı bağımız var, gedək biraz meyvə yığmağa?

Onlar birlikdə bağa getdilər.

Doğrudan da, bağ çox böyük və gözəl idi. Hər cür meyvələr, güllər vardı.Bağda meyvələrin iyi,güllərin iyinə qarışmışdı.Həqiqətən təbii  gözəllikləri ilə bərabər, bağda ecazkar,təmiz,adamı məst edən bir hava vardı. Kənan elə bil cənnətdə idi. Şəhərin dumanlı havasından belə təmiz havaya düșmək, onunçün behișt idi. Onlar xeyli söhbət edə-edə gah meyvə ylğır gah da zarafatlaşırdılar.Uşaqlıq çağlarından söhbət salıb,dəcəlliklərindən danışırdılar.Axı,uşaqlıq xatirələri hər kəsin qəlbində xoş anlarla yadda qalır. Axşama yaxın evə qayıtdılar. Iki gün beləcə keçdi. Kənan Gülarədən hər dəfə Mələyi çağırmaq üçün xahiş edəndə Gülarə hərdən bir bəhanə gətirirdi. Hər vəchlə Mələyi ondan uzaqlaşdırmaq üçün əlindən gələni edirdi. Gah əldən-ayaqdan gedir,nə isə bişirir, gah da bilmirdi ki,nə etsin ki, özünü Kənana sevdirə bilsin.Artıq məqsədinə çatmışdı. Yavaş-yavaş Kənan Gülarəyə isinişməyə başlayırdı. Elə bil, qiz onu hərəkətləri, qayğısı ilə ovsunlamışdı.

Mələk isə bütün olanlardan xəbərsiz, öz isində idi. Sevə-sevə hər gün səhər tezdən işə gedir, axşam evlərinə qayıdırdı. Atası vəfat etmişdi, anası isə xəstə idi.Bütün ailənin ağırlığı Mələyin çiyinlərində idi. Bütün günü gah işləri ilə, gah da anasına qayğısı ilə əhatələnmişdi.

Mələk…

Kənanın anası kəndə gələndə, Mələyin anası ilə danışmışdı ki, Mələkdən çox xoșum gəlir, oğlumu göndərəcəyəm gəlsin, bilirəm o da bəyənəcək Mələyi.

Evlənib xoşbəxt olarlar. Anası Mələklə bu barədə söhbət etmişdi. O da səbrsizliklə Kənanın yolunu gözləyirdi…Görəsən Kənan necə oğlandı? Hərdən öz-özünə düşünürdü, Kənan məni sevəcəkmi, biz onunla xoşbəxt ola bilərikmi?!

Amma zaman bunu təsdiqləmədi.

Artiq Kənanla Gülarənin arasında bir məhəbbət körpüsü yaranmışdı.

Bir axşam Kənan zəng edib anasına deyəndə ki, Gülarə ilə evlənmək istəyir… Kənanın anası təəccübləndi,amma etiraz etmədi.

Fikirləşdi ki, təki oğlumun istədiyiyi olsun. Əslinda Gülarədən onun da xoșu gəlirdi, amma Kənanla aralarında on yaş fərq vardı. Bir ay keçmədi ki, Gülarə ilə Kənanın toyu oldu. Onlar Bakıda yaşamağa başladılar. Kənan yanğınsöndürmə idarəsində, Gülarə isə xəstəxanada tibb bacısı işləyirdi.Axı Gülarə rayonda tibbi kurs bitirmişdi…

Gülarə özünü çox xoşbəxt hiss edirdi, iki il sonra onların Sənan adlı oğlu dünyaya gəldi. Ailənin sevincinin həddi-hüdudu yox idi. Amma bu xoşbəxtliyin içərisində bir bəd xəbər də vardı. Gülarənin bəzi xəstəliyi ilə əlaqədar artıq ușaq dünyaya gətirə bilməməsi Kənanı sarsıtmışdı. Gülarə bir gözü ilə sevinib,  bir gözü ilə ağlayırdı. O, çalışırdı ki, kədərləndiyini onlara bildirməsin.

İllər bir-birini əvəz edir, quș təki uçub gedirdi. Artıq Sənan böyümüşdü. O, universitetə çox həvəslə hazırlaşmış və istədiyi, “İnşaat memarlıq” fakültəsinə daxil olmuşdu.

Dördüncü, sonuncu kursda oxuyan Sənan diplom işi üzərində işləyirdi.

Axşam yeməyində Sənan ata-anası ila bir stol başında olarkən, ürəyini onlara açmağa cəsarət tapdi:

– Anacan, atacan mən qonşuluqda yaşayan Əsməri sevirəm və onunla evlənmək istəyirəm.

