.....

.....

Gəlsin Dədə Qorqud adını qoysun – Gülnar Səmanın şeirləri

Gəlsin Dədə Qorqud adını qoysun – Gülnar Səmanın şeirləri

Dədə Qorqud

Mən sənin sevginə ad qoyanmadım,
Sən mənim eşqimin soyadı oldun.
Adım parçalandı dilində sənin,
İlkin hecasıtək ona da güldün.

Bu adsız sevgimin ünvanı sənsən,
Yol tapır qəlbimə sənin adınla.
Eşqini keçirtdim öz adıma ki,
Gedib əlbir olar başqa qadınla.

Sevgidən adını unudanların
Dili ömrü boyu bircə ad saysın.
Adsız sevgin ilə ad çıxarmısan
Gəlsin Dədə Qorqud adını qoysun.

Töküldü

Yel əsdi, qoz tökülmədi
Dil əsdi, söz tökülmədi
Əl əsdi, göz tökülmədi
Gözlərdən yuxu töküldü.

Bir gül ilə yaz olmadı,
Bir “sən öl”ə üz olmadı,
Bir-birinə az olmadı,
Azlardan çoxu töküldü.

Ləli-ləlinə çatmadı,
Əli-əlinə çatmadı,
Əlli-əlliyə çatmadı,
Yüzlərdən qırxı töküldü.

Ölümün gözünə
dik baxmaq
sənin gözünə
çəp baxmaqdan yaxşıdır.
Tətiyi sıxmaq
sənin ürəyini
sıxmaqdan yaxşıdır.

Sənin üçün ölmək
sənsiz ölməkdən yaxşıdır.
Səninlə ağlamaq
sənsiz gülməkdən yaxşıdır.

Ölümünə sevmək
deyərlər buna.
Sevdiyinə qıymaz
susayar öz qanına.

Sən heç vaxt
xoşbəxt ola bilməyəcəksən,
çünki heç vaxt
öz xoşbəxtliyinin
arxasınca getməmisən,
həmişə başqalarının
bədbəxtliyi arxasınca qaçmısan.

Heç mən də
xoşbəxt ola bilməyəcəm,
çünki başqalarının
xoşbəxtliyinin arxasınca getdikcə
öz bədbəxtliyimə tərəf qaçmışam.

Sən xoşbəxtliyi
başqalarının bədbəxtliyi
üzərində qurmaq istədin.
Mənsə, başqaları
bədbəxt olmasın deyə
elə bilmişəm,
xoşbəxt olmaq haqqım yoxdur.

Mən

Yuxuna haram qataraq,
Dan yerini sökürəm mən.
Hər an adımı tutaraq,
Çəkəcəyin fikirəm mən.

Cilovlamayıb səbrini,
Özün qazmısan qəbrini.
Sənin olmayan abrını
Ətəyinə bükürəm mən.

Dərə keçib, dağ aşanda,
Getdiyin yolu çaşanda,
Tanrı yadına düşəndə,
Eylədiyin şükürəm mən.