Şəbnəm
Hansı ara böyüyüb hekayə danışmağa başladım heç bilmirəm. Dünənə qədərhekayələri böyüklərimizdən eşidərdik. Saatlarla oturub baba, nənələrimizdən maraqlı əhvalatlar, hekayələr dinləyərdik. Sonra da günlərlə təsirindən çıxmaz, həmin hadisələrdən öz anladığımız kimi ibrət alardıq. Hətta bir-birimizlə mübahisə də edərdik. Hərə öz dərrakəsini üstün tutmağa çalışardı. Amma elə hekayələr var ki, nə qədər düşünsən də dərrakəyə sığmır ki sığmır.
O vaxtlar mən doqquzuncu sinifdə oxuyardım. Yaşadığımız həyətdə çoxlu uşaqların olmasına baxmayaraq, mənim bir rəfiqəm var idi. Elə o da tək mənimlə rəfiqəlik edirdi.Günlərimiz bir keçərdi. Saatlarla söhbət edər, deyib gülərdik. Günay birinci mərtəbədə, biz isə ikinci mərtəbədə qalırdıq. Gah o bizə qalxar, gah mən onlara düşərdim. Hər hadisəni, hər söhbəti, hər gördüyümüzü mütləqdir ki baməzə formaya çevirər, həmin hadisəni müxtəlif ləhcələrdə səsləndirərək qəşş edib-edib gedərdik. Elə olurdu ki, gülməkdən yerə yıxılar, özümüzü susdura bilməzdik. Səsimizə anam otağa gəlib məəttəl-məəttəl bizə baxıb nəyə belə güldüyümüzü soruşardı. Onda heç özümüzü saxlaya bilməzdik. O da alışqan vurulmuş kimi gülüşümüz birə min yüksələrdi. Gözümüzdən yaş gələnə kimi gülərdik. Anam da bizdən cavab ala bilməyəcəyini anlayıb, başını yelləyib çıxıb gedərdi. Bax beləcə günlərimizi başa vurardıq. Bir gözümüz gülərək digəri ağlayaraq.
Bir gün, qonşuluqda toy olacaq deyə hər ikimiz də don tikdirmək qərarına gəldik.Günayın anası Sevil xala, məhəlləmizdən üç bina yuxarıda, Şəbnəm adlı qızın dərzi olduğunu dedi. Parçalarınızı alın, gedin tikdirin dedi. Biz də səhəri gün sevincək, uça-uça parçalarımızı alıb, düzəldik Sevil xalanın dediyi Şəbnəmgilə. Qapını bəstə boy, qarabuğdayı, qıvrım saç,iyirmi yaşlarında bir qız açdı.
- Buyurun.
- Salam. Biz don tikdirmək üçün Şəbnəmin yanına gəlmişik. –Günay, dedi.
- Şəbnəmin özüdür ki var, – deyə gülərək dilləndi. – Gəlin keçin içəri ay çəpişlər.
Elə “keçilər” müraciətini eşidən kimi Günayla pıqqıltımız eşidilməsin deyə xeyliəziyyət çəkdik. Gülməyək deyə Günay məni dümsükləyir, mən də onu çimdikləyirdim.
- Hə, gözəllər. Deyin görək nə istəyirsiniz? Hansı formanı düşünüfsünüz?
Şəbnəmin ləhcəsini eşidər eşitməz dodaqlarımız qaçdı. Çünki evə qayıdanda gülmək,əylənmək üçün tam ünvana gəlmişdik. Donumun formasını başa salmaq üçün növbə mənə çatdı.
Şəbnəm ölçülərimi götürə-götürə:
-Az gözlərin nə gözəldir? Laf eşşək gözünə oxşayır ey. Dərdinnən ölənləri yandırıfyaxajaxsan!
Mən həm güldüm, həm də etirazımı bildirdim ki, eşşək gözlü?
