Hüseynim, eşq nədir söylə, söyləyim sənsən.
Mən iqtida edirəm eşqə, örnəyim sənsən.
Görən hüzuruna yetsəm nə istərəm səndən
Ki, istəyim sənsən.
Sənə nə şer yazım?! Həqqin ən şirin sözüsən.
Nəyin gözəldi deyim?! Sən gözəlliyin özüsən.
Səni görənmi var aləmdə gözlərindən öpüm?!
Sən aləmin gözüsən.
Cahanə küfr arasından sızan şəfəqsən sən,
Qanı Quranı dirildən vərəq-vərəq sənsən.
Dilərsəm həqqinə dair dəlil, dilim qurusun,
Dəlili-həq sənsən.
Sənin qanın elə dərya olub ki, səhradə
Min ildə min dənə firon batıb bu dəryadə.
Bu qanı badə verib xeyrə çatmağı düşünən
Özün verib badə.
Haram xəyalları başdan qovan xəyalındır,
Odur ki, başımı istə, verim, halalındır.
Kamalın heç nəyi yoxdur demə, Hüseyni ki, var,
Nə var Kamalındır.
***
Hökm edir ərşə bir ulduzlu hilal, seyrinə dal,
Parlasın gözlərin ulduz kimi, ey qaşı hilal.
Külə döndüm sənə olsun deyə qismət bu qürur,
Cismimi büs-bütün atəş bürüdü, ruhumu nur.
Kükrədim fırtına tək gah oyana, gah buyana,
Qoymadım doğma səmalarda ögey yel dolana.
Can quşum tərk eliyincə bədənin dar qəfəsin,
Elədim aləmi dar düşmənə, kəsdim nəfəsin.
Tutduğum zirvədən ötrüydü həyatə gəlişim,
Kəsə getdim yolumu, qalmadı dünyadə işim.
Mən bəqa aşiqiyəm, yoxdu fənalıqla aram,
Almışam aləmi ağuşuma, hər yerdə varam.
Ocağın sönsə odam mən, evin od tutsa suyam,
Səndən ayrılmamışam,hər nə görürsənsə oyam.
Ruhumun qüdrəti ruhundadı, dik tut başını,
Ağlama, saxla zəfər müjdəsinə göz yaşını.
Qoyma nəm çəkməyə kipriklərini, qeydinə qal,
Qalxıb innən belə xəzri saçına çəksə sığal,
Əyilib öpsə üzündən gilavar bil ki, mənəm,
Bir zaman həmvətən idim sənə,indi VƏTƏNƏM!
***
Olmazın zülmüdü aşiqçün hər ” olmaz, olmaz”.
Sərvərim, olmasa olmaz məgər ” olmaz olmaz?! “
Məni odla daha qorxutmağa dəyməz, dəyməz.
O cəza ayrılığından betər olmaz, olmaz.
Min Sevincə ürəyim dərdini satmaz, satmaz.
Bir vüsal zövqü bu hicran qədər olmaz, olmaz.
Aşiqin canıdı sərmayəsi, batmaz, batmaz.
Belə sevdadə, əzizim, zərər olmaz, olmaz.
Olsa bədbəxt, dözər bəxtinə dinməz-dinməz,
Bəxt dərsində deyil, bəxtəvər olmaz olmaz.
Aylığı ayı tamam etməyə çatmaz çatmaz.
Hər çatışmazlıq onunçün kədər olmaz, olmaz.
Olmasa qəlbdə eşqin gecə bitməz, bitməz.
Min günəş doğsa səmadə, səhər olmaz, olmaz.
Şeri Allah bizə verdi, sənə verməz, verməz.
Sən gözəlsən, gözələ simu-zər olmaz, olmaz.
Yarının döy qapısın, ey Kamal, açmaz açmaz.
Canı kandarda da versən zərər olmaz, olmaz.