Sən sevməyi bacarmırsan, incimə….
Yar nazına can dərdiylə dözürsən,
Cəfasından usanırsan, bezirsən.
Sevdim deyib ortalıqda gəzirsən,
Sən sevməyi bacarmırsan, incimə.
Gözlərinin bulaqları quruyub,
İstəklərin içindəcə qarıyıb,
Kor qürurun ürəyini sarıyıb,
Sən sevməyi bacarmırsan, incimə.
Yadındamı, bir təzələ yadını…
Üzdün səni candan sevən qadını.
Sonra dönüb sevgi qoydun adını,
Sən sevməyi bacarmırsan, incimə.
Könül sevsə eşq odunda bişərmiş,
İşılıtısı gözlərinə düşərmiş,
Ayrılığı kürəyini deşərmiş,
Sən sevməyi bacarmırsan, incimə.
Sevən ruhlar qoşalaşır, bir olur,
Onlar üçün sevgi məbəd, pir olur!
Allah haqqı, sevən başqa cür olur,
Sən sevməyi bacarmırsan, incimə.
Sən nə gözəl sevirsənmiş adamı…
“Sən sevməyi bacarmırsan” deyirdim,
Hey “sevirəm” deməni istəyirdim,
Düşündükcə görürəm səhv edirdim,
Sən nə gözəl sevirsənmiş adamı…
Çələng hörüb saçlarıma taxırsan ,
Mən yatanda şirin-şirin baxırsan,
Ürəyimin atmağın yoxlayırsan
Sən nə gözəl sevirsənmiş adamı…
Üşüyəndə qollarınla qucursan,
İstilənsəm pəncərəni açırsan,
Saçlarımı qarışdırıb qaçırsanç
Sən nə gözəl sevirsənmiş adamı…
Yorulanda dincəlirəm dizində,
Eşq atəşi yanır, yanır gözündə,
Sevməyindən həzz alırsan özün də
Sən nə gözəl sevirsənmiş adamı…
Şənliyimə yeni nəşə qatmağın,
Yol keçəndə əlimdən bərk tutmağın,
Qısqananda qaşlarını çatmağın…
Sən nə gözəl sevirsənmiş adamı…
Dayaq kimi sən arxamda durursan,
Gülməyimçün yüz cür oyun qurursan,
Şirin-şirin hey burnuma vurursan,
Sən nə gözəl sevirsənmiş adamı…
Bax, bu şeylər sevgi deyil, bəs nədi?
Büıbül gülə , qəlbin mənə təşnədi…
Sənin üçün boş “sevirəm” heç nədi,
Sən nə gözəl sevirsənmiş adamı…
Tez-tez mənə deməsən də “sevirəm”,
Baxışlardan mən bunu hiss edirəm.
Gərək sənin başına duz çevirəm,
Sən nə gözəl sevirsənmiş adamı…
Məcbur deyil sevgi sözlə deyilsin!
Əsas odur əməlində görülsün!
Sənə məncə birincilik verilsin,
Sən nə gözəl sevirsənmiş adamı…
Ay birdənəm… uzaq durma, gəl bəri,
Sözlərimi götürürəm mən geri,
Səndən gözəl sevəmməz başqa biri,
Sən nə gözəl sevirsənmiş adamı…
QƏLBİMDƏ ÖLÜB GETMİSƏN….
Ömründən kədəri, qəmi silmişdim,
Üzümdən gülüşü silib getmisən …
Mən sənə bağrımda yer eləmişdim,
Bağrımın başını dəlib getmisən …
Bilmirdin, olmasan, arzular puçdu?!
Gedərkən ağlından de, nələr keçdi?
Bilmirdin , bu ürək sənsiz bir heçdi?
Niyə bilmirdin ki..bilib getmisən …
Deyirdim, sən mənsiz qala bilməzsən,
Meylini kiməsə sala bilməzsən,
Məndən başqasının ola bilməzsən,
Mənim saflığıma gülüb, getmisən…
Gözlərin zəhərli bir cüt ox imiş,
Mənim məsum sevgim sənə çox imiş,
Sən demə, qalmağa fikrin yox imiş,
Ömrümə yad kimi gəlib, getmisən ….
Döndün bir gecədə saçımda dənə,
Rəhmət diləyirəm Allahdan sənə…
Nə olsun ki sağsan?! Bundan mənə nə?!
Mənim ki qəlbimdə ölüb getmisən ….
Darıxmaq…
Gedən gedir… heç düşünmür qalanı,
Qalanınsa cəhənnəmdir hər anı,
Özləməkdir səni dərdə salanı,
Ürəyindən vurulmaqdır darıxmaq.