- Bə nə?! Eşşəyin heş bilirsiniz, nətər gözəl gözləri var? Dünyada ən gözəl göz eşşək gözüdür. Eh a bədbaxtlar siz həyatda nə görüfsünüz ki? Eşşəh, inəh görüfsünüz ki? Elə bu boz şəhər küçələrindən savayı nə bilirsiz? – deyə Şəbnəm ürəklə eşşəyin gözlərinin ən gözəl iltifat olduğunu mənə sübut etməyə çalışdı.
- Bilirsinizmi qızlar, bizim oralar nejə gözəl idi? Havası, yaşıllığı nəyə desəniz dəyərdi. Mən Füzulidənəm. Buralara köşgün düşmüşüy. Yaşarmış gözlərini barmağı ilə sildi.
- Di başa düşdüm nə istəyirsiniz. Gedin, köpək qızları. İki günə gələrsiniz.
O gündən Şəbnəmin sözləri ağzımızın əzbəri oldu. Elə hey “keçilər”, ”eşşək gözlülər”, “köpək qızları” – deyib gülüşüb gedərdik. Tez-tez yanına getməyə başladıq. Hər gedəndə də plan qurub onu danışdırar, dilindən özünə məxsus sözləri tutar, sonra gəlib təkrar edərdik. Düzü onu sevməyə başlamışdıq. Gülməli olmağı ilə yanaşı, təmiz ürəkli, sadə qız idi. Dəli kimi sevdiyi oğlan da vardı. Fazil.
Hər adını çəkəndə dodaqlarının qaçdığını, gözlərinin parıldadığını görür, hətta ürəyinin döyüntüsünü belə eşidirdik. Biz də onun qar kimi əridiyini görüb sualları yağdırmaq fürsətini qaçırmazdıq.
- Şəbnəm, Fazillə əl-ələ tutursunuz?
- Bə nə!! Nişanlı döyükmü? – deyərək başını qürurla dik tutar, gözlərini qırpmadan xəyallara dalardı. Bizim yanımızda olduğunu bir an unudardı. Biz də göz-qaş edib növbəti sualı kim versin deyə bir-birimizə top atardıq.
- Bəs Fazil səni öpüb? – deyə topu mən tutub sualı verdim.
- Az ağını çıxartdınız köpəyin qızları! – deyə Şəbnəm cırcırama səsi ilə qəribə, abırlı sima alıb, bic-bic gülərək, əlindəki parça ilə çiynimizə vurub, bizi qapıya qovmuşdu.
Başımızı qatmaq üçün biz hər hadisəni qəhqəhəyə çevirərək, Şəbnəm isə arzularına qovuşması üçün gecəsini gündüzünə qatan, uzaq yolları qət edən, qatar səsinə bənzər paltar tikən maşınının taqqıltısı minvalı ilə zaman kim üçünsə bir göz qırpımında, kim üçünsə can çəkişən ötdü.
Düz üç il ötdü!
Biz o gün Günayla çox sevinirdik. Onun toyuna geyinəcəyimiz donları da bizə elə özü tikmişdi. Bu gün, bizdən düz üç bina o tərəfdəki dərzi qızın toyu idi! Şəbnəm dəlicə sevdiyi Fazilinə qovuşurdu!
Bəzən sevinclər vəfasız olur. Bəzənsə don dəyişən. Məncə Şəbnəmin sevinci don dəyişən oldu. O hər birimizin donunu təzələsə də, öz taleyinin donunu dəyişə bilmədi!
Şəbnəm ər evinə düz bizim bina ilə üzbəüz həyət evinə köçmüşdü. Həyətlərinin darvazası mənim otağımdan görünürdü. Beş ay idi ki iş götürmürdü. “Nə də olmasa gəlinin təzə-təzə insan üzünə çıxması qəbahətdir!” Biz də vəfalıca yeni don üçün parçalarımızı, bizə uzun olan ətəklərimizi yığıb Şəbnəmin qapısının açılmasını gözləyirdik.
