Xoş torpağın halına
Ruhun havalana göyə,
Ardınca ağca tüstüsü.
Son dəfə qapını döyə,
Ürəyinin döyüntüsü.
Uçub hər yana dağıla
Minarədən azan səsi.
Bir ömrün dönə nağıla
Tənhalığın son gecəsi…
Bu gün azadlığa susamış ruhu göylərə üz tutdu şair Elman Tovuzun. Ədəbiyyatımızın, şeiriyyatımızın böyük itkisi, ürəyi bulaq kimi söz qaynayan gözəl insan. Vətən sevgisi ilə qanayan yaraları yenicə qələbə xəbəri ilə şəfa tapırdı. Cismi kimi həyatını da yarımçıq yaşamışdı. Şairin ocağı qonaqsız közələnmirdi, ürəyi dostsuz döyünmürdü. Bağlı qapısından qərib kimi boylanışı anasını gözləyən uşaq məsumluğuna, eyni zamanda dərdini üzündən pərdə kimi çəkən nur çöhrəsində təbəssümə bənzəyirdi. Gün olur, gözü dəmir qapısına kimi yol çəkir, qulağı bir taqqıltıya həsrət saatları, dəqiqələri sayırdı. Bütün ömrü təkərli arabasının çarxı kimi təkrarlanan saat əqrəbinin hərəkətinə bənzəyirdi.
Bu gün də belə getdi…
Sabah da belə getdi…
Ömür də belə bitdi…
Ayrılığı bütün varlığı ilə, cismi ilə, ürəyi ilə yaşayan şair qaranlıq sabaha işıqlı söz, şeir, nikbin xatirələr qoyub getdi. Ədəbiyyatımızın pillələrinə ayaqları yetmədi, qəlbi ilə qalxdı. Elman Tovuz o zirvədədir ki, hər misrası ən gözəl, doyumsuz duyğu cilalı ürək oxşayan, ruha təcəssüm edəndir. Elman Tovuz o zirvədədir ki, başının qarı söz ucalığından ələnmişdi. Sazında dolaşan barmaqları dərdi dağıtmağa yetmədi, misralarda dolaşan duyğuları könül yükünü azaltmadı, dözmədi bu dəli kimi çağlayan tale qasırğasına. Ürəyini də götürüb getdi…
Bizə qalan işığı oldu ustadın, sözündəki, şeirindəki səliqəsi. Bir də dərdin nazını çəkmək səbri xatirə qaldı şairin. Dünyanın Elman Tovuz böyüklüyündə yeri boş qaldı.
Məkanın işıqlı olsun, ustad Elman Tovuz. Xoş torpağın halına…
