.....

.....

XANLAR HƏMİDİN ŞEİRLƏRİ

XANLAR HƏMİDİN ŞEİRLƏRİ

OLMAQDAN

Şamın gözü atəşə ev,
Yer olmadan, dam olmaqdan.
Şair sözü üzülməz heç
Atəş içrə ram olmaqdan.

Ey Haqq olan, sənə gülüm,
Meyindədir həyat, ölüm,
Dəli könlüm çəkir zülüm,
Sən saqiyə cam olmaqdan.

Qüdrətinin çarxı dönər,
Qismətinin arxı dönər,
Damarımda qorxu dönər,
Xəcalətə yem olmaqdan.

Xanlaram, sel kimi axım,
Özüm öz içimi yıxım,
Bir az adamlıqdan çıxım,
Yoruldum adam olmaqdan

QƏLƏM HAQQI

Haqq dediyin gözdən düşüb,
Var deyil ki, alam haqqı.
İncimə məndən, İlahi,
Mən doğruyam, salam haqqı.

Dağa, daşa məni yolla,
Burdan keçməz kimsə pulla,
Cangüdənim Əzrayllla,
Söz kəsmişik, kəlam haqqı.

Ömrüm boyu ölüm sözlüm,
Nə yaratdın, a nur üzlüm,
Baş zalımdır, ayaq məzlum,
Ağam haqqı, köləm haqqı.

Mən yazdığım gəlib gedir,
Sən yazana gülüb gedir,
Sən yazdığın ölüb gedir,
Tanrı haqqı, qələm haqqı.

QƏDƏRİ

Kim olursan, var-dövlətin
Əyninin bezi qədəri.
Gileylənmə , ömrün sənin
Bir varaq yazı qədəri.

Şeytanların gülə bildi,
Cahillərin belə bildi,
Kasıbın da ölə bildi,
Ölümün bozu qədəri.

Adın haqqın qələmində,
Canı solub lalənin də,
Məcnun da eşq aləmində,
Sevginin tozu qədəri.

Uca dağlar buzu sevdi,
Şair olan sözü sevdi,
Tanrımız da bizi sevdi,
Qurbanlıq quzu qədəri.

APARIR

Demə haqqın tərəzisi
Bir gətirir, bir aparır.
Onun da bir gözü yatıb,
Zor gətirir, zor aparır.

Səfasını al bu yazın,
Qədrini bil çoxun, azın.
Taleyinə bax Arazın,
O gətirir, Kür aparır.

Dirə dağa dizini də,
Dara göndər sözünü də,
Elə haqqın özünü də,
Kar gətirir, kor aparır.

Zərrədə tut, qramda tut,
Halalda tut, haramda tut,
Sən əlini aramda tut,
Zər gətirir, zər aparır.

Xanlara, baxmaz ahına,
Şairlik verdi ruhuna,
Heç Allah girməz yuxuna,
Göy gətirir, yer aparır.

GƏLMƏZ İlqar Fəhmiyə

Bu sevginin saç ömrü daha tumarə gəlməz,
Çəkər darağı möhnət, kefin xumarə gəlməz.

Bu get- gəlin içində çətin əlin gətirsin
Bu bəxt ilən o səbrin durub qumarə gəlməz.

Saçında qaldı dondu, ağ əllərin buz oldu
O əllərin o dağdan enib hamarə gəlməz.

Payızdı, məndə yarpaq tökübdü köhnə duyğu,
O atəşinlə hissim dönüb damarə gəlməz.

Çəkibdi kirpiyintək gözündən eşqin həsrət,
O qədri incəlibsən, qolun bimarə gəlməz.

Qəmin çörək verir ye, keç iynənin gözündən,
Ki, Tanrı sirridir qəm, çəkək, kənarə gəlməz.

Bu sevgi candı, Xanlar, əzizlə, bəslə, illə,
Di gəl bu boy- buxunda bu intizarə gəlməz.

XANLAR HƏMİD 18.03.2025