.....

.....

Çürük diş – Günel Balakişinin hekayəsi

Çürük diş – Günel Balakişinin hekayəsi

Yorğun və ac idim. Bakının tıxacını və yolun uzunluğunu nəzərə alsaq, bu vəziyyətdə Sumqayıta, evə qayıda bilməzdim. Əks halda, çağrılmamış qonaqımla ömrümün növbəti 2 sutkasını keçirməli olacaqdım. Miqren, mənim kabusum. 15 ildir ki, ürəyimin yükünə, ruhumun yorğunluğuna başımla cavabdehəm. Düz 15 ildir,bu ərköyün, şıltaq, eqoist “yeniyetmənin” nazını çəkirəm. Vaxtında yeməli, vaxtında yatmalıyam. Hələ başqa kaprizləri də var. Bu haqda uzun-uzun danışıb sizi də yormaq istəmirəm. 

Çeşid-çeşid restoranların önündən keçərkən, hansında nahar edəcəyimi dəqiqləşdirmək elə də çətin olmadı. Biz,azərbaycanlılar ağzımızın dadını yaxşı bilirik. Müştərilərinin çoxluğunu nəzərə alaraq, restoranlardan birinə daxil oldum. Önündə 4 dostun, arxasında uşaqlı ailənin oturduğu tənha masanı seçdim. Yemək sifariş edərkən, içki seçimim bu dəfə hər zamankı kimi şaftalı şirəsi yox, “coca-cola” oldu. Bu gün qaydaları pozmaq istədim. Qarson “cola” üçün bakal gətirəndə, yox, zəhmət olmasa öz qabında, çöplə gətirin, dedim. 

Budur, sifarişim gəldi. Tələsmədən, aramla yeyirəm. Masamda mən və mən. 

Hamı danışır, hamı yeyir. Çəngəl, bıçaq, gülüş səsləri…Solumdakı divardan asılmış Tv də ,Ahmet Kaya, “Siz benim neler çekdiyimi nerden bileceksiniz”,oxuyur. Bu qədər hay-küyün içində o səsi yalnız tənha masadakı müştəri duya bilərdi. Mahnının sözlərini təkrar edərkən, “Siz benim kime küsdüyümü nerden bileceksiniz”…arxa masadakı təxminən 4-5 yaşlı oğlan uşağı valideynlərinin gözündən yayınıb mənə yaxınlaşdı. Qəfildən, masamdakı “cola”nın çöpünü ağzına saldı. 

Tez, əlindən alıb:

-Aaa olmaz, dedim.

-Niyə?

-Çünki, başqasının ağzının dəydiyi çöpü ağıza salmaq olmaz.

-Niyə? 

-Çünki mənim ağzımda mikrob var.

-Düz deyirsən? Hanı?

-Düz deyirəm. Adam yalan danışmaz.

-Onda göstər. 

-Nə?

-Göstər, aç ağzını baxım.

İlahi, indi mən nə edim? Uşağı inandırmalıyam. Birdən, lap arxadakı çürük dişi xatırlayıram. 

Ətrafdakı baxışlardan utansam da, balaca dostumu inandırmaq üçün, ağzımı geniş açıram. Bax, o dişi görürsən? Görürsənmi, qapqaradı. Bax, o mikrobdur.

-Hə, gördüm. 

Ağlamağa başlayır. Anasından şikayət edib nəsə deyir. Səs-küydən heç nə eşitməsəm də, cümlənin sonunda, anam məni qoymur, hissəsini güclə ayırd edə bilirəm.

Salfetlə gözünün yaşını silə-silə, ana qoymursa, düz edir,ana səni çox istəyir, dedim. 

Çönüb arxaya, anasına baxdı. Nə düşündü bilmirəm. 

-Olar, salfetləri anama aparım?

-Əlbəttə, olar. 

Ananın arxası bizə tərəf olduğu üçün, bu “hədiyyə”nin səbəbini anlamadı. Laqeyidliklə alıb masasına qoydu. 

Mənsə düşündüm. Çürük diş…! Hətta, ağzımdakı çürük diş də nəyəsə yaradı. Bəlkə də ona görə mən bu zamana qədər ondan imtina etməmişəm. Bəlkə də ona görə, mən onu bu illər ərzində dəfələrlə müalicə etdirmişəm,şans vermişəm. Baxmayaraq ki, bəzən o yeməyin ən dadlı yerində məni tikan kimi sancıb, incidib. Dünyada yaradılan hər bir şeyin missiyası var. Bu diş missiyasını tamamladı. Vaxtıdır. Ondan imtina etməyