Sonuncu sovqat
Avtobusdan düşən kimi birinci yaylıqla üz-gözünü sildi. Yaman isti idi. Aprel ayında hər deyəndə belə
isti olmazdı. Yolu keçərək qovaq ağacına tərəf addımladı. Ağacın dibinə çatan kimi əlindəki çantaları yerə
qoydu. Yorulduğunu indi hiss etdi. Kəndlərinə gedən yolun üstündə idi bu qovaq ağacı. Uşaq vaxtından bu
ağacı belə böyük görmüşdü. Başını qaldıraraq ilk dəfə görürmüş kimi baxdı. Adətən, onların kəndinə və
digər qonşu kəndlərə getmək istəyənlər burda – qovağın dibində durardılar. Çünki kəndə gedən maşınlar
müştəri üçün, adətən, burda dayanardılar. Nədənsə bu gün heç kim yox idi. Təsərrüfatın qızğın vaxtlarında
yolda adam az olurdu. Əlindəkilərin ağırlığından keyimiş qollarını ovuşdurdu. Kəndləri kiçik olduğundan
fərli-başlı dükan yox idi. Ona görə də ayda bir-iki dəfə rayon mərkəzindən bazarlıq edərdi. Bəs edirdi. İki
nəfər idilər. Bir özü, bir də həyat yoldaşı. Əvvəllər yolu tez-tez düşərdi rayon mərkəzinə. Artıq iki il olardı ki,
işləmirdi. Təqaüdə çıxmışdı. Onu işlədiyi məktəbdən təntənəli sürətdə yola salmışdılar. Yaman çətin
olmuşdu ona qırx iki il işlədiyi məktəbdən ayrılmaq. Zarafat deyildi. Bütün gəncliyini burda qoymuşdu. İlk
vaxtlar yerə-göyə sığmırdı. Sonradan öyrəşdi buna. İndi də dəvət edirdilər aradabir məktəbə – tədbir filan
olanda. Hər dəfə də kostyumunu geyinib qalstukunu bağlayanda həyat yoldaşı yarıciddi, yarızarafatla
deyərdi: “Doymamısan qırx il işləyib?” Amma hiss edirdi ki, əslində, xanımının onu yenidən belə görmək
xoşuna gəlir.
Yanından keçən böyük hərbi maşının səsi fikirdən ayırdı. Ondan bir qədər irəlidə – qəssab dükanının
yanında saxladı. Sürücünün yanında oturan hərbiçi nə isə soruşdu qəssabdan. Ona elə gəldi ki, onların
kəndini soruşurdu. Az qaldı desin ki, bəs məndə o kəndə gedirəm. Amma dillənmədi. Adətən, hərbi
maşınlar kənar adamları mindirmirdilər maşına. Onların kəndi sərhədə yaxın olduğu üçün kənddən bir
qədər aralı kiçik hərbi hissə vardı. Kənddə tez-tez rast gəlmək olurdu belə hərbi maşınlara. Amma beləsini
heç görməmişdi kəndlərində. İri qara təkərləri təptəzə idi. Kuzovu par-par parıldayırdı. Yük yerində istidən
təntimiş əsgərlər görünürdü. Fürsətdən istifadə edib yandırdıqları siqareti növbə ilə çəkirdilər. Əsgərlərin
səliqəli geyimini görəndə ürəyi dağa döndü. Ürəyində “maşallah, generala oxşayırlar. Elə bil parada
gedəcəklər” deyə düşündü. Yerindən tərpənən maşına qürurla baxdı. Yadına öz oğlu düşdü. O da hərbi
xidmətdə idi. Üç ayı qalmışdı. İnşaallah, yayda gələcəkdi.
