MƏN YAZA BİLMİRƏM
Mən gülən gözlərdən yaza bilmirəm,
Ağlayan gözlərin şeir səsiyəm.
Gözümün içindən daha gülmürəm,
Həsrətin hicrana son nəfəsiyəm.
Dünya gözəlliyi mənə boş gəlir,
Ruhumun qidası kədər olubdur.
Sanki acılarım mənə xoş gəlir,
Sürdüyüm bir ömür hədər olubdur.
Mən yaza bilmirəm güldən-çiçəkdən,
Ətrini bəxş edir çəkdiyim qüssə.
Xoş anlar gəlməyir axı ürəkdən,
Mən düçar olmuşam dözülməz hissə!
Uzaq bir üfüqdə yeni həyat var,
Əllərim də çatmaz, ünüm də yetməz.
Gizlincə duyğular məni çağırar,
Arzular, istəklər bir ömür bitməz.
Mən yaza bilmirəm bahar ətrindən,
Çünki çiçəklərin boynu bükülüb.
Dərd yağır şerimin hər bir sətrindən,
Qüssəyə çevrilib, şeirə tökülüb!
RUH HALI
Haqq olarkən haqsız olmaq
Bu dünyanın yöntəmidir.
Yaşayarkən cansız olmaq
Ruh halının son dəmidir.
Biz qınadıq bu dünyanı,
Yaşamadıq çox-çox anı.
Damarlarda axan qanı
Ürək geri verməlidir.
Xəstə ürək zəhər edər,
Dərdli ürək kədər edər,
Ruhu ölən hədər edər,
Bunu bədən bilməlidir.
Cismi gəzər kölgə kimi,
Kölgənin olmaz sakini.
Siması üzgün daimi,
Hansı günə gülməlidir?!
DUYURAM
İçində iniltili var,
Gözlərindən duyuram.
Orda bir yara sızlar,
Sözlərindən duyuram.
Keçmişin acıları,
Bu günün sancıları,
Göz yaşın damcıları,
İzlərindən duyuram.
Sənin dünyan özgədir,
Xəyalın dənizdədir,
Duyğuların gözdədir,
Özləmindən duyuram.
Baxışın kədər dolu,
Gözlərin qəmdən sulu.
Getdiyin çətin yolu
Hər dəmindən duyuram.
Qürurun asar çəkər,
Görünməz qala tikər,
Yad baxışlardan ürkər,
Görkəmindən duyuram!
YOX İKƏN VAR OLAN
Ruhumun kökündə sevgi durubdur,
Dünyam cənnət olur xəyallarımda.
Uzaq kainatda dünya qurubdur,
Mən həyat doluyam xoş anlarımda!
Sərtliyim yer alar həqiqətimdə,
Bəzən anlamazlar ikinci məni.
Doğru insanlara var hörmətim də,
Sanarlar dünyanın sevinci məni.
Bir dünya quraram dünya içində,
Sanarsan, cənnətin bir parçasıdır.
Məni aciz görən bu boy-biçimdə,
Səbrimi zorlama, od parçasıdır!
Hisslərim nə qədər təmiz olsa da,
Düşünmə, aldatmaq asandır məni.
Bir acı kəlmədən gözüm dolsa da,
Hər insan verməyir axı güvəni.
Qırılmış bir güvən, incilmiş bir ruh,
Mənə yaş veribdir yaşımdan artıq.
Bəzən kəlmələrim elə məğrur, şux,
Sanki bu həyatı belə yaşadıq.
Yaşanan həyatla yaşanmaz həyat,
Mənim düşüncəmi dəyişmədi heç.
Yox ikən var oldum hər gün, hər saat,
Mənə rəqib olma, ey həyat, vaz keç!
BİZİ
Son mənzilin son ünvanı
Yarı yolda tapır bizi.
Yaşamağın gözəl anı
Ən xoş anda atır bizi.
Güvənmədik bu dünyaya,
Saldı vaxtsız bir bəlaya.
Ehtiyac duysaq dəvaya,
Min bir dərdə qatır bizi.
Xəstəliklər cavanlaşır,
Xoşbəxtlik uzaqlaşır,
Dərd çoxalıb həddin aşır,
Eldən uzaq tutur bizi.
Ürəklərin qanı – ağrı,
İnsanların canı – ağrı,
Başlarında bəla – sarğı,
Dərdə, qəmə satır bizi!