.....

.....

ÖZGƏNİN PALTARI – AYAZ İMRANOĞLU (hekayə)

ÖZGƏNİN PALTARI – AYAZ İMRANOĞLU (hekayə)

ÖZGƏNİN PALTARI
Uşaqlığım ağrılı-acılı keçib. Külfətimiz böyük olduğundan atam paltarımızın birini alanda beşini ala bilmirdi. Dəyişik paltarımız olmadığından bir paltarı məktəbə, çöl-bayıra, həm də evdə geyirdik. Kənd yeri olduğundan alınan paltar tez köhnəlir, kol-kosa ilişib cırılırdı. Anam da cırılmış paltarımıza yamaqlar vurardı. Bəzən şalvarımda iki-üç yerdən yamaqlar olardı. Amma, nədənsə həmin paltarları həvəslə geyərdik.
Həm də biz qardaşlar bir-birimizin paltarını geyərdik. Böyük qardaşımın paltarlarını geyinəndə sevinirdim. Paltarlar əynimə böyük olsa da düşünürdüm ki, mənə çox yaraşır. Axı böyük qardaşımınkıydı!
Eləcə məktəbə gedirdik. Həvəslə oxuyurdum. Otağımızın bir küncündə özümə stol düzəltmişdim. Həmin stolda dərslərimi hazırlayırdım. Otağımız qara suvaq olduğundan və mən üzü divara oturub dərs hazırlayanda hərdən divara baxıb dəhşətlənirdim. Qapqara divar mənə qorxulu gəlirdi. Elə qorxurdum o divara baxanda…Bir gün sinif yoldaşım Nazim mənə bir xəritə verdi. Həmin xəritənin qırağında gözəl bir şəkildə vardı. O xəritəni qara divara vurdum. Həmin andan qaranlıq divar gözəlləşdi. Dünya boyda gözəllik yaşadım…
Bir gün rayonumuzun qəsəbəsində yaşayan anamın xalası Güldəstə nənə bizə gəldi. Özüylə bir kostuyum gətirmişdi. Deyirdi mağaza müdrinin oğlunun geyilmiş kostuyumudur. Evdəkilər təkid etdilər ki, gey. Ürəyimdən keçsə də, geymək istəmirdim. Çox çək-çevirdən sonra geydim. Elə həmin andaca özüm-özümdən utandım. Yad paltarı əynimdə yamaq kimi görünürdü. Bu yamaq anamın şalvarıma vurduğu yamaqdan çox-çox fərqli idi. Elə bilirdim ki, yad paltarı geydiyim üçün ətrafımdan keçənlər mənə kinayə ilə baxır, rişxənd edirlər. Yaşıdım qızlarsa məni kostuyumda görüb hörmətlə yanaşır, hətta meyil edənləri də vardı.
Yad paltarda özgəsi idim. Sanki aldığım nəfəs də özgəsinin idi. Cismim özümün olsa da özüm-özümə özgəsi kimi görünürdüm. Bir gün hirsimi-hikkəmi buxovlaya bilməyib köhnə damımızın özaq daşları olan yerdə kostuyumu cırıb yandırdım. Həmin anlar ocaq daşları mənə elə doğma gəldi ki. Düşündüm ki, ocaq daşları bəlkə də yüzilliklər yola salıb beləcə qaralıblar. Ocaq daşları qədər müqəddəs nəsə varmı? O bir nəslin, bir ailənin ocaq daşıdır. Nollaydı insan öz soyunun ocaq daşı olaydı.
Elə o gündən içimdə imtinalar başladı. O vaxtdan imtinalarla yaşayıram. Nəfsimin imtinaçılığı, özgəsi kimi görünməkdən imtina. Başqasına bənzəməkdən imtina.
İmtinalar məni özüm olmağa gətirib çıxardı. Özümə inamım məni mən eylədi.
İndi özümün özümə yaraşan ulusal geyimim var. Onu geyəndə qürurlanıram. Özümü var edən bu geyim yadın deyil, onu özgəsi geyməyib. Hər dəfə bu paltarı geyəndə uşaqlıq illərində geydiyim yad paltarı yadıma düşür. Görəsən niyə?