Payız
Nə yaxşı gəlmisən! Səninlə indi
Rəngli xəyallara dalıram, payız.
Qızılı saçının gözəl ətrini
Hər tindən, küçədən alıram, payız.
Xəzanın içində gəzir izlərim,
Sehirli aləmə düşür gözlərim,
Baxdıqca sevinir, gülür sözlərim,
Dərdləri atından salıram, payız.
Ürəyim çırpınır yaratmaq üçün,
Arzuya, murada tez çatmaq üçün,
Şeirimin sətrinə rəng qatmaq üçün,
Səndən bircə yarpaq çalıram, payız.
Sevdim
Gecikmiş qiymətin nə mənası var?
Yerində verilən qiyməti sevdim.
Ürəkdən ürəyə düşən işığı,
Hər zaman xoş olan niyyəti sevdim.
Sevmədim şəfqəti az olanları,
Çənəsi qeybətdə saz olanları.
Sevdim ürəyində yaz olanları,
Mehri, məhəbbəti, ülfəti sevdim.
Sevən könülləri zülmət gec alar,
Nifrətə qapdırsan dönüb heç olar.
Əl əldən yapışar qüvvət, güc alar,
O üzdən birliyi, vəhdəti sevdim.
Susdum acılarım qapı döyəndə,
Ümidlər başını yerə əyəndə,
Qəlbimə tikanlı sözlər dəyəndə,
Çəkildim özümə, xəlvəti sevdim.
Ayın da, günün də bir tərəfi var,
Ürəyin balaca sirr tərəfi var,
Axtarsan, hər gözün tir tərəfi var,
Özgədə qıl seçməz cəhəti sevdim.
Tək-tək
(Dodaqdəyməz təcnis)
Şair, sınaq eylə, ələkdən keçir
Şeirlə qalxarıq ayağa tək-tək.
Seçilər dərindən-dərin ağıllar,
İşində qalar xan, ay ağa tək-tək.
Hər kəsin atəşin hər an yanar san,
Sinəsi şeirli insan, ya nar san.
Acın qalaqlansa, sən də yanarsan,
Ərşdən dərd, kədər də a yağa tək-tək.
Aşiqsə şeirə Həvva, ay yarsa,
Nahaqqın sinəsin haqq da, ay yarsa,
Qaranlıq dediyin aydın Ay yarsa,
Çıxarıq qaradan ay ağa tək-tək.
Həvva Nazim
10.03.2023
OLUR
(Qıfılbənd)
Xəbər sorum “Söz Mülkü”nün əhlindən,
O nədir ki, bir ömürdə üç olur?
O nədir ki, bəsləsən də bağ kimi,
Qöncələnir, çicək açır, heç olur.
O nədir ki, heç bir öndə əyilməz?
O kimdir ki, heç günahkar deyilməz?
O nədir ki, böyüyəndə yeyilməz?
O nədir ki, yesək bizə suç olur.
O nədir ki, üryan, libas geyinməz?
O nədir ki, əzilsə də üyünməz?
Qəribli də heç nə ilə öyünməz,
Axırında bir məkana köç olur.
18.06.2024
Şahlar Qəribli
Olur
(Qıfılbəndə cavab)
Uşaqlıqdı, cavanlıqdı, qocalıq
Bu dövrdür, bir ömürdə üç olur.
Bəslənərək qönçələnən, gül açan
O ömürdür, axırında heç olur.
Haqq kəlməsi nahaq öndə əyilməz,
Yaradandır, heç günahkar deyilməz,
Ana südü böyüyəndə yeyilməz,
O haramdır, yesək bizə suç olur.
O iynədir, üryan, libas geyinməz,
O torpaqdır, əzilsə də üyünməz,
Həvva deyər, şair olan öyünməz,
Sözü ilə son məkana köç olur.
Həvva Nazim
19.06.2024