***
Əslində sevmirəm bəhanələri,
Gözümdə ən ucuz yalana taydı.
Bəhanə yerinə, yalan yerinə,
Kaş ki ürəklərdə sevgi olaydı.
Bəhanə düşməndi, bəhanə yağı,
Dost tanış içində gözdən düşərsən.
Qırdığın ürəyi, ovundurmağı,
Sonra ömrün boyu fikirləşərsən.
Bu idi düşüncəm, bu idi fikrim,
Özüm də neçə yol könül qırmışam.
Səndemə görmədən, bilmədən heç kim,
Sevməyə bəhanə axtarırmışam.
Kitablar bələdçim, kitablar nurum,
Kitablar, sevməyə bəhanəm oldu.
Əyilməz vüqarım, sınmaz qürurum,
Sındı, kitab satan qıza vuruldu.
***
Deyirlər xəyalın göydədir hər an,
Niyə bağlarını kəsdin yer ilə,
Axı nə fərqin var ata babandan,
Səni nə bağlayır göylə bir belə?
Göydə nə nisqilim, göydə nə dərdim,
Eşqimin gücünü göydə görürlər
Bircə körpələri sevə bilirdim,
Onlar da ölürlər, öldürülürlər.
Yer mənim gözümdə bir qara pərdə,
Nə eşqin ləzzəti, nə ömrün dadı?
Ölüm də günbəgün düşdü dəyərdən,
Yerdə sevilməli heç nə qalmadı.
***
Ətrini yellərə tapşır gətirsin,
Özünü yollara vur, qayıt gülüm.
Dağıt qəlbimdəki hicran qəsrini
Özünçün səltənət qur qayıt gülüm.
Həsrətin eylədi toz aydınlığı,
Qayıt qismətimə yaz aydınlığı
Gətir gözlərimə gözaydınlığı,
Gətir gözlərimə nur qayıt gülüm.
Sazəndə saz dilər, neyzən ney dilər,
Aşig yar arzular, xanım bəy dilər.
Bir sözü bir dəfə deyən şeydilər,
Dur qayıt, dur qayıt, dur qayıt gülüm.
***
Özgələr gözümdə yüksəlir hərdən,
Düşür zaman zaman gəl öz adımsa.
Qoy düşüm gözümdən eybi yoxdu mən,
Kəm baxan gözlərə ox olmadımsa.
Öyürəm yazdığım sözləri bir bir,
Bilirəm bu fikir düz deyil, qəti.
Qədri bilinməyən yerdə heçnədir,
Nə qədər olsa da sözün qiyməti.
Əlimə düşəndə xoşhallanıram,
Hərdən söz meydanı, yazıram onda.
Qıvrıla- qıvrıla qalıb yanıram,
Meydanı boş görüb naşı cumanda.
Adımı çəkəndə məndən böyüklər,
Bəzən əjdahalar siyahısında,
Çiynimə əjdaha yükünü yüklər,
Qarışqa ömrümün kor qapısında.
Düşüncəm özümdən xəbərsiz yəni,
Hər an, hər dəqiqə söz ovundadır.
Heyif ki təbimin şıltaq köhləni,
Qatı qayğıların cilovundadır.
Deməzdim, düşməyib çətinliklərə,
Deməzdim, ürəyim sevgidə xamdır.
Di gəl ki açılmır bəxtim bir kərə,
Bu mənim göz dağım, könül yaramdır.
***
Sevməyə taqətim yox,
sevilməyə həvəsim.
Nə buna ömrüm çatar,
nə yetişər nəfəsim.
Əlin üzüb dünyadan
qapanasan evə sən,
İşin gücün olmaya
elə ancaq sevəsən.
Onda sevmək gözəldir,
onda sevilmək şirin.
Görənlər deyər səni,
dərdi yox bəxtəvərin.