.....

.....

Zimhəri (15- ci hissə) – İlhamə Kədər

Zimhəri (15- ci hissə) – İlhamə Kədər

Zimhəri15
Balaca mələk uçub gedən gündən soyuq cəhənnəm səssizliyə qərq oldu.
Bütün günü hırıldaşan “ayğırlar”ın belə səsi kəsilmişdi.Qapının və telefonların zəngi belə susmuşdu.Hər şeyi və hər kəsi əsir etmiş sükutun fəryadı qulaq batırırdı.
Boş qalmış balaca çarpayıya “zəncirlənib”qalan Qarışqa bütün olanlardan ayılmaq üçün özünü çimdəkləyir,yumruqlayır,saçlarını yoluşdururdu.Amma bu yuxu heç bir yuxuya bənzəmir,dərinləşdikcə dərinləşir,uzandıqca uzanıb Malikin veyl quyusuna dönürdü.
Bu yuxu neçə gün,neçə ay,neçə il çəkdi bir çox yaşadığı kimi bunu da heç vaxt bilmədi.
Ara bir bu yuxuda Taleh də peyda olur,balaca çarpayının üstündəki ağ dovşanlı mavi adyalı bağrına basıb “Mən sənin yoxluğuna necə dözəcəm oğlum,niyə öldün,niyə atanı belə yandırdın?” deyə hıçqıra-hıçqıra ağlayır,bəzən də özünü yumruqlayıb başını divarlara döyür sonra da kölgə kimi sürünüb yox olurdu.
Sonrakı peşmançılıq mində bir fayda verər o da bu mərmər məzarda yox.
Nə tutulan yaslar,nə verilən ehsanlar,nə çəkilən vicdan əzablar balaca ürəyindəki böyük yüklə dünyadan küskün gedən Nicatı geri gətirməyəcəkdi.
Oğluna bu adı verərkən nicat tapacağına necə inanmışdısa yiyəsizlikdən öldüyünə də elə əmin idi Qarışqa.Vaxtında əməliyyat olsa yaşayacadı,böyüyüb əvvəl məktəbə,sonra əsgərliyə gedəcəkdi…
Böyüdükcə yaşıl gözləri qəhvəyi olacaqdı bəlkə də.
O da sevib -seviləcəkdi,kiməsə məktub yazıb həyəcanla cavabını gözləyəcəkdi.
Kiminçünsə yuxuları ərşə çəkiləcək,kiminsə ona görə yuxuları qaçacaqdı…
Çox şeylər olacaqdı,olmadı.Allahın verdiyi canı bəndə qoymadı yaşamağa.
Balaca,xəstə bir ürək dağ boyda qorxuya,təlaşa necə qalib gələydi ?.
Müharibənin əsirlikdən sonrakı dəhşəti mühasirə sayılır,amma o da dörd divar içindəki müharibə qədər təhlükəli deyil.


Dörd fəsildən sonra “haraya çatan” bacı Qarışqanı dörd divardan zorla çəkib açıq havaya çıxarıb geniş həyətin küncündəki skamyada oturtdu.
Dörd fəsil dörd gün kimi axıb keçmiş,il tamam olmuş,yenidən yaz gəlmişdi.
Fərqli quşların yuva qurub nəğmə oxuduğu budaqlardan yaşıl gözlər
hasarın dibində boyun-boyuna vermiş bənövşələrə gülümsəyirdi.
-Niicaaat,gəl evə.
Elə bil ayağının altında mina partladı,dik atılıb bənövşəliyə düşdü.”Nicat sağdı?”
-Sakit ol -bacısı qucaqlayıb yerdən qaldırdı:
-Təzə qonşudu,uşağını çağırır.
“Bəlkə o uşağı görsəm ürəyim bir zərrə təskinlik tapar” ümidiylə bacısına yalvardı:
-Noolar,məni küçəyə çıxar.
Bacısı “olmaz”desə də qıraqdan baxan Talehin “olar”işarəsiylə küçə qapısını açdı.
Hər iki tərəfi barmaqlarla əhatə olunub,al -əlvan boyanmış çiçək bağçalarının atasıyla on üç,on dörd yaşlı bir uşaq təzə tikilmiş evə tərəf qaçırdı,altı,yeddi yaşlarında olan uşaq isə velosipedlə dairə vura-vura yenicə açmış gülləri qoparıb yola tökürdü.Görəsən bu oğlanlardan hansını çağırırdılar.Bunu bilməyin ən sadə yolunu sınadı :
-Nicat.
Oğlanların ikisi də birdən baxdı.Sürprizlərlə dolu həyat bu dəfə “ağ qoşa”oynamış,yeni tikilən mənzilə iki Nicat birdən gəlmişdi.


