.....

.....

Yuxusu üşüyən körpə – Ülkər Nicatlı (şeirlər)

Yuxusu üşüyən körpə – Ülkər Nicatlı (şeirlər)

HƏR GECƏ GƏLƏRƏM YUXULARINA

Sənsiz çətin ömrüm sevgi qoxuya,
Könlüm əsir düşüb bu lal qorxuya.
Həsrəti bir misra verib yuxuya,
Hər gecə gələrəm yuxularına.

Qurudub gözümün yağışlarını,
Ovudub alnımın qırışlarını.
Söküb ayrılığın naxışlarını,
Hər gecə gələrəm yuxularına.

Bir ovuc ümidi səpib ağrıma,
Könlümə deyərəm daha ağrıma.
Sənli arzuları basıb bağrıma,
Hər gecə gələrəm yuxularına.

Ovcunda saxlayıb göy ahlarımı,
Bir gün qurudacaq gün ahlarımı.
Yollara döşəyib günahlarımı,
Hər gecə gələrəm yuxularına.

Məni unut demişdin.

Dəniz gözlüm məni unut demişdin,
Gözün aydın, sətir -sətir unutdum.
Gördüm səni unutmağa tabı yox,
Ürəyimi sənə xətir unutdum.

Sevgi mehi öpməz daha üzündən,
Dadı qaçıb ömür adlı bu yolun.
Götür mənim göz yaşımı nə olar,
Öz əlinlə göz yaşını yu – yolun.

Çatılıbdı qaşı sənli günlərin,
Xatirələr üzün tutub qəhərdən.
Bütün dünya ayrılığa yoluxub,
Sevgi köçüb sən yaşayan şəhərdən.

Vaxtın olsa,bu yaralı misramın
Könlün alıb,göz yaşını silərsən.
Dəniz gözlüm,məni unut demişdın,
Sevmək özü unutmaqdır biləsən.

Payız rəsmi

Ağaclar ağrıdan dişini sıxıb,
Külək yarpaq -yarpaq soyur ömrünü.
Bir ömrün saralmış hıçqırıqları,
Tökülür torpağa bu payız günü.

Bu qərib,bu yetim yarpaqlar,Allah,
Bir çınqı nəğmədi, bir misra şeir.
Bu düşən yarpağın üzündən öpün,
İçində bir fəsil ömür üşüyür.

Ömrü ayazıyar düşən yarpağın,
Pərişan-pərişan baxar göyüzü
Ölən yarpaqların qəbrinin üstə,
Ah çəkib,dəsmalın sıxar göyüzü.

Yuxusu üşüyən körpə

Yurd uğrunda şəhid olub atası,
Bu körpənin yuxusuna qar yağır.
Açılmayan dili üstə,ilahi,
“Ata” sözün qoxusuna qar yağır.

Vətən qədər tarixi var,yaşı var,
Bax üstündə uyuduğu mundirin.
Başqa dili anlamaz o, bilməz o,
Bu körpəni yurd dilində dindirin.

Böyüdükcə böyüyəcək dərdi də,
Ürəyindən ağrı acı yığışmaz.
Öz ömründən asar ata şəklini,
Şəhid adı çərçivəyə sığışmaz.

Ta oxşamaz bu körpənin boyunu,
Döyüşdədir atasının qolları.
Bu körpənim xatirinə yol gəlir,
Uzaqlardan qələbənin yolları.

Zəfər qoxulu Kəlbəcər.

Yolları bürüyüb vüsal qoxusu,
Gəldim görüşünə, salam, Kəlbəcər.
Sinəmdə misralar coşub çağlayır,
Bəs niyə bu qədər lalam, Kəlbəcər?!

Ötən xatirələr necə də sərin,
Arzumu,şövqümü yollara sərin.
Zəfər ətirlidir gələn səhərin,
Bu payız yenilməz qalam, Kəlbəcər.

Dağlara baxıram alışır könül,
Torpaqla, ağacla danışır könül.
Neçə dərə keçib, dağ aşır könül,
Bulağların şirin laylam, Kəlbəcər.

Əhsən, ər oğluna,ərən oğluna
Basdın qədəmini zəfər yoluna.
Bu payız qoy bir az girim qoluna,
Sirdaşım,qardaşım, balam Kəlbacər!