Həyətimizin dedi-qoduçu xalaları Şəbnəmin əzazil qaynana əlinə düşdüyünü pıçıldayırdılar. Bir evdə iki qayın, boşanmış, iki uşaqlı baldız. Şəbnəm bir otaqdan digərinə icazəsiz keçə bilməzmiş. Qayınları var deyə bəzənə bilməzmiş. Nə də olmasa abır-həya var imiş!
Həmin gün sevincimizin həddi-hüdudu yox idi. Çünki eşitmişdik ki, Şəbnəmin işləməsinə artıq icazə var! Günayla vaxt itirmədən par-parçamızı, donlarımızı yığıb düşdük aşağı. Qol-qola girib Şəbnəmgilin darvazasını döydük. İçimizdə bir az da qəribə hiss var idi.Qorxurduq ki qapını Şəbnəmin sevimsiz qaynanası açacaq. Amma elə olmadı. Qapını Şəbnəmin özü açdı!
- Ay çəpişlər, sizsiniz? Nə yaxşı gəlifsiniz? Keçin, keçin içəri, köpəyin qızları. Nə təhər darıxmışdım sizin üçün.
- Biz də darıxmışdıq. De görək necəsən?
- Yaxşıyam. Gəlin içəri. – deyib bizi evə saldı. Evin girişi geniş qonaq otağı idi. Yan otaqlardan birini də kiçik qaynı evlənənə kimi Şəbnəmə iş otağı kimi vermişdilər. Rahat olmağımız üçün Şəbnəm qapını açarlayan kimi:
- Danış, necə oldu ki səni işləməyə qoydular?
O da işarə barmağını “sakit” işarəsi verərək dodaqlarına apardı.
- Qulağı buradadır. – deyə pıçıldadı.
- Bir zülmlə yola gətirdim. Yoldaşıma yalvarıf-yaxardım ki anası ilə danışıf icazə alsın. Aylardır dörd divar arasında hamıya qulluq etməkdən havalanıram. Həkimə getmişdik.O da dedi ki, uşaq üçün ananın belə darıxması, stressi çox ziyandır.
Bir-birimizə baxdıq. Günayla eyni anda sevincimizdən tullanıb Şəbnəmi qucaqlayıb təbrik etdik.
- Sağ-salamat. Bu nə gözəl xəbər oldu. Heç sənə baxanda hamilə olduğun bilinmir.Hə, Arzu? – deyə Günay soruşdu.
- Hə, elədir. Özü də üzün-gözün canlanıb. Hamiləlik sənə düşüb. – deyərək Günaya qoşuldum.
- Neçənci ayındır? Sevindiyindən Günay sözümü ağzımda qoydu. Şəbnəm də elə hey işarə barmağı ilə bizi susdura-susdura pıçıltı ilə cavab verirdi. Sanki pis əməldən danışırmış kimi daim pıçıltılı danışmağını başa düşmürdüm.
- Şəbnəm, niyə pıçıltı ilə danışmalıyıq ki? – deyə dözməyib soruşdum.
O da qapıya göz-qaş edə-edə:
- Qaynanam gəlinlərin bərk danışıf gülməyinə qıjıx olur. Sonra min bir bəhanə ilə hirsini məndən çıxardıf, yoldaşımla aramızı vurajax. Boş-boş iş çıxardıb zülm edir. – deyə pıçıldadı. Elə bu an qapı tıqqıldadı.
- Şəbnəm!
- Bəli, ana. Qızlar üstlərini dəyişif gedejəhlər.
Biz həyəcanlı halda Şəbnəmin qorxudan çeynədiyi dodaqlarına zilləndik. Əlini dizinə vurub:
- Gördünüz? Ajığına gəldi ki, iyirmi dəqiqədir qapını bağlı saxlıyıf söhbət edirik.Durun, çəpişlər, çıxın gedin.
