ZƏFƏR
Zəfər qızıl qanla düşdü tarixə,
Al rəngə boyadı torpağı, daşı.
Mənim şəhidimin isti qanıyla,
Yazıldı tarixin qızıl yaddaşı.
Zəfər, necə canı verdi torpağa,
Nəhayət, bu günə gəlib çatdıq biz.
Vətən həsrətilə bağrı yanana
Oldu bir təsəlli bu qələbəmiz!
Zəfər- bu sözdə var bir dərin məna,
Alqış onu yazan qəhrəmanlara.
Azadlıq uğrunda öz ölümüylə
Gələn nəsillərə görk olanlara.
Zəfər xoş səslənir dildə, dodaqda,
Bağlandı düşmənin əli, ayağı.
Cənnət Qarabağın hər guşəsində
İndi dalğalanır Vətən bayrağı!
AXTARAYDILAR
Qadasın aldığım o illərimin,
Tək bircə gününü qaytaraydılar.
O bircə günümün böyük səhvini,
Harda buraxmışdım, axtaraydılar.
Sevinci kəm idi, məşəqqəti çox,
İllərlə qəlbimə sancıldı bir ox.
Məni sevgiyə ac, söz- söhbətə tox,
Əzabin əlindən qurtaraydılar.
İş belə getdikcə yorulur insan,
Çıxmasın heç kimin önünə nadan.
Yaşamaq olmayıb heç mənə asan,
Qəmi təsəlliyə aparaydılar.
Geriyə çəkərək saniyələri,
Silib məni üzən hadisələri,
Könlümü incidən xatirələri,
Bir yolluq yadımdan çıxaraydılar.
OLAYDIN
Mənim həyatımda al günəşdənsə,
Bir qaranlıq gecə, zülmət olaydın.
Ağır əzab verib, dərd bağışlayıb,
Gedib başqasına qismət olaydın.
Gözümdə uca bir əlçatmaz zirvə,
Xoşbəxtlik axtaran qırıq çərçivə,
Məni səndən uzaq, gen tutan qüvvə,
Sinəmi göynədən həsrət olaydın.
Düşüb yad əllərə, özgə ürəkdə,
Doğulaydın başqa arzu, diləkdə.
Gözümü hey qoyub güldə çiçəkdə
Mənə rast düşməyən fürsət olaydın.
Axıb göz yaşlarım yanağı yuyur,
Yanıb, ürəyimin külü soyuyur.
Könlümdə lal fikir sakit uyuyur.
Kaş mənə sevgi yox, nifrət olaydın.
Baxma gözlərimin dərinliyinə
Baxma gözlərimin dərinliyinə,
Daha nə dərində, nə də üzdəsən.
Bilmirəm, yaxşı nə, pis nə etmisən,
Indi nə ürəkdə, nə də gözdəsən.
Uydura bilmərəm səbəb, bəhanə,
Zaman öz işini görüb sadəcə.
Sənin ona qarşı biganəliyin,
Laqeyd eləyib onu gör necə.
Baxma gözlərimin dərinliyinə,
Daha sevgin ona can verə bilməz.
Orda nə xatirə, nə hiss oyaqdır,
Ölülər bir daha həyata dönməz.
Bir günə qayıtmaz ötüb, keçənlər,
Biz daha o uşaq yaşda deyilik.
Qarşında dayanan bu kamil insan
Ötəri hisslərə olmayıb şərik.
Baxma gözlərimin dərinliyinə,
Vurulma təzədən, düşmə eşqinə.
İlləri, zamanı bir də yenidən,
Qaytarsan, çevrilib baxmaram sənə.
GEDƏCƏM SƏNDƏN
Dinməz, haysız- küysüz, lap sakit, səssiz,
Bir gün ayrılacam, gedəcəm səndən.
Kəsəcəm kökündən haqqı-salamı,
Ölü biləcəyəm səni o gündən.
Mən nifrət doluyam, gözümdə kin var,
Canım da ağrımaz, ürəyim yanmaz.
Dönüb daş olmuşam, qəddarlaşmışam,
Ruhum sənə verən acıdan doymaz.
Əcəlim qapımın dalında dursa,
Gözlərim dalınca, sanma qalacaq.
Səndən qopmağım da, ayrılmağım da,
Sən elə bilmə ki, çətin olacaq.
Yığıb çəkdiyimin acısın, səni,
Gözümün yaşına qərq edəcəyəm.
Rahlanıb, illərlə hazırlaşaraq,
Həyatını tamamı tərk edəcəyəm.
ÖTƏN İLLƏRİM
Nə olar, zamanım, məni eşitsən,
Qayğısız illərim dönsə geriyə,
İnan gələcəyim maraqlı deyil.
Qaytar keçmişimi mənə hədiyyə.
Pərən-pərən düşüb, hərə bir yerə,
Uşaqlıq, o gənclik, məktəb illərim.
Gözüm bu günü də gəzəcək yəqin,
Keçmişə uzalı qalıb əllərim.
Ordan arxayınam, atam, anam var.
Qardaşım, sağlığım, salamatlığım.
Gələcək, qorxular gətirir mənə,
Qorxuram dərd olar birdən daddığım.
İllərim, nə olar, geri qayıdın,
Məni buraxmayın tənha, sevgisiz.
Dönmək istəyirəm o ötənlərə,
Mənə bu çağımdan daha əzizsiz.