Oğlu evin sonbeşeyi idi. Dörd qızdan sonra dünyaya gəlmişdi. Uzun illər yolunu gözləmişdi. Təbiətcə
sakit adam idi. Amma yoldaşı hər dəfə doğum evindən qız uşağı ilə qayıdanda lap hövsələdən çıxırdı. Yaxşı
bilirdi ki, bu işdə yazığın heç bir günahı yoxdur. Amma heç cür həzm edə bilmirdi. Sonuncu qızdan sonra, az
qalırdı, evdə heç nədən dava salsın. Az qalırdı hər dəqiqəbaşı hirsini arvadının üstünə töksün. Amma bir gün
yoldaşının ağlaya-ağlaya oğul üçün Allaha yalvardığını görəndən sonra ayıldı sanki. Xəcalət çəkdi içində başa
düşdü ki, ona qarşı haqsızlıq edir. Şükür yaradana – arzusunu gözündə qoymadı. Oğul atası ola biləcəyinə
ümidini itirdiyi bir vaxtda arzusu çin oldu. Oğlunun dünyaya gəlişi ilə hər şey dəyişdi. Uşaq böyüdükcə
atdığı hər addımı, dediyi hər söz günlərlə müzakirə olunurdu evdə. Çox vaxt qızlara qoşulub saatlarca oğlu
ilə oynayardı. İşdə, yolda, məclisdə olanda fikri onun yanında qalırdı. Hərdən hiss edirdi ki, oğluna olan
sevgisinə qızları lap əməlli-başlı paxıllıq edirlər. Neynəsə də, qızlarından gizlədə bilmirdi bu sevgini.
Allahından çox razı idi. Arzusunu ürəyində qoymamışdı. Şükür oğlu da ona olan sevgini, inamı itirmədi.
Məktəbdə, küçədə məclisdə tərbiyəsi, əxlaqı ilə nümunə oldu tay-tuşlarına. Məktəbi əla qiymətlərlə bitirib
universitetə daxil oldu. Bu xəbəri alan günün səhərisi böyük bir məclis qurdu həyətdə. Ürəyi dağa
dönmüşdü o gün. Ona elə gəlirdi ki, hamı ona həsəd aparır, hamı onun oğlu ilə fəxr edir. Hər dəfə kimdənsə
gözaydınlığı alanda sinəsi dəmirçi körüyünə dönərdi. Yerə-göyə sığmazdı. Oğlu universiteti də əla
qiymətlərlə oxudu. Tək bircə dəfə üçüncü kursda kəsri olmuşdu. Sən demə, oğlu neçə aylardı gecələr
işləyirmiş. Elə bu səbəbdən də dərslərini çatdıra bilməyib və nəticədə kəsri olub. Oğlunun işləməyinə
acıqlansa da, arvadı vəziyyəti başa salmışdı ona. Evdən göndərilən pul oğlunun ən zəruri xərclərini belə
ödəmirdi. O ili təqaüdə çıxdığından artıq əvvəlki kimi pul yollaya bilmirdi oğluna. Aldığı pensiya isə
qiymətlərlə müqayisədə qəpik-quruş idi. İlk vaxtlar bilmirdi neynəsin. Həyatını məktəbə bağladığından heç
vaxt bağ-bağça, təsərrüfat adamı olmamışdı. Ona görə də əlavə gəlir yeri yox idi. Amma yaz açılanda çox
düşünüb-daşınıb qərar verdi. Ürəyində “puluna minnət” deyərək kimlərinsə yerinə naxır-nobatına getməyə
başladı. Soruşan olanda da “vallah, evdə ürəyim sıxılır, darıxıram” deyə bəhanə gətirərdi. Bəzən az qalırdı
özü də inansın yalanına. Bir günlük növbə üçün aldığı pul çox olmasa da, hər halda əlindən tuturdu. Bəzi
xırda-para ehtiyaclarını ödəyirdi. Oğlunun işləməməsi üçün indi pensiya kartını ona yollamışdı. Oğlunun
etirazına “biz birtəhər keçinərik, bizdən narahat olma” deyə cavab vermişdi. Amma hiss etmişdi ki, oğlu
əvvəlki kimi olmasa da, hər halda yenə işləyir. Çünki əvvəllər hər bayramda kəndə qaçan oğlu indi kəndə bir
də yayda gələcəyini deyirdi.