Külək döyən qapını o sanarsan…
Həsrətinin soyuğundan donarsan,
Yoxdu deyə için-için yanarsan,
Öz yağında qovrulmaqdır darıxmaq.
Ətirinin qoxusu var otaqda,
Saçlarının teli gəzər yataqda,
Gecələri uyuyarsan ayaqda,
Göz yaşıyla yoğrulmaqdır darıxmaq.
Küçələrdə axtararsan izini,
Yada düşər xatirənin həzini…
Xatırlayıb baxışını, sözünü,
Küləklərlə sovrulmaqdır darıxmaq.
O getdisə həyat durar gözündə,
Güzgülərdə tanış gəlməz üzün də…
Öz-özünü tapammazsan özün də,
Gedən ilə yox olmaqdır darıxmaq.
Dünyanın….
Qocaldıqca bir yumağa çevrilər,
Xeyri yoxdur, olsa nəri dünyanın.
Bu nə sirrdir…açmasını kim bilər,
Gedənləri dönmür geri dünyanın.
Zərbələri çoxdur, saya bilmirəm,
Qaydasına daha uya bilmirəm…
Bu dünyayla mən oynaya bilmirəm,
Qoşa gəlmir, neynim, zəri dünyanın.
Qırıb-tökər qanadını uçanda,
Badalağın əsirgəməz qaçanda,
Hesabının dəftərini açanda
Ağır gələr kəm-kəsiri dünyanın.
Yatsan belə girməz sənin yuxuna,
Tuş gələsən bir gün dostun oxuna.
Dünya malı şirin olub çoxuna,
Nə qədərmiş qul-əsiri dünyanın.
Bu dünyanın laylası qəm, sözü dərd…
Nə qazandıq…onu sevinc, yüzü dərd…
Bu dünyada yaşamağın özü dərd,
Heç qurtarmır dərdi-səri dünyanın.
Baxışlar…
Görən anda həyatına nur düşər,
Gözlərinə sehirlənər baxışlar.
Dönüb gedər, ürəyinə qor düşər,
Yaddaşlara möhürlənər baxışlar.
Ədasıyla ürəyini doldurar,
Söz söyləsən şirin canı aldırar.
Hilalını bayraq kimi qaldırar,
Döyüş üçün yəhərlənər baxışlar.
Sevgisinə etibarı azalsa,
Ümidləri dərinlərə qazılsa,
Qismətinə ayrılıqlar yazılsa,
Qəhərlənər…qəhərlənər baxışlar.
Düzü qoyub əyriləri seçəndə ,
Əhd -ilqardan yorulanda, keçəndə,
Xəyanətin bulağından içəndə ,
Yalanlardan zəhərlənər baxışlar.
Oxşarıdır mələklərin , sən demə…
Yolçusudur diləklərin , sən demə…
Aynasıdır ürəklərin , sən demə …
Ürəklərdən bəhərlənər baxışlar.
Anama…
Sən mənim saçına yazlar yağan,
Üzündən nurları saçan anamsan.
Varlığın ömrümə gözəl ərməğan,
Gülüşü gül kimi açan anamsan.
Kim yanar dünyada sənin tək mənə,
Sənin tək inana, sən tək güvənə?
Diqqət kəsilərək hər bir kəlməmə
Hər vaxt harayıma qaçan anamsan.
Hər kədər qonanda mənim üzümə,
Narahat-narahat baxan gözümə,
Hər xoş sorağıma, hər xoş sözümə,
Sevincdən quş kimi uçan anamsan.
Yaşının üstünə yaş gəlsə yenə,
Rüzgarlar əsməsin gözəl çöhrənə,
Uzaqda olsam da deyirəm sənə,
Ruhumsan, canımdan bir can, anamsan!
Atam
Atam bu həyatda ən böyük varım,
Hər zaman yön verən mayakdır mənə.
Həyatda hər şeyi ondan öyrəndim,
Ərklə söykəndiyim dayaqdır mənə.
Bircə baxışıyla hər şeyi deyər,
Zəhmli üzündə illərin izi…
Çətinə düşərsək nə vaxtsa əgər
Böyük bir səbrlə dinləyər bizi.
Əlinin qabarı, alnının təri
Bizi bu həyatda eləyib “adam”.
Nə yaxşı mənimsən, mənim atamsan ,
Qızın olduğumçün şanslıyam, şadam!
Enmə yüksəklərdən, ey qoca qartal,
Bütün zirvələrdən ucasan mənə!
Hər an bizimlə ol, nəfəsin yetər,
Rəbbim ömür versin ömrümdən sənə!
