Ağrılı misralar
Gündüzlə gecənin olduğu kimi
Sənin də, mənim də eşqimiz vardı.
Nurlu sabahlara verdim sevgimi,
Qaranlıq gecələr çəkib apardı.
Necə sevinc saçım, mən necə gülüm?
Qəm-kədər yolunu məndən salıbdır.
Hər kəsin gözündə sevgi gül açır,
Mənimsə gözümdə həsrət qalıbdır.
“Məhəbbət” dedilər, səndən danışdım,
Üzümə baxdılar, dəli saydılar.
Bəlkə anlayardı onlar da məni,
Mənimtək ağrılar yaşasaydılar.
İllər də ötüşür sənsiz quş kimi,
Özümü heç yanda tapa bilmirəm.
Ruhum da üşüyür yayda qış kimi,
Günəşli günlərə çata bilmirəm.
Əli həsrət adlı bir yük götürüb,
Heç bilmir ömrünün harasındadır.
Sanki ömrünü də nakam bitirib,
Sevgisi qəlbinin yarasındadır.
Barı
Eşqin olmaz nə əvvəli, sonrası,
Uzaq düşdün, ay könlümün sonası,
Qoy qanasın ürəyimin yarası,
Gəl, gözümün qanlı yaşın sil barı.
Mən heç kimi sevməmişəm sən qədər,
Hər telimdə yuva saldı qəm-kədər.
Yoxluğunla çox sınadın, bəxtəvər,
Yolun düşsə, mən tərəfə gəl barı.
Bəxş etmədin sən heç mənə “yar” adın,
Daha bəsdir, yoxluğunla sınadın.
Söylə, şair, çox üzüldün, ağladın,
Mən gəlmişəm, sevin barı, gül barı.
Səni qatdım yaşanan hər anıma,
Məhəbbətin ağrı saldı canıma.
Sağ vaxtımda gələmmədin yanıma,
Son ünvanım məzarımı bil barı.
Ağrı
Gizlədirəm həsrətini ürəkdə,
Ağrıları barmağımda bilinir.
Gözlərimdə islananda xatirən
Torpaq üstə ayaq izin silinir
Keçir həftə, ötüşür ay, il gəlir,
Sevgi sözü dodağımda buz olur.
Sənə baxsam, yorğun gözlər dincəlir,
Sənsiz eşqin alovu da köz olur.
Apardığım bu qovğada, savaşda
Səni niyə ilmə-ilmə itirdim?
Yoxluğunu göz yaşıma çevirib
Məzarına sevgi suyu gətirdim.
O yaşlarla isladıram torpağı,
Hər yanından gül- çiçəklər ucalır.
Sol yanımda gizlətdiyim məhəbbət
Dillə ürək arasında qocalır.
Necəsən
(Nəzirə)
Göz-gözə baxışdıq sənlə bu səhər,
Gözümdə canlandı, keçdi “bəlkə”lər,
Can atıb yaxına gəldim nə qədər,
Soruşa bilmədim, canım, necəsən?
Aradan keçibdir neçə vaxt, vədə,
Unudub atmısan məni bəlkə də,
İstədim soruşam səndən yenə də,
Tərk edib gedəndən, zalım, necəsən?
Nur saçan üzünü gördüyüm zaman,
Ürəyim sinəmdə eylədi üsyan.
İllərdi rəsmini sevdiyim insan,
Ötüşmür sənsiz bir anım, necəsən?
Saçına sığallar çəkirdi külək,
Yarı xəyal idin, yarısa gerçək.
Əlini sevgisiz buraxan mələk,
Ey mənim pətəyim, balım, necəsən?
Əli Musaoğlu