Ata-anasının etirazına baxmadan, israrla onlara elçi getmələrini istədi.

Sənan savadli, qoçaq, hər ișə bacarğı ilə yanaşan oğlan idi. Amma çox inadkar idi. Gülarə:

– Ay bala, bizimlə onların qohumluğu tutmaz…Gəl bu sevdadan əl çək. Sənan isə söz dinləmədən onunla evlənəcəyini iddia edirdi.

Macbur qalan valideynlər onları evləndirib, kirayə eva göndərdilər. Bir il sonra gənclərin Cavidan adlı bir oğlu oldu. Gülarə ilə Kənanın sevinci dünyaya sığmırdı. Biri baba, biri nənə olmuşdu. Onlar uşaq üçün nə lazımsa aldılar, qurban kəsib payladılar. Gülarə hey öz-özünə pirinci nəvəsini sevəliyir, tez-tez şəklinə baxır, hətta dodaqaltı gülümsəyərək: “köpəyoğlu lap atasına oxşayır’ da deyirdi. Lakin Cavidanın gəliși heç də xoşbəxtlik gətirmədi.

Gecəyarı Gülarə telefon zənginə oyandı. Həyacanla dəstəyi götürdü, zəng xəstəxanadan id.i Gülarə eșitdiyi xəbərdən göz yaşları içində boğula-boğula Kənanı oyatmaq istəyən zaman büdrəyib yıxıldi. Onun əlləri əsir, ürəyi tez-tez çırpınırdi. Kənan tez ona dərman verib, əl-üzünü soyuq su ilə yudu. Gülarə ona Sənanın ağır yaralı olduğunu bildirdi. Səbəbini isə açıqlamadı..

Kənan vaxt itirmədən küçəyə çıxıb taksi saxlatdı və təcil xəstəxanaya yollandı. Göz yaşları içində Allaha dua edən valideynlər xəstəxananıın qapısına çatanda Sənanın bütün qonşularını orada gördülər. Gülarənin ürəyi getdi. Kənan vəziyyətin nə yerdə olduğunu anlamaq istəyərkən qonşuların ona təsəlli verməyindən hər șeyi başa düşmüşdü. Sənan artıq həyatda yox idi. Sənana yaxın qonşulardan biri atasının boynunu qucaqlayıb:

– Mən evdə çay içirdim. Partlayış səsinə həyətə çıxdım. Səsin Sənangildən gəldiyini bilib onlara qaçdım. Məndən qabaq o biri qonșu özünü yetirmişdi. Bütün qonşular səsismizə gəldilər. Sənan arxası üstdə yerdə idi. Təcili yardım çağırdıq. Ona qədər əlimizdən gələni etdik. Sən demə evə qaz sızıbmış, o da işdən evə gələn zaman bilməyib işığı yandırmış və bu hadisə baş vermişdir. Bura gələnə qədər nəfəsi üstündə idi. Onun yanından kənara durmamışıą. Həkimlərə yalvardıq ki, ata-anası gələnə kimi yardım edin. Körpə uşağı var, cavandı. Nə isə…Görünür qisməti belə imiş. Allah sizə səbr versin.

Beləcə yeganə oğlunun nakam həyatı başa çatdi. Altı ay sonra oğlunun dərdinə dözə bilməyən Kənan da vəfat etdi. Îllər keçmişdi…Gülarə qocalmışdı. O, tənha yaşayırdı. Qonşuluqda nəvəsinin boynubüküklüyünü, gəlinin isə Üzünü gülər görəndə Gülarənin tüstüsü təpəsindən çıxirdı. Gülarə çörək pulu üçün, kisə, tutqac tikib satırdi.

Günlərini çətinliklə keçirən Gülarə bir gün böyük bir binanın qarşısında dayanmışdi. Yanında zibil qutuları vardi. Onların içərisinə çoxlu parça qirıqları tökülümşdü. Yəqin etdi ki, burda “Modalar evi” var.

Gülarə əlini uzadıb parçanı götürmək istəyəndə, kimsə arxadan bir oğlan onu səslədi. Çevrilib baxanda elə bil yuxu gördü. Gözlərinə inana bilmədi. Çağıran oğlan onun nəvəsi Cavidan idi. Gülarə Cavidana elə sarılmışdı ki… Sanki oğlunun iyini yenidən ondan almağa çalışırdı. Cavidan, nənəsi Gülarənin kənddə qonşuları olan dərzi Mələyin şoferi idi. Maşından düşən isə həmin “Modalar evi”nin sahibi,tanınmış modelyer Mələk idi…