Axşamlar naxırdan yorğun halda qayıdanda qəlbində qəribə hisslər baş qaldırırdı: qırx illik
müəllimlikdən sonra naxırçılıq da varmış qismətində. Amma yadına düşəndə ki, bütün bunları oğlu üçün
edir bir anda fikrini dəyişərdi. Naxırı kəndin kənarındakı çaydan keçirdikdən sonra özü çayın kənarında
durub havanın qaralmasını gözləyərdi. Nobat yoldaşı nə illah eləsə də, min bir bəhanə ilə qəsdən
dayanardı. Səbəbi isə tək özünə məlum idi: istəmirdi ki, yolda müəllim yoldaşları, şagirdləri onu görsün.
Nədənsə çox sıxılardı o anda. Düzdü, heç kəsin yanında gözü kölgəli deyildi. Heç kimə pisliyi dəyməmişdi.
Kəndin, bəlkə də, yarıdan çoxuna dərs demişdi. Amma daxilindəki narahatlıq, özünə də məlum olmayan
qürur hissi ona imkan vermirdi. Gecələr yorğunluqdan ağrıyan ayaqlarının sızıltısını gizlətməyə çalışardı
xanımından. İstəmirdi onu ağrıyan, xəstəhal görsün. Hiss edirdi ki, o da onun bu halını görməzliyə vurmağa
çalışır. İki ili bu minvalla başa vurdu. Keçən yay universiteti bitirdikdən bir həftə sonra oğlunu əsgər
aparmışdılar. Oğlu əsgər gedəndən sonra elə bil həyət-baca büsbütün boşalmışdı. Əslinə baxsan, dörd il idi
ki, ər-arvad ikisi qalmışdılar. Nədənsə, indi heç cür özlərinə gələ bilmirdilər. Sən demə, oğul atası olmağın
bu tərəfi də varmış. Xaraktercə sakit, təmkinli adam idi. Qızlarının heç biri gəlin köçəndə ağlamamışdı. Tək
bircə dəfə – böyük qızı xərçəngdən dünyasını dəyişəndə özünü saxlaya bilməmişdi. Amma indi gecələr
divarlar üstünə gəlirdi. Tez-tez telefonla danışırdılar. Oğlu hər şeyin yaxşı olduğunu, komandirlərinin ali
təhsilli kimi ona hörmət qoyduğunu da deyirdi. Elə ki oğluyla telefon danışığını bitirirdi, göz yaşlarını saxlaya
bilmirdi. Xanımı ondan da betərdi. Bütün günü gözünün yaşı yanağında idi. Evdə bir dadlı xörək bişəndə,
qazan qaynayanda dilinin ucunda oğlunun adı olardı. Oğlu şirniyyatı çox sevərdi. Xüsusi ilə şəkərburanı. Hər
ayın başında Bakıya onun üçün pay gedəndə sovqatın içində mütləq şəkərbura olmalı idi. Uşaq şəkərbura,
şirniyyat dəlisi idi. Yadında idi, sonuncu dəfə xidmətə gedən gün anasının hazırladığı yol çantasında təkcə
şəkərburanı götürmüş qalanını qaytarmışdı. “Yük olacaq demişdi”. İndi hardansa yadında düşdü o an.
Özünə qəribə gəldi belə dəqiqliklə xatırlamağı. Oğlu gedəndən sonra yoldaşı evdə şirniyyatda bişirmirdi ki,
bəs biz burada yeyirik, amma ona olmur. Əslində, rayon mərkəzinə getməyinin səbəbi vardı. Sabah oğlunun
yanına – cəbhə xəttinə getmək istəyirdi. And içmədən sonra getməmişdi. Oğlu hər dəfə israr edir ki,
gəlməsinlər. Üç ayı qalmışdı. Bu yay gələcəkdi. Ona qalsa, bəlkə də, dözərdi. Amma yoldaşı dinclik tapa
bilmirdi. Pensiya gələn kimi yollamışdı rayon mərkəzinə. Özü iki gün əvvəldən hazırlıq görürdü. Biş-düş,
qışdan qalan meyvə, qoz-fındıq. Bu gün də səhərdən başlamışdı şirniyyat tədarükünə. Əlinə keçəni yığırdı
sovqat üçün. Səhər evdən çıxmamış istədi desin ki, ay arvad, şəkərbura yadından çıxmasın. Ağzını açmamış
“a kişi, narahat olma bişirəcəm. Sən dediklərimi al” cavabını almışdı. Maşın da danışmışdı. Sübh tezdən
çıxacaqdılar. Yadına düşdü ki, heç şoferlə qiymət də danışmamışdı. Qəfil səsdən diksindi:
– Müəllim, getmirsən? – Qonşunun oğlu idi. Hərbi xidmətdən payızda gəlmişdi. İş olmadığından
atasının köhnə “Jiquli”si ilə rayon mərkəzinə adam aparıb gətirirdi.
– Gedirəm, qonşu. – Əlindəkiləri yük yerinə qoymağı ilə maşına oturmağı bir oldu. Elə hər ikisi
sevinirdi. Biri müştəri tapdığı üçün. Biri isə maşın tapdığına görə.
Qonşusu maşını işə salmağı ilə yerindən tərpətməyi bir oldu. Yerini təzəcə rahatlamışdı ki,
qonşunun sualları başladı. Xasiyyətini yaxşı bildiyindən cavab verməkdən başqa əlacı yoxdu.
– Müəllim, hardan belə?
– Rayondan. Bayaqdan burda maşın gözləyirəm.
– Xeyir ola? Nə bazarlıqdı belə?
– Hə. Xeyirdi. İnşallah, səhər uşağın yanına getmək istəyirik. And içmədən sonra heç getməmişik.
– Məndən də salam deyin. Az qalıb – üç ay nədirki…
Maşının açıq pəncərəsindən gələn sərin, təmiz yaz havası lap ləzzət elədi. Yorğun idi niyəsə. Gözləri
yumulurdu. Bəlkə də, yatacaqdı. Amma qonşu dil-boğaza qoymurdu. Yol boyu özünün hərbi xidmətindən o
ki var danışdı. Hərbi hissəyə düşdüyü gündən, ta tərxis olunduğu günəcən olanları ən xırda detallarına kimi
döşədi. Zalım oğlu komandirlərinin ad-familyasını, hərbi rütbəsinə kimi yerli-yerində danışırdı. Guya onları
hamı tanıyırdı. Hərbi xidmətin yazılmış-yazılmamış qanunları yarım saatlıq yolda başa saldı ona. Hiss etdi ki,
qonşusunu indi-indi kəşf edir. Amma sözünü kəsmədi. Ürəyində “əşşi qoy nə qədər istəyir danışsın”– dedi.
– “Həm vaxt da tez keçər.” Doğrudan da, kəndə nə vaxt girdiyini hiss etmədi. Maşın küçələrinə burulanda
söhbət bir qədər ara verdi. Küçənin başında düşmək istəsə də sağ olsun, qonşusu razı olmadı. Evə
aparacağını bildirdi.
Qapılarında maşın dayanması ona qəribə gəldi. İçini ani olaraq bir narahatlıq bürüdü. Uzaqdan tanış
gəldi maşın. Yaxınlaşanda tanıdı: bayaq yolda gördüyü həmin hərbi maşın idi. Nədənsə, yan-yörəsində heç
kim gözə dəymirdi. Yük yerindəki əsgərlər də yox idi. Bir anlıq duruxdu. Ürəyində düşündü: “bu maşının
qapıda nə işi var, görəsən?” Həyətdən gələn ağlaşma səs içindəki fikirləri param-parça etdi. Bir anlıq
duruxdu. Əlindəkiləri yerə tullayıb kiçik taxta qapıdan içəri – həyətə doğru yüyürdü. Gördüyü mənzərədən
dəhşətə gəldi. Həyətə çatmamış axan kiçik su arxını keçə bilmədi…
*
Özünə gələndə həyət-baca adamla dolu idi. Key kimi olmuşdu. Bayaq həyətin ortasındakı tabut evə
qaldırılmışdı. Üstündə gedən ağlaşmanın səsi həyət-bacanı bürümüşdü. Hər şeyi başa düşmüşdü artıq.