Bəzən tarix elə təkrarlanır ki birinci yazılanın unudulmuş nöqtə-vergülü də olur.Elə bil ilahi qüvvə əl yazısını yaralamadan çıxarıb korrektə edir.
Duman içində keçən uzun illər nə vaxtsa bitmiş,daş qəfəsə yeni nəfəs gəlmişdi.
Sarı,qıvrım saçlı şip-şirin,həyat dolu.
Müasir uşaqların əksinə internet yox nağıl maraqlısı olan qanadsız mələyin özü də nağıllardan gəlmişdi elə bil,sirli-sehirli varlığıyla hamını,hər şeyi dəyişmişdi,ən çox da Qarışqanı.
Zümrüd gözlü mələyi üçün hər gün yeni nağıllar danışa -danışa bildiyi bütün nağılların sonuna çatmışdı.Amma nağılların təkrarı yox idi,onda Qarışqa özündən nağıllar uydurmağa başladı.Öz uşaqlığından bəhs edən “Qırmızı torba”
nağılı Zümrüdn elə xoşuna gəldi ki,iki-üç gün ancaq o bağlı istədi.
Ölülərin bayram ziyarətindən sonra “Şahzadə Nicatın nağılı”yarandı.
Sonra bir -bir başqa nağıllar düzüldü uzandıqca uzanıb okeanların dibindəki yaşıl yosunlardan başlayıb göylərin yeddinci qatındakı mavi sonsuzluğa uzanan iplərə.
Hər şey nağıldan ibarət idi yenidən başlayan müharibədən başqa.
Bu müharibə nağıla dönən həyatın tək reallığı olsa da qısa zaman ərzində özü də nağıllaşmağa,əfsanələşməyə başladı.
Bu dava illər əvvəlki davaya bənzəmirdi,burda can verənlər alov saçan əjdahalara dönüb yenidən qayıdırdı döyüşə.
Bu davada şəhid olanları toy-bayramla qarşılanır “mübarək olsun” deyirdilər.
222-nin uşaqlıq dostu da bu müharibədə mübarək oldu.Üç balasının üstünə üç rəngli bayrağa sarılmış tabut və üç medal gətirdilər.
Bu davadan gələn tabutlara analar,bacılar,sevgililər çiyin verdi.
Bu davanın nağıla ehtiyacı yox idi,bu dava özü nağıllar aləmiydi.
Nağıl danışa-danışa pəncərədən baxan Qarışqanın gözünədə hündür binalar,daş hasarlar hətta ağaclar belə silinmişdi.
Hər tərəf düz-düzəngah idi,bu düzəngahın o başında döyüş bölgəsi idi.Bu döyüşün necə getdiyini aydınca görürdü Qarışqa:
Bu döyüş rəssam qarşısında açılmış təzə kətan kimiydi,o başdan bəri rənglənə-rənglənə gəlirdi.
555 uzun yallı,qaşqa atını dəniz kimi dalğalanan yaşıl otların atasıyla sərhəddə tərəf çapırdı.
İskəndər topunun,Albert tankının lüləsini çiçəklərlə bəzəyirdi.
Qənbər bəy hamamından çıxmışdı.
Doğru Qamətin əyilmiş qaməti qələmə kimi dikəlmiş,dişləri sıralanmışdı.
Əvəlik dəni siyirən uşaqlar qucaq dolu çörək daşıyırdı evlərinə.Hamısının da qolu-qıçı yerindədi.
Raket zərbələrindən budanmış vələslərin gövdəsi ipək yarpaqlı budaqlara bürünmüşdü.
Ağzını göyə açıb zülüm-zülüm ağlayan çınqılların arasından fışqıran ağ fəvvarə qırmızı çiyələkləri mərcan kimi parıldadırdl.
Qaya arası yolla sərv boylu,yosun gözlü bir hərbçi döyüşə tələsirdi.
222 gözlərini yumub sərin havanı ciyərlərinə çəkdi.Daha barıt və qan qoxusu yox idi,ilin ,günün bu vaxtı,yəni payızın
qışla qovuşduğu vaxtda havadan aprel qoxusu gəlirdi.

Son.