Məndən sonra
Məndən sonra hicran yolun,
Bağla, bağlaya bildikcə.
Ömrün boyu ağ bəxtini,
Haqla, haqlaya bildikcə.
Qorumadın bu ürəyi…
Bərk saxla, olar gərəyin –
Bağışladığım çiçəyi
Saxla, saxlaya bildikcə.
Coşdurmadı söz sinəni,
Yandırmadı köz sinəni.
Məndən sonra öz sinəni,
Dağla, dağlaya bildikcə.
Göyərtdinsə dərd daşını,
Axtarma itən başını.
Ağla, silim göz yaşını,
Ağla, ağlaya bildikcə.
Bəxtimi
Bu mən, bu bəxtim, bu da sən,
Ya danla, ya söy bəxtimi.
“Şair bəxti, oyan!” – deyib,
Tut silkələ, döy bəxtimi.
Bildiklərim ki, sirr deyil,
Hər yanan ocaq pir deyil.
Həyat beş-on şeir deyil,
Tərifləmə hey bəxtimi.
Tale məni qapıb yordu,
Nə tez belə tapıb yordu?
Fələk harda çapıb yordu,
Bu laçın, bədöy bəxtimi?!
Qalanda yolsuz yollarda,
Baxdı keçdi dost da, yar da.
Allah bilir Allah harda,
Yazıbdı “köntöy” bəxtimi.
Hələ çox kiçikdi dünya
O qız bu bəxtə gül əkməz,
Burda bir kimsə ev tikməz..
Bir ev həsrətimi çəkməz,
Axtarmaz, itirməz məni.
Bu da səhər, bu da sabah,
Nəyi dəyişdi ki, bu ah?!
Sevdiyim, sevdiyim Allah,
Dərdimdən ötürməz məni.
Demə qandı, çirkdi dünya,
Oyuncaq-evcikdi dünya.
Hələ çox kiçikdi dünya,
Götürməz, götürməz məni.
HƏLƏ UŞAĞIQ, QADASI
Bu həyat tanışdı bizə,
Dünya bir qarışdı bizə,
Qızmar yay da qışdı bizə,
Hələ sazağıq, qadası.
Təpədən zirvə gözləmə,
Dayanma, get…və gözləmə,
Gözləmə, meyvə gözləmə,
Hələ yarpağıq, qadası.
Ömür od üstə bişməkdə…
Qəfil dönüb dəyişməkdə,
Dilləşməkdə, deyişməkdə,
Hələ qoçağıq, qadası.
İçilməmiş bulağıq biz,
Yazılmamış varağıq biz,
Vallah, hələ uşağıq biz,
Hələ uşağıq, qadası.