- Sən nə edəcəksən? Danlayacaq səni?
- Məni boş verin. Kefinizi pozmayın, köpək qızları. Dörd günə həkimə gedəjəm.Uşağın cinsiyyətini də öyrənəjəm. Siz beşinji gün gəlin. Donlarınızı verim, qalsın ətəklər.Onları da araya salıf sonra verəjəm.
Biz otaqdan çıxanda Şəbnəmin qaynanası divanda oturmuşdu. Qorxa-qorxa, sağ olun– deyib evdən qaçdıq desək şişirtmiş olmaram.
İnsan necə öz evində rahat etməz ki? Necə ola bilər ki insan gülüşünü, sevincini,səsini səssizə alar?
“Nə də olmasa, gəlin qaynananın kölgəsidir!”
Mən çox pis xəstələndim deyə Şəbnəmgilə beşinci gün gedə bilmədik. Günay da, məndə, mənim sağalmağımı səbirsizliklə gözləyirdik. Söhbətlərimizin arasında Şəbnəmin qızıolacaq, yoxsa oğlu deyə tez-tez mərcə girirdik. Günay oğlana, mən qıza mərc edirdim. Biz Şəbnəmgilə düz on beş gün sonra getdik. Hamilədir deyə tam sağalmağımı gözlədik.
- Salam, xala. Şəbnəmin yanına gəlmişik.
Salamı alaraq gülümsədi.
- Keçin gözəllər, otaqdadır, – deyə yırğalana-yırğalana önümüzə keçdi. Sanki dünyanı bu yaradıbmış kimi özündən o qədər razı idi ki, içimdən bu qadını itələmək keçdi. Özümü güclə saxladım. Tez içəri keçib, iş otağının qapısını döydük. “Şəbnəm” – deyə səslədik. Bu evin “pıçıltı” qaydası bizi də öz zəhminə salmışdı.
Şəbnəm qapını açdı. Biz içəri girər-girməz: “ – Məncə qızdır, məncə oğlan! Qız-qız!Yox oğlan!” – deyə tullana-tullana sevincək cavab gözlədik.
Şəbnəm taqətini itirərək qapıya söykəndi. Gözləri dolmuş bulud kimi sel axıtmağa başladı. Hönkürtüsünün səsi divarları silkələməsin deyə iki əli ilə ağzını basırdı. Biz çaşqın vəziyyətdə ona baxır, nə olduğunu anlaya bilmirdik. On beş günə bir gözlər necə sola bilərmiş?
Həmişəki kimi “susun” işarəsini verməyi də unutmurdu yazıq.
Dodağını bir-birinə bərk sıxmışdı. İkiqat vəziyyətdə qapıdan kənara çəkilib stulda oturmağa çalışdı. Biz dərhal onun qollarından tutub kömək etməyə çalışdıq. Əsən əlləri ilə balaca uşaq göstərirmiş kimi etdi.
- Uşaqları abort elətdirdi. İki altı aylıq körpə balalarımı, qızlarımı süni doğuş edifaldılar məndən. Bax, bu güldan boyda. Yox. Bu balış boyda qızlarımı öldürdülər!
Şəbnəmin hər əşyada qızlarımı axtarması onun necə ağır bir vəziyyətdə olduğunun göstəricisi idi…
Biz nə edəcəyimizi bilmirdik. Sanki bütün bədənimiz hissizləşmişdi. Gözlərimiz eşitdiklərimizdən bərəlmişdi. Bir şeyi dərk etdik ki, qarşımızda bitmiş bir dərzi qız var…
- Niyə?
Ağlaya-ağlaya, Günay özündə güc tapıb sual verdi. Şəbnəm qan çəkmiş gözlərini güclə qaldıraraq:
- Nəslin birinji uşağı qız ola bilməz! Biz el gözündə rüsvay ola bilmərik dedilər!
- Necə yəni? Sən də razılaşdın? Belə gücsüz oldun? Atan gilə gedərdin, danışıb kömək istəyərdin!
-Sizcə getməz olarammı? Getdim. Yalvarıf ayaqlarına düşdüm. Atam qulaq asmadı.“Qızın kəfəni də ər evindən çıxar” – deyib rədd etdi məni. “Böyüklərindir, nə deyirlər etməlisən” – dedi.
- Bəs Fazil?!
- Bajarmadı…
“Əlbəttə bacarmadı! Nə də olsa bu həyatda övlad tapa bilərik, həyat yoldaşı da taparıq. Amma belə mükəmməl Ana tapa bilmərik!”
Biz Günayla o gün böyüdük! Elə o gün anladıq ki eyni gözdən axan yaş, kirpikləri bir-bir qoparıb ürəyə sanca bilərmiş…
Zaman hər kəs üçün eyni olsa da, hərə onu müxtəlif cür dəyərləndirir. O özü üçün ölçü ilə irəliləsə də, bizim üçün müxtəlif sürətdə görünür. Hətta zamanın belə bir öhdəçiliyidə var. Yaşadıb göstərmək. Çünki yaşananlar qismətlə əlaqədar olsa da, zamandan asılıdır.Zaman keçməsə qismət anlaşılmaz. Tutaq ki kim isə ev almağı planlayır. “Yaşayarıq görərik”– deyir. Kimisi işə düzəlmək üçün çarpışır. – “Yaşayarıq görərik” – deyir. Bəs görəsən Şəbnəm üçün gələn zaman daha hansı yaşanacaqları gətirmişdi?
Üç il sonra…
Allah inada-inad deyib, Şəbnəmə qız övlad payı göndərdi. Şəbnəm durmadan bu şirin pay üçün Allaha dua edirdi. O mələk olmuş qızlarını da unutmurdu. Hər dəfə deyirdi ki,balalarımı əlimdən almasalar, indi üç övladım var idi.
Bir ildən sonra Şəbnəm ikinci dəfə ana olur. Zaman mənim üçün də durmamışdı. Mən artıq bu xəbərləri gəlin olduğum evdən eşidirdim. Xəbəri Günaydan alan kimi o qədər sevindim ki tez telefonu əlimə alıb Şəbnəmə zəng etdim. Ona heç vaxt zəng etməzdik. O üzü qara qaynanasına görə! Çəkinirdik ki Şəbnəmə xoşagəlməz söz deyər. İlk dəfə yığırdım nömrəni. Nə yaxşı ki dəstəyi elə özü götürdü.
- Alo, Şəbnəm, mənəm Arzu. Səni təbrik edirəm. İkinci dəfə ana olmusan.
Hədsiz sevinirdi. Həyat onun üstünə günəş şüalarını hədiyyə etmişdi.
- Çox sağ ol, keçim mənim. Sən böyüyüf ailəli olsan da, mənim üçün həmişə keçi qalajaxsan. Çox sağ ol. Şükür ki üçüncü dəfə ana oldum. Sənin başına gəlsin.
“Üçüncü dəfə ana oldum…” Bu cümləyə elə tutulmuşdum ki. Bu cümlədə necə titrək səs və anlada bilmədiyim qədər nakam arzu kam var idi…
Beləcə zaman, öz axarı ilə, çətinliyi, qayğısı, sevinci, kədəri ilə ötüb keçirdi. Vaxt tapdıqca Günayla danışırdıq. Tez-tez qonum-qonşuları xəbər alırdım. Əlbəttə Şəbnəmi də unutmurdum. Hər kəs kimi o da övladlarına, ailəsinə yetişməyə, işini davam etdirmək üçünvaxtı düzgün bölməyə çalışırdı. Əvvəlki kimi olmasa da işini axsatmamağa çalışırdı. Günaya demişdi ki, işi axsatsam qaynanam bir də çətin məni işimə qayıtmağa qoyar. Biz söhbətlərimizdə tez-tez o daş qadını qınayırdıq. Onun hələ də necə qürurla dimdik gəzə bilməsi bizə toxunurdu. Bizə görə, o cəzasını iflic olaraq almalı idi…
On gün olardı Günayla danışmırdıq. Yeni ailə qurmuşdum deyə tez-tez zəng etməzdi mənə. Bir gün səhər ev telefonumuz zəng çaldı. Götürdüm ki həyəcanlı səslə Günaydır.Aramla danışıb halımı soruşmağa çalışsa da, mən səsindəki tələskənliyi hiss etdim.
- Günay nə olub uzatma de. Niyə səsin qəribədir?
- Necə hiss etdin? Yaxşı, uzatmayım. Arzu, səhəri pis xəbərlə açmışıq.
- Tez denən, ürəyim döyünməyə başladı! Nə olub axı?
- Şəbnəmin yoldaşını elektrik naqili vurub. Yazıq yerindəcə keçinib.
- Nə danışırsan? Yazıq, Şəbnəm. Hələ yeni-yeni özünə gəlirdi axı…
Sən demə Şəbnəmgilin həyət işığı üç gün olardı ki işləmirmiş. Şəbnəm də Fazilə hər gün işığı düzəlt deyə tapşırırmış. Bu pis hadisənin öncəsindəki axşam Şəbnəm qayınanasından güc bəla ilə anası gildə qalmağa icazə alır. Evdən çıxanda Şəbnəm yenə də tapşırır:
- Fazil, qayıdanda görüm ki işığı düzəldifsən. Axşam şər düşəndə uşaqlar həyətdə oynaya bilmirlər.
O da: – Baş üstə! Sən gələnə hazır bil! – deyir.
Şəbnəm nə biləydi ki ailəsinə şər yalnız axşam deyil, ömürlük göz dikib…
Səhər saat səkkizdə Fazilgildə hər kəs yuxudan oyanır. İşə gedən, həyət bacanı süpürən hər kəs öz işinin başına keçir. Fazil də söz verdiyi kimi qalxır işığı düzəltməyə.Amma qalxanda ağlına da gəlmir ki bu ailənin işığını əbədi söndürəcək…
Ailənin qış-qırıq səsinə bütün qonşular tökülür. Şəbnəmə bu qara xəbər iyirmi dəqiqəyə çatır. Yazıq Şəbnəm ayaqyalın, yıxıla-yıxıla özünü darvazadan salan kimi qaynanası və baldızı cumurlar bunun üstünə. Bəxtsizi o ki var döyürlər. Qonşular qızı iki qadının əlindən zülmlə qoparırlar.
- Oğlumu sən öldürdün! Sən qaldırdın onu yuxarı naqili düzəltsin deyə! Sən məcbur etdin! Həyasız! Həyasız! Qatil!
Qatil! Bu ittiham onun dilindən necə də gülünc səsləndi! Haqsız ədalətli dünyada yaşayırıq! Ədalət hər zaman haqlı olmur!
Qaynana bədəlini övladı ilə ödədi! Bir anadan övladını qoparan digər ana övlad dərdi ilə ruhən edam olundu. Övlada övlad! Bu gəminin görünən üzüdür. Məncə ədalətli görünür!Bəs bu “ədalət gəmisi” neçə günahsız yolçusunu suda boğdu? Arzuları solmuş ailə, gözləri yolda qalan iki körpə, ana hikkəsinə qurban gedən övlad.
Gərək günah işləməyəsən. Gec-tez o səni ayaqsız qoyacaq. Sən yıxılacaqsan! Ən qorxulusu da odur ki, yıxılarkən arxanca ard-arda günahsız insanları aparacaqsan.
Bu hələ son deyil. Bu hekayədə unudulan, cavabsız qalan bir qəhrəman da var…Və mən olacaqlardan çox qorxuram…