.....

.....

“Günəş sığal çəkir gülən üzünə” – Qəhrəman Kamiloğlu (şeirlər)

“Günəş sığal çəkir gülən üzünə” – Qəhrəman Kamiloğlu (şeirlər)

Dar ağacım.

Dar ağacım, yaxın gəl
Gözlərimdən as məni!
Gizlicə as,xəlvət as!
Görməsin heç kəs məni.

Qoy sakitcə boğulum
Nə qorxum,nə sıxılım.
Qollarına yıxılım
Tez bağrına bas məni!

Kimsə görər, saxlayar
Apar məni,tez apar!
Görən olsa ağlayar
Oyadar bu səs məni!

Səssiz ölüm, qoy hələ!
Məni hamı sağ bilə.
Ürəyində dəfn eylə
Şəriətə xas məni!

Dar ağacım, ölmədim
Gəl təzədən as məni!
Sənin kimi ürəkdən
Sevmədi heç kəs məni!

Tənhalıq

Tənhalıq?! Xoş gəlmisən!!
Keç! qapıda dayanma.
Sən ki tez- tez gəlirsən.
Öz evindir,utanma!

Onsuz soyuqdur hər yer.
Soyunma,keç eləcə.
Sevincimi görmədin?
Burda idi indicə.

Kədəri də, qəmi də
Gətirmisən özünlə!
Görən hələ neçə gün
Qalmalıyam sizinlə!

Azdır,çoxdur hər kəsin
Vüsalına qənimsən.
Alnımdakı qırışım
Saçımdakı dənimsən.

Üzümdəki saqqalın
Ağları da sənindir.
Ayrılığın ən acı
Çağları da sənindir.

Ye ömrümü! götür ye!
Buyur, hər cür yemək var.
Damla- damla göz yaşı,
Parçalanmış ürək var.

Girib mələk cildinə
Sarılmısan boynuma.
Gündüzü gəz yanımda
Gecə də gir qoynuma.

Əlindən itirdiyim
Başımın üstündəsən.
Kirpiyimin ucunda
Qaşımın üstündəsən.

Gözlərimin içində
Səhərəcən oyaqsan.
Niyə qoymursan yatım?!
Sən nə üzlü qonaqsan!

Gül- çiçəkli ömrümü
Sən eylədin ağ-qara.
Necə edim bilmirəm
Səndən canım qurtara…

Ürəyinə götür məni.

Bu yol yaman dolaşıqdır
Tut əlimdən ötür məni
Yox, daha gedə bilmirəm
Ürəyinə götür məni .

Yolumda günəş ol, parla!
Bir az sığal çək, tumarla
Sonra ruhumu hamarla
Qoyma kələ-kötür məni

Astarımı üzə çevir.
Ən sevdiyin sözə çevir
Alınmasa toza çevir
Kirpiyinlə süpür məni.

Yenə birləşib daş olum
Yenə sənə yoldaş olum.
Gözündə bir cüt olum
Sal gözündən itir məni.

Sonra yenə çağır, səslə
Qaçım gəlim min həvəslə
İstəyirsən qoru ,bəslə
İstəyirsən bitir məni.

Dəliyəm, məndən incimə.
Sən də qoşul sevincimə
Saf qəlbinin bir küncünə
Toxu sətir-sətir məni.

Öləndə çəkməyim zülüm
Beləcə qoynunda ölüm
Ürəyinin dibinə göm
Son arzuma yetir məni.

Sonra bax!

Əlindən tutduğun qolundan kəsər,
Boğulan birinə əl ver, sonra bax!
Yaxşılıq yaxşıdır bir yerə qədər
Gülün də suyunu bol ver,sonra bax !

Düşəndə zülmətə yetiş heyinə
Gözünü verərsən, yenə deyinər.
Hər dəfə ətirli gül verdiyinə
Bir dəfə ətirsiz gül ver,sonra bax!

Deyəcək Günəş ver şam verdiklərin.
Arzuya çatdırıb kam verdiklərin
Kim imiş çörəyi tam verdiklərin!
Bir dəfə parasın böl ver,sonra bax!

Hər sazı olana aşıqdır demə
Hər suya düşənə balıqdır demə
Arxada qalana yazıqdır demə
Kənara çəkilib yol ver, sonra bax!

Budaqdan istəmə yoxdursa kökdə
Şorandan çıxarıb bəsləmə ləkdə
Nə qədər qoruyar ad kişilikdə
Kişiyə kürsü ver, pul ver, sonra bax!

Pəncərə.

Bir üzü soyuqdur, bir üzü isti
Pərdə arxasında nə var, gizlidir.
Bütün pəncərələr gözü kölgəli,
Bütün pəncərələr ikiüzlüdür.

Bir üzü işıqlı,bir üzü zülmət.
Əsirlik içində azad bəxtəvər!
Bir adi pəncərə sirr dolu hikmət
Nə yerdir, nə göydür,
nə çöl ,nə içər!

Günəş sığal çəkir gülən üzünə
Ağlayan üzündə həsrət göyərir.
O üzdə qalanlar gəlmir özünə
Bu üzdə olanlar özündən gedir.

Ən çətin suallar ikibaşlıdır
Ən asan cavablar nədir,bilən yox!
Bütün pəncərələr gözü yaşlıdır
Tək bircə gözünü durub silən yox!

Pəncərə insanın edam kürsüsü
Hər kəsi gözündən asan canidir.
Bütün sevgilərin fərqlidir üzü
Bütün pəncərələr üzdən eynidir!

Dünya dedikləri bu pəncərəymiş
Bir üzü həyatmış,bir üzü ölüm!
O üzün bu üzlə fərqi nə imiş ?
Tanrıdan savayı kimdi bilən? Kim?!

Bir üzü soyuqdur, bir üzü isti
Pərdə arxasında nə var, gizlidir!
Bütün pəncərələr gözü kölgəli
Bütün pəncərələr ikiüzlüdür!