.....

.....

İntihar şərbəti – Yadigar Təvəkgülün şeirləri

İntihar şərbəti – Yadigar Təvəkgülün şeirləri

Asılım baxışlarından

Bir dəfə “Yox” demə sözümün üstə,
Sonra unut, getsin, mən də unudum.
Ovunum bir kəlmə sözün odunda,
Gözümün yaşını sözlə qurudum.

Qəlbimdən aparma istəklərimi,
Didib-parçalama, sındırıb-tökmə.
Sənə sığınmağa gəldiyim vaxtda
Qırıb ümidimi kədərə bükmə.

Bir dəfə sən söylə “Gözümün üstə”,
Dəniz hədiyyə et yağışlarından.
İsti baxışınla oxşa ruhumu,
Mən asım özümü baxışlarından.

Qərib sevgi

Mən sənin yadından çıxa bilərəm,
Köhnə libas kimi unudularam.
Yeni xəyalların əhatəsində
Mən özgə olaram, mən yad olaram.

Mən sənin yadından çıxa bilərəm,
Küskün bulud kimi yağışlayarsan.
Qırdığın ürəyin ahın, naləsin
Özünə bəs necə bağışlayarsan?

Mən sənin yadından çıxa bilərəm,
Yadına düşməyən öz adın kimi.
Bütün şeirlərdə səni oxşayan,
Özü şeir olan bir qadın kimi.

Mən sənin yadından çıxa bilərəm,
Sən mənim yadımdan niyə çıxmadın?
Qoşuldun payızda köçən quşlara,
Bu qərib sevgiyə yiyə çıxmadın…

Olar

Bilməz idim ki, bu eşq bir bu qədər dərd-qəm olar,
Artırar qəlb yükünü, gözlərim hər dəm nəm olar.

Dedilər, sevgi müsibətdir, məhəl qoymadım heç,
Nə biləydim, sevərəm, könlümə hicran cəm olar.

Sındırar qol-qanadın, ruhunun evin dağıdar,
Səmasın azad edər, uçmağa qanad kəm olar.

İçər eşq badəsini, sərxoş olar dərdli könül,
Gəzər avarə kimi, gözündə dünya dəm olar.

Bilməz idim ki, bu eşqin darıxmaq atəşi var,
Könül aşiqi hər an od-alovla həmdəm olar.

Yadigar, eylə nəzər, haqqa çatan yoldur bu eşq,
Uca bir dağdır, müdam zirvəsində çən cəm olar.

İntihar şərbəti

Nə qədər “Yazma”, desəm,
Bənd olma sözlərimə.
Havadan, sudan danış,
Qurbanam gözlərinə.

Sükutundan od alıb,
Sussan, ürək alışır.
Hicran donunu geyir,
Qəm-kədərə qarışır.

Ovuclanır göz yaşım,
Yastığımda sellənir.
Tufan qopan qəlbimə
Sükutundan sel gəlir.

Susub edam kəndirin
Boynuma keçirirsən.
İntihar şərbətini
Əlinlə içirirsən.

Bax

Buludların özünə yağışı eşqim verib,
Qəfil günəş oduyla məni göynədənə bax.
Məhəbbətin gözündən doğulan mən olmuşam,
İndi uzaq sevgini mənə öyrədənə bax.

Misra-misra bölünən həsrətindir içimdə,
Ağrılarım əkizdir – şeir, qəzəl biçimdə.
Mənəm karıxıb qalan bu sevdanın köçündə,
İndi uzaq sevgini mənə öyrədənə bax.

İllərin hicranıdır kirpiyimdən asdığım,
Nə qədər göz yaşma şahid olub yasdığım.
Məhəbbətin közüdür ürəyimə basdığım,
İndi uzaq sevgini mənə öyrədənə bax.