Ay ürəyim, yarı yolda qoyma məni…
(40 yaşımı qeyd etdiyim günün səhəri kardioəməliyyat keçirdim, tac damarlarımdan birinə stend taxıldı, həmin gecə xəstəxanada ürəyimlə baş-başa qalmışdım və beləliklə bu şeir doğulmuşdu)))
Qırxı ötdüm, ərköyünlük havan tutdu,
Ay ürəyim, yarı yolda qoyma məni.
Sağlamlığım məni yaman tez unutdu,
Ay ürəyim, yarı yolda qoyma məni.
Hələ neçə deyilməmiş sözlərim var,
Sevgi dolu, içdən gülən gözlərim var,
Hələ ləpir olammayan izlərim var,
Ay ürəyim, yarı yolda qoyma məni.
Bir bədəndə vəhdət idik biz səninlə ,
İndi niyə uzlaşmırsan sən mənimlə?
Küsmə məndən, qadan alım, məni dinlə,
Ay ürəyim, yarı yolda qoyma məni.
Bəlkə sənin istəklərin olmadı çin,
Qaldırardın yüz dərdi sən, yüklədim min…
İndi çıxma insafsızca sən əvəzin.
Ay ürəyim, yarı yolda qoyma məni.
Səni hər cür xəbislikdən tutdum uzaq,
“Qəlbi gözəl” yaşadım mən , sən üzüağ…
Bəs bu dönük çıxmağını hara yazaq?
Ay ürəyim, yarı yolda qoyma məni.
Dərdlər mən hey sıxdıqca, sən sıxıldın,
Qəzəb mənə güc gələndə sən yox oldun,
Səni güclü bilirdim mən…Sən yıxıldın…
Ay ürəyim, yarı yolda qoyma məni
Öyünürsən…bu bədəndə, canda təksən,
Görünmürsən, gözlərimin əksindəsən,
“Döyünmə ” çox, bilirəm ki, köksümdəsən…
Ay ürəyim, yarı yolda qoyma məni.
Həyat çətin… mübarizə sağı-solu,
Cığırlardan keçdik sənlə əzab dolu,
Bir başladıq biz səninlə axı yolu,
Ay ürəyim, yarı yolda qoyma məni.
Bir az möhlət istəyirəm, ürək, səndən,
Balaların xoş günlərin yaşayım mən,
Arzuları yarı yolda saxlama sən,
Ay ürəyim, yarı yolda qoyma məni.
Ayrılıq
Solur baxışların, titrəyir səsin,
Görmək istəmirsən üzün heç kəsin,
Qalmır yaşamağa daha həvəsin,
Səni öz gözündən salır ayrılıq.
Gedənlə bərabər ölüb bitirsən,
Dənizsiz sahilsən, sözsüz sətirsən…
Özün öz içində yoxsan, itirsən,
Ruhunu qoparıb alır ayrılıq.
Düşünə bilmirsən qohumu, yadı,
Ağlında, qəlbində gedənin adı…
Hər nəfəs alanda qoxusu …dadı….
Hər bir hüceyrənə dolur ayrılıq.
Demə “ölüm deyil, nə vaxtsa bitər,
Canımın acısı gün gələr ötər”.
Yaşasan görərsən, ölümdən betər,
Ölümdən dözülməz olur ayrılıq.
Bütün ağrıları sənə tanıdır,
Deyirsən, dünyanın daha sonudur…
Xoşbəxt günlərini insan unudur,
Ömürlük yadında qalır ayrılıq.
Apardı
İllərin ağrısı çöküb dizimə,
Gedişin həkk olub nəmli gözümə,
Gülüş qondurmuşdu sevgin üzümə,
Onu da verdiyin qəmlər apardı.
Səni hər görəndən soruşdum-sordum,
İnadkar sevgimlə bezdirdim, yordum,
Pərvanələr kimi dolandım, durdum,
Sonunda külümü şəmlər apardı.
Sənlə danışmışam, sənlə gülmüşəm,
Gözümün yaşını özüm silmişəm,
Eşqinə gözümü məskən bilmişəm,
O qədər ağlatdın, nəmlər apardı.
Dərdinlə oxuyan bir bülbül oldum,
Başıma dəlitək bu eşqi saldım,
Zilə də qalxmağı mən gözə aldım,
Sevmədin, səsimi bəmlər apardı.
Eşqi uzaq tutdum borandan, qışdan,
Hər gün təmizlədim yolunu daşdan,
Onu qoruyardım hər yad baxışdan…
Sonunda vicdanı kəmlər apardı.
Dərdim dağ boydadı, taydı dağlara,
Daha bahar gəlməz bizim bağlara,
Xəyallarda getdim ötən çağlara,
Huşumu o şirin dəmlər apardı.