.....

.....

Səssiz haray çəkir lal baxışların – Mehri Mikayılovanın şeirləri

Baxışın qəmlidir, halın pərişan,
Ömrünü dərd bilib yaşayan qadın.
Bilirəm, səsini özgəsi duymur,
Qəlbinin içində qopur fəryadın.

Qaldı gözlərində arzun, muradın,
Sevgin ürəyində yandı, alışdı.
Üzünə, saçına toxunan zaman
Qəlbinə, ruhuna toxunmamışdı.

Yenə inanmısan, yenə sevmisən,
“Sevgi bir nağıldır”, desən də hərdən.
Amma görünür ki,sən də bezmisən
Belə nağıllardan, əfsanələrdən.

Sözlərin yarımçıq, nəfəsin qısa,
Həyəcan duyulur titrək səsində.
Var sənin öz dünyan, öz dünyanda sən
Sanki tək-tənhasan Yer kürəsində.

Elə baxırsan ki, sanki gözündən,
Səssiz haray çəkir lal baxışların.
Elə bil özündə nəsə axtarır
Hərdən biixtiyar davranışların.

Bəzən həyat vurur yerə insanı,
Bəzən də göylərə ucaldır, qadın!
Bəzən insanları artan yaş deyil,
Qüssəsi, kədəri qocaldır, qadın!


Yaşım çoxaldıqca çoxaldı dərdim,
Dərd verən dərmanın vermədi ancaq.
Mən nələr yaşadım, mən nələr gördüm,
Həyat uşaq oldu, mən bir oyuncaq.

Sanki eyni oldu bu gün dünənlə,
Sürpriz olmadı qəfil olanlar.
Sanki taleyini bölüşdü mənlə,
Cah-cəlal içində səfil olanlar.

Boğuldum batdiqca qəm dənizində,
Sahilə atmadı ləpələr məni.
Yağış da olmadım göyün üzündə,
Buludlar düzlərə səpələr məni.

Hayana çevrilib üz tutdumsa mən,
Donub axar sular buza döndülər.
Min dərddən birini unutduqca mən,
Yaramı görənlər duza döndülər.

Deyil ki, insanın həyatı sonsuz,
Bəlkə bəla gəlir sovuşmaq üçün?
İlahi, bircə gün ayırıb onsuz,
Köçüb dərgahına qovuşmaq üçün.

***
Söz haqda deyim söz, bunu bilsin gərək hamı,
Söz əhli ki, sözlə qurur aləmdə nizamı.

Söz var ki, ömürlük ürəyə sancılır oxtək,
Bir halda deyirsən onu gəldikdə məqamı.

Söz var, yaradar vəhdəti insanlar içində,
Söz var ki, kəsər birdəfəlik haqqı-salamı.

Kimlik danışıqdan bilinir – böylə məsəl var,
Sözdən bilinir insanın elm əhli, avamı.

Allah da bəşərlə qurub ünsiyyəti sözlə,
Musaya edib ilk dəfə bəlli bu məramı.

Zahirdə “salam” da özü bir kəlmədir, ancaq
Var hikməti təhlil eləsək biz bu kəlamı.

Söz süzdüsə Mehri yenə ariflərə, sözsüz,
Məst eyləməz, əlbət, süzülən, cahil adamı.


***

Oldum o gözəl hüsnünə heyran baxışından,
Məhv oldu, viran oldu fəqət, can baxışından.

Gördükdə gözəl gözlərinin sehrinə düşdüm,
İnsan necə ofsunlanar insan baxışından.

Lap töksə də qanım yenə mən səbr eləyərdim,
Ol qanla yazardım yeni dastan baxışından.

Sevmişsə könül, göz də həmən yarə baxarkən
Əskik eləməz sevgini bir an baxışından.

Fikr eyləmə Mehri, yarının varsa vəfası,
Azmaz yolun əğyarın ona yan baxışından.