AÇDI KÖNLÜM QAPISINI
Mən ruhumu tək buraxıb, yalnızlığa sövq edən,
Addım -addım uzaqlaşıb, bu dünyadan hey gedən,
Ürəyimin qapıların sıxı-sıxı bağlayıb, Yana-yana atəşlərlə qorlar sıxıb dağlayıb.
Mən ruhumu öldürmüşəm illər boyu əzabla,
Nifrətimdən qovrulmuşam, sınmamışam bir adla.
Bənizimdə güllər açıb, gözlərimdən qəm yağıb,
Hər görən də xoşbəxt sanıb, yanağımdan nəm yağıb.
Mən qəlbimi daş etmişəm illər boyu sevgisiz,
Sərtləşmişəm zaman-zaman bu duyğusuz, bu hissiz.
Mən ruhuma məlhəm kimi çarə olan uzağı
Qəlb evimə dəvət etdim o xoş gələn qonağı.
Açdı könlüm qapısını, girdi məndən xəbərsiz,
Bu duyğular baş qaldırdı gizlin-gizlin və səssiz.
Ruhum elə titrədi ki, ürəyimə qan gəldi,
Ölmüş hisslər, duyğulara yaz fəslitək can gəldi.
Mən halımdan məmnun oldum, anlatmadan anladı,
Ürəyimdə güllər açdı, baharda zamanladı.
Nə tanışdıq, nə görüşdük, sadəcə hüzur tapdıq,
Uzaqların adamıydıq, uzaqlardan yaşatdıq…
ÖMRÜMƏ XOŞ GƏLƏNİM
Sən ömrümə xoş gələnim, gözlərimin uzağı,
Boşluqları dolu edən, duyğuların qonağı.
Sən həyatın özü oldun, yazılmamış nəğməsən,
Ürəyimin atəşisən, düşünmə ki təzəsən.
Ürəyimdə bir yerin var, zamanı yox, vaxtı yox,
Yer etmisən, məkanı var, qurulmamış taxtı yox.
Sən bir həsrət, bu həsrətin çəkilməyən duyğudur,
Sən bir hicran, bu yanğılar atəşimə uyğundur.
Sən dünyama bir oyanış, varlığınla var oldum,
Ruhum ruhunu dinlədi, dönüb sənə yar oldum.
İllər öncə yaradıldıq, biz biz üçün doğulduq,
Tanrı bizi sınaq etdi, bir həsrətdə boğulduq.
Sən ömrümə xoş gələnim, ürəyimin oğrusu,
Sənin ilə çiçək açdım, yeniləndim doğrusu…
İÇİMDƏ TÜĞYANDIR
Ürəyimin hər guşəsi darıxır,
Gözlərimdən payız yağışı axır.
Ruhuma ələnən hicran dumanı
Həsrətlə gözümün içinə baxır.
Gözümün kədəri ondan yaranır,
Saçlarım ömürdən küskün daranır.
O qədər bezmişəm bu görkəmimdən,
Nəşəli günlərim mumla aranır.
Baxanlar anlamaz dünyamı mənim,
Çünki ruhumdadır kədərim, qəmim.
Mən ki bu dünyanın bəxtəvəriyəm,
İçimdə tüğyandır hey əskiklərim.
YAXIN OLAN UZAĞIM
Sən ruhuma yaxın olan uzağım,
Payız ömrüm sənin ilə yaz oldu.
Həyatıma son yazılan varağım,
Şeir dolu ürəyimə bir yoldu.
O yol sənin ruhun ilə uzandı,
Məsafələr yaxınlığı qazandı.
Ötənlərim keçmişimdə azandır,
Gələn günlər bir üfüqdən doğuldu.
Orda Günəş səhərləri parlaqdır,
Əsən yellər saçlarıma daraqdır.
Bəlkə də bu mənim üçün uzaqdır,
Ümüdsüzlik ümüdlərdə boğuldu.
Sən uzağı yaxın edən inadım,
Ruhun ilə pərvazlandı qanadım.
Ürəyimdə tüğyan edən fəryadım,
Hisslərimin təhlükəsi sovruldu.
RUHUMU TƏSLİM ETDİM
Sən xəyanət edən gündən,
Ruhum sənə aid deyil!
Ürəyimdən gedən gündən,
Uzqlara edib meyil.
Yaşamağa yaşayırıq,
Ruh könüldən ayrı halda.
Yükləri cüt daşıyırıq,
Həyatımız qeyli-qalda.
Çünki ruhum darmadağın,
Cismim sağlam gəzir canda.
Sanki ömrün son durağın,
Yaşayıram bu zamanda.
Mən ruhumu təslim etdim
Uzaqların adamına…
Cismim qaldı, qəlbən getdim,
Ürəyimin fəryadına…