.....

.....

Ülvi Səmazənin şeirləri

Ülvi Səmazənin şeirləri

Bir canda xəyanət ola, ol can ola bilməz.
Əğyarə verən könlünü canan ola bilməz.

Bimar(ı) olan kəslərə tərs baxma zəlildir,
Allah yaradan bəndədə nöqsan ola bilməz.

Hər kim gedə Allah yolunu eşq ilə hər gün,
Axır günü gəldikdə pərişan ola bilməz.

Zindan onu qorxutmaz o kəs dərk eliyirsə,
Mömünlərə dünya kimi zindan ola bilməz.

Düşmənlərə öz toprağın ənam verən ölkə,
Heç vaxtı və heç vaxtı firavan ola bilməz.

Toprağ ki əzizdir axı Yusif nə demişdi?!
Yüz Misiri də versən mənə Kənan ola bilməz.

Yanmaz bu bəşər zərrə də bağrın kimi Ülvi!
Bağrındakı qəlbin kimi alqan ola bilməz.

Bilirəm ki, getmək keçir içindən”

Bilirəm ki, getmək keçir içindən,
Göz yaşımı yanağımdan silmə get,
Gedişini ruhum belə duymasın,
Nə özünə, nə də mənə gəlmə get.

Gedirsənsə get, əzizim, eybi yox,
Yollar səni, haldan-hala salmasın,
Qulaqların səsdə, bir də gözlərin,
Get, əzizim, get, arxada qalmasın.

Uzaq başı gedişinin boşluğu,
Pəncərəmin önünə qəm çökürər,
Uzaq başı gecələri göz yaşım,
Yastığımın üzərinə tökülər.

Ən uzağı darıxaram bir qədər,
Uzaq başı çox çəkib, çox içərəm,
Çox içməkdən bilirsən nə dəyişər?
Üç-beş saat evimə gecikərəm.

Uzaq başı yollar məni büdrədər,
Ən uzağı toz, torpağa bataram,
Uzaq başı kimsəsiz əyyaş kimi,
Küçələrdə yıxılaram, yataram.

Gedişindən illər ötsə nə fayda?
Nə dəyişər bəs o gündən, bu günə,
Mənə gəlmək onsuz da bir xəyaldır,
Heç olmasa gələrsənmi özünə?


Düz bir ildi, elə bil ki yoxluğun,
Məni yıxıb dizlərimin üstünə.
Mən gedəli yağış yağıb, qar örtüb,
Çəmən bitib izlərimin üstünə.

Həsrətindən başım çəkib, nələr e,
Təkcə adın gəlsə üzüm gülər e,
Yaxşı dam söz üstünə gələr e.
Dur gəl, nolar sözlərimin üstünə.

Gəl bu dərdi, kədəri sil üzümdən,
Gəl, həsrəti qopar daha gözümdən,
Təkcə bir az sevgi gətir özündən,
Öpüm qoyum gözlərimin üstünə.

“Bəzən”

Bəzən kipriklərindən illər intihar edər,
Bəzən də xatirələr bulaşar göz yaşına,
Bəzən də üşüyərsən ən soyuq küçələrdə,
Qar öpər saçlarını, qış dolanar başına.

Bəzən də qocalarsan, yorğunluğun əlindən,
Buz kimi divarlarda qırışar əl izlərin,
Saçlarında taleyin bəyazları qocalar,
Şəkillərdən üzünə boylanar əzizlərin..

Dəliyə çevrilərsən tənhalıqdan gecələr,
Bəzən ovuclarına qəm damlayar gözündən,
Bəzən də oturarsan öz-özünlə baş başa,
Dəli tək danışarsan, öz-özünə, özündən..

Qəlbinin səhrasına hopar göz yağışların,
Bütün xatirələrə yaş qarışar içində,
Bəzən də keçmişini xatırlayıb anarsan,
Bəzən də doğmaların, başqalaşar içində..