.....

.....

SEVDA SƏFƏRLİ – QƏZƏLLƏR

SEVDA SƏFƏRLİ – QƏZƏLLƏR

QƏZƏLLƏR

****

Asılıb qəlbimə iz saldı bu həsrət təzədən,
Gələ kaş könlümə bir çeşmi-bəsirət təzədən.

Ey ömür, kaş ki çiçəklər kimi sən solmayasan,
Yaradan bəlkə verə ömrümə möhlət təzədən.

Bu xəzan ömrümü möhtac elədim arzu-kama,
Qoparıb hicranı gəlsin yenə vüsət təzədən.

Daha könlümdə açan gülləri soldurmayacam,
Tanrıdan kaş ki gələ qəlbimə şövkət təzədən.

Duyuram mən bu fəzilətləri, sən də duyasan,
Sığmaz heç vaxt bilirəm, könlümə zillət təzədən.

Kövrək etdi məni bu dövürdə nisgili-həsrət,
İnanıb gözləyərəm, gəlsə məhəbbət təzədən.

Sanıram qüssə-qəmi olmasa dövran xoş olar,
İtirib dərdi-səri, gəlsə şəfəqqət təzədən.

Saralan gül də açar, qönçə olub bir də bitər,
Bəlkə dövran gələcək, bəlkə də qismət təzədən.

Ömrünün bir də açar gülləri Sevda, sən inan,
Xəzan ömrün yetəcək gülzara ülfət təzədən.

AĞLAMA

(Xan qızı Natəvana xitabən)

Etmə sən qəlbini talan, ağlama,
Olmasın söz mülkü viran, ağlama.

Sönsə də, gər batsa da, ruh- rəvanın,
Dərdi-qəmdən etmə ünvan, ağlama.

Az qala qəm-qüssən tutsun dünyanı,
Bax olub azad bu dünyan, ağlama.

Düşmə sən kuhi-biyaban çöllərə,
Olmusan güllü xiyaban, ağlama.

Etmə fəryad, bivəfa cahan demə,
Bivəfa deyilmiş cahan, ağlama.

“Göz yaşın sellərə dönməsin” daha ,
Açılıb nərgizin, lalan, ağlama.

Söyləyərdin dərdimə yoxdur bir dəva,
İndi vardı dərdə dərman, ağlama.

Qəmi-hicrinlə bəlalar çəkmisən,
Daha bitdi bu imtahan, ağlama.

Sevda sevər, oxşar qəzəllərini,
Qalma “sərgəştə- Natəvan”, ağlama.

QARABAĞ

Bağı- gülşəndə zərif yasəmənimdir Qarabağ,
Yaz ayı bəslədiyim öz səmənimdir Qarabağ.

Çatıb al dağların hazırda kaman qaşlarını,
Bağrım üstündəki dağlarda çənimdir Qarabağ.

Külə dönmüş ocağım, zülmətə məhkum çırağım,
Yağı düşmənlərə atəşlə qənimdir Qarabağ.

Ayrılıq bağçasın etdin intizar, etmə belə,
Axı hicran bağım, həsrət çəmənimdr Qarabağ.

Qoymaram özgəyə, öz yurduma sahiblənərəm,
Sanma ey qəm, vüsalım, qəlbdə qəmimdir Qarabağ.

Sevsə hər kim Vətənin, duyğulu Sevdayə düşər,
Mənə ən doğma gələn yer Vətənimdir-Qarabağ.

OLACAQSAN

Ey qəm, nə qədər ürəkdə pünhan olacaqsan,
Bir tərki- Vətənsən, hələ giryan olacaqsan.

Fəryad eləsən duyğulu təsvir dilə gəlməz,
Sən sanma məhəbbət ilə elan olacaqsan.

Bir kimsə duyan dərdini yoxdursa, nə fayda,
Axırda yanıb dəhrdə bəyan olacaqsan.

Atəşdə yanan şam kimi oldunsa bağrı şan,
Pərvanə kimi odlara büryan olacaqsan.

Çox ahu-zar oldunsa, çalış ki, qəmə düşmə,
Düşdünsə qəmə, dərdləri sayan olacaqsan.

Zalımların içrə gər mərhəmət arasan sən,
Umsan sən əgər çarə, peşiman olacaqsan.

Qəlbin qırılıb, kimsə şəfaqət edə bilməz,
Yadlara desən, dərdini yayan olacaqsan.

Yurdun dağılıb, kimsə də töhmət sənə etməz,
Sevda, özün öz şəninə şayan olacaqsan.

X.B.NATƏVANIN “Zəmanə saldı əcəb möhnətü-məlalə məni” qəzəlinə nəzirə

Zəmanə saldı əcəb möhnətü-məlalə məni,
Çəkibdi hicr ilə dərd gör necə xəyalə məni.

Tükəndi səbrü-qəraqım bu qürbət eldə Xüda,
Rəhm eylə, bir çarə qıl, çatdır o cəlalə məni.

Nə qədər möhnətü-zillət, yenə qəm-qüssə çəkim?
Qərib ellərdə qoyubsan gör necə halə məni.

Bu qədər səbr elədim, ta nə qədər dözmək olar?
Otuz il həsrəti bəs, bir yetir amalə məni.

Yenəmi Vətən deyib, qürbətdə ah-nalə çəkim?
Çatdırarmı arzuma görən Allah-talə məni?

Elə xoşbəxt idim ol gün, Vətənimlə tən idim,
Gör fələk qoydu necə zillətə həvalə məni.

Çatmayıb arzu-kama, Sevda gözləyir yolunu,
Yetirər hətmi yəqin Xaliqim vüsalə məni.

X.B.Natəvanın “Dilbəra, dərdi-dilimdən belə ünvan etdim” qəzəlinə nəzirə

Dilbəra, dərdi-dilindən belə ünvan etmə,
Qəmi-hicr ilə o dil mülkünü viran etmə.

Xalqımın sevimli bir şairi sənsən, nə qəmin,
Daha sən məskənini kuhi-biyaban etmə.

Eşq sultanı əgər qətlinə fərman gətirib,
Tərki-eşq eylə, gülüm, ömrünü talan etmə.

Səri-kuyindən qoyub başını qəm çəkmə belə,
Səri-sidq ilə daha canını qurban etmə.

Tərki qılmaz təbibin, dərdinə dəva eləyər,
Tapılar dərdinə dərman, daha tüğyan etmə.

Vətən eşqiylə coşub millətə qəmxar oldun,
Özün öz qanın ilə dərdinə dərman etmə.

Dərdi- hicrinlə gözün yaşını tutmaz dünya,
Nuh tufanı kimi bir daha tufan etmə.

Sevdayam, şad xəbərim var, Şuşa azad olmuş,
Gecə-gündüz bu qədər naleyü-əfqan etmə