Tabutdakı oğlunun cəsədi idi. Amma heç kimdən nə isə soruşa bilmirdi qorxusundan. Qorxurdu ki, görüb
duyduğunu kimsə təsdiqləyər. Sanki susmaqla bu xəbərin yalan olduğuna inandırmaq istəyirdi özünü.
Evdən gələn ağlaşma səsi isə bütün ümidlərini yerlə-yeksan edirdi. Amma içində bir ümid vardı hələ də.
Bəlkə, səhvən gəliblər. Olur bəzən belə şeylər. Olan-qalan ümidini ona yaxınlaşıb önündə diz çökən zabit
qırdı: Başınız sağ olsun, ata. Oğlunuz dünənki döyüşdə üç düşmən məhv etdi. Təəssüf ki, onu qoruya
bilmədik. Yaralı dostunu xilas edəndə vurdular. Oğlun vətən uğrunda şəhid oldu.
Bəd xəbər nə tez yayılırmış. Bircə saatın içində həyət-baca adamla doldu. Əvvəlcə kəndin axundu, az
sonra bələdiyyə sədri, daha sonra rayon rəhbərlərindən bir neçəsi həyətdə göründü. Ondan bir qədər
kənarda toplaşan bu adamların danışığından hiss olunurdu ki, zabit şəhidin bu gün dəfn edilməsini istəyir.
Dediyinə görə bu qəti olaraq tapşırılıb ona. Tabutun dəfn üçün hazır olduğunu bildikdən sonra axund gün
batmağa kifayət qədər vaxt qaldığını görüb razı oldu. Bütün bu olanları eşidir, dinləyirdi. Amma nədənsə,
heç bir şey deyə bilmirdi. Onun sevimli oğlunu – sonbeşiyini bir azdan əbədi olaraq ondan alacaqdılar. Bu
anda özündən çox həyat yoldaşını düşünürdü.
Dəfnə razılıq alındıqdan sonra hazırlıq işləri bir az da sürətləndi. Hər şey kino lenti kimi gəlib keçirdi
gözünün önündən.
Gözünə həyətin bir küncündə dayanmış əsgərlər sataşdı. Yəqin, “oğlumun dostlarıdır” deyə
düşündü. Yanından keçənlərdən birinə “o əsgərlərə çay çörək verin” dedisə də, deyəsən, heç kim eşitmədi.
Dili tutulmuşdu elə bil. Heç ağlaya da bilmirdi. Cənazə yerdən qaldırılanda içində nə isə qırıldı, sanki. Özü də
əbədi olaraq qırılana oxşayırdı. Arxadan “can oğul” deyə gələn xırıltılı səsi eşitməmək üçün əllərini qeyri-
ixtiyarı qulağına apardı.
Qəbiristanlıq çox da uzaqda deyildi. Beş-on dəqiqəlik yol olardı. Kiçik kənd qəbiristanlığı ömründə
bu qədər adam görməmişdi. Burda heç vaxt ağaclardakı quşlar yaylım atəşindən diksinməmişdi də.
Batmaqda olan günəş, sanki atılan güllələrdən yaralanıb qanına boyandı və yaralarını sağaltmaq üçün
qüruba endi. Az sonra hamı qəbiristanlığı tərk etmişdi. Qəbir üstündə yalnız altı əsgər qalmışdı. Onlar
qəbrin üstünə sərdikləri bayrağı külək aparmasın deyə kənarlarına daş düzürdülər…
Gecənin bir yarısı öz səsinə oyandı. Daha doğrusu, hönkürtüsünə. İlahi bu nə idi. Elə bil indi – üç
gündən sonra ayılmışdı. Qonşu çarpayıda yatan xanımını qorxudacağından əlini ağzı ilə tutmağa çalışdı.
Alınmadı. Barmaqlarının ucunda çölə çıxdı. Eyvanda da toxtaya bilmədi. Həyətə düşdü. Bir qab su içdi. Bir
qədər toxtadı. Həyət qapısının açıldığını hiss edib geri çevrildi. Xanımı idi. Küçəyə doğru gedirdi. Ürəyində
“yazıq havalanmasa yaxşıdır”, deyə arxasınca addımladı. Ancaq yaxınlaşmağa da cürət etmədi. Gecənin
qaranlığında qorxudacağından ehtiyat etdi. Xanımın əlindəki ağ torbaya bənzər nə isə vardı. Ürəyinə yüz
cür fikir gəldi. Axı bu arvad hara gedirdi gecənin bu vaxtı. Döngəyə çatanda hər şeyi başa düşdü.
Qəbiristanlığa gedirdi çox güman ki… Geriyə baxmadan, əlindəkini indi sinəsinə sıxaraq gedirdi. Onu
qorxutmamaq üçün ondan bir qədər aralıda, çəpərlərin dibinə qısılaraq gedirdi. Ay ətrafı süd kimi işığa
bələmişdi.
Həyat yoldaşı qəbirlərin arası ilə elə sürətlə gedirdi ki, bir anlıq ayağının ilişəcəyindən, ya da boş qəbirə
düşəcəyindən qorxurdu. Bir qədər aralıda – böyük bir başdaşının arxasında gizləndi. İstəmirdi yaxınlaşıb
qorxutsun. Ürəyində “qoy ağlayıb ürəyini boşaltsın”, deyə fikirləşirdi. Bilirdi ki, gündüzdən bura gəlmək
üçün bu anı necə həsrətlə gözləyib. Gündüz qəbir üstünə gələndə onu çox qoymamışdılar ağlamağa.
Uzaqlaşdırmışdılar. Xanımının taxtadan müvəqqəti qoyulmuş kiçik başdaşını necə qucaqladığını, üzünü
qəbirin torpağına necə sürtdüyünü aydın görürdü. İçində səssiz ağladı. Yaxınlaşıb təskinlik verəcək bir söz
tapmırdı. Bu hal yarım saat, bəlkə də, daha çox davam etdi. Aradakı məsafə az olmasa da, ay işığında hər
şeyi aydın görürdü. Xanımı bayaq qoltuğunda tutduğu ağ torbaya bənzər nə idisə onun içindəkiləri çıxartdı.
Əli ilə qəbrin torpağını qazmağa başladı. Bir xeyli qazdıqdan sonra əlindəkini qazdığı çuxura qoyaraq
yenidən çuxuru doldurdu. Əti ürpəşdi bir anlıq. Qəbrin üstünü səliqəyə saldıqdan sonra ayağa durdu.
Geriyə baxmadan gəldiyi yolla qayıdırdı. Arxasınca düşdü. Yoldaşının ondan kifayət qədər uzaqlaşdırdığını
görüb bir siqaret yandırdı. Ayaqları getmirdi. Maraq onu geri çəkirdi. Çuxura gizlədilən nə idi axı?
Fikrindən “bəlkə də, yazıq havalanır yavaş-yavaş” keçirtdi. Özündən asılı olmayaraq, qayıtdı qəbrin üstünə.
Bayrağı bir kənara çəkib qəbrin qazılan yerini eşələməyə başladı. Az keçmədi əlinə toxunan torbanı hiss
etdi. Gözləməyə səbri çatmadı. Çuxurdan çıxartdığı bükülünü necə dartdısa içindəkilər qəbrin üstünə
səpələndi. Bir-ikisini əlinə götürdü. Bədənini buz kimi soyuq tər basdı. Şəkərbura idi…
Anası oğluna sonuncu sovqatını yollamışdı…