Yetmiş il sonra – müstəqillik
ŞİRİN NEMƏT
– Ata, yenə gedirsən?
– Getməliyəm, qızım. Amma bir neçə günə dönəcəyəm.
– Bir neçə günə? (Sevincdən gözlərim parlamışdı). Bəs gələndə mənə nə gətirəcəksən?
– Şirin nemət gətirəcəyəm,qızım.
– O nədir elə?
– Onu dadmayan bilməz.
…Belə olmuşdu həmin gün dialoqumuz. Atam Bakıya yola düşəndən sonra şirin nemət haqqında şirin xəyallara dalmışdım. Onu ya dadlı “Nağıl” tortuyla,ya da çox sevdiyim Bakı bulkası ilə müqayisə edirdim. Səbirsizliklə bu şirin təamı dadacağım günü gözləyirdim…
1990-cı ilin 20 yanvar səhəri qara xəbərlə açıldı: hamı gecə Bakıda baş vermiş dəhşətli olaydan danışırdı. İnsanlar narahatlıq içində idilər. Həyəcanla radio və televizayadan durum haqqında ən son xəbərləri öyrənməyə çalışırdılar. Qırıq-qırıq söhbətlərdən başa düşmüşdüm ki, o gecə Bakıda silahlı əsgərlər dinc əhalini qətlə yetirib. Səbəbini isə bilmirdim. Böyüklər anlaşılmaz cümlələrlə nəsə anlatmağa çalışırdılar,amma hər dəfə yeni bir sual ortaya çıxırdı və beləcə, mən bir nəticəyə gələ bilmirdim.
Həmin gecə Bakıda tanklardan açılan mərmilər, avtomatlardan yağan güllələr gəlib uzaq kəndə çatmasa da,həyəcanı insanları bürümüşdü. Şəhərə gediş-gəliş səngimişdi. Bu həyəcan məni də çulğamışdı, bir sual dolaşırdı beynimdə – bəs atam nə zaman gələcək?
Bir müddət sonra atam gəldi. Hamımız onun gəlişinə sevinirdik, təbii ki,ən çox sevinən mən idim. Onun mənə gətirdiyi şirin nemətin nə olduğunu bilmək istəyirdim. O, isə evdəkilərə Bakıda baş vermiş hadisədən danışırdı, sanki məni unutmuşdu. Mən qeyri-ixtiyarı onun söhbətini dinləməyə başladım. Atam danışdıqca sifəti hər dəfə qəribə görkəm alırdı. Bu cizgilərdə qəzəb, kədər,sevinc,qürur hissləri bir-birini əvəzləyirdi. Danışdıqca o anların təsvirini elə aydın yaradırdı ki, sanki biz də o hadisələrin canlı şahidi imişik kimi hiss edirdik özümüzü. O gecənin dəhşətini tam ağrısıyla duyurduq. Edilən vəhşilikləri anladıqca yumruqlarım düyülür, dişlərim qıcanırdı. Tankların insanların üstünə şığıması, heç kimə baxmadan hamını mərmi atəşinə tutması,rus əsgərlərinin əhalini güllələməsi, edilən fəryadların sədası, göylərə ucalan nalə səsi məni hiddətləndirmişdi. Ən dəhşətlisi isə həmin qətliamda məktəbli həmyaşıdlarımın da həlak olması idi…
Söhbətin bu yerində birdən atam mənə sarı döndü. Maraq və hiddət içində olan gözlərimə baxıb əlimdən tutaraq həyətə çəkdi. Qollarını yanlara açaraq başını göyə qaldırıb gözlərini yumdu. Sinədolusu nəfəs alıb qürurla dilləndi:
– Budur, al! Sənə bir dünya azadlıq gətirmişəm! Dünyada ondan şirin nemət yoxdur! O hər kəsin haqqıdır. Yüzlərlə qandaşımın millətimizə bəxş etdiyi azadlıqda sənin də payın var! Onu göz bəbəyin kimi qoru!
Mən çaşqın halda ətrafa,sonra isə səmaya baxdım – şaxtalı qış günündə göy üzündə var-gəl edən buludların arxasından yanvar günəşinin gülümsər gözləri yerə ilıq şüalarını bəxş etməkdə idi. Havadan isə ən çox sevdiyim vanilli Bakı bulkasının qoxusu gəlirdi…
P.S. Bu gün bu şirin neməti bizə daddıran vətənimin igid övladlarının müqəddəs ruhu önündə baş əyirəm!