B PLANI
Keçirəm B planına
Matriksdən çıxıb
İksdən çıxış edirəm.
Mavi zanbaqların uyuşdurucu qoxusundan
B/ayılıram qucağında
Saqqalı ayağına dolaşan miniatür qocanı xatırla
O bayğın
O bayağı
O arxaik
O klassik
erkək tipi mənəm;
Amma o sən deyilsən
Unut miniatürü
Mükəmməliyətçi* bir rəssamın beynində vurnuxan model
Müxatəbin bacarığına buraxılmış ağ oxunuş…
Çizilməmiş matriks
Çözülməmiş iks
Keçirəm B planına
B/ayılı…
• Perfektsionizm
ULDUZLU GECƏ
Baxdın
Gecəyə bir şeir buraxdım
Maviləşdi göy
Qaytarıb qulağını yapışdırdı Van Qoq
Fırlanmağa başladı ulduzlar
Hipnoz oldum;
Gecənin qaranlığını içib
Görunməzlikdən çıxdım…
Baxmasaydın
Sadəcə hüzünlü bir gecəydi, gecəm
Ağ qələmlə yazırdım-
Hələ də-
Görünməz idim
Gözlərini də hədiyyə kağızına büküb sevgilisinə göndərmişdi Van Qoq.
DÜYÜN
Həmişə düyünlərin
Gözəl bir xalça kimi
Avropada tablo
Ortadoğuda ayaqlar altında
Və Afrikada həsir kimi olduğunu düşünürsən.
Amma unudursan gözə/l görünən hər bir şeyin altında
Gözə görünməyən işgəncələri.
Bax!
Sadəcə qalstukun düyünü deyil
Boğazımda
Udquna bilmədiyim üst-üstə düyünlər var.
Hər gecə ütülədiyim kostyumum kimi
Ütüləyirəm gövdəmin qırışlarını
Sarıram yaralarını
Hər səhər qalstukum,
qırılıb düyünləndiklərimin üstünə vurulur
İndi mən,
düyünlərlə ayaqda qalmış
özüm boyda bir düyünəm.
Ya çöz
Ya sürüş
Ya da düyünlən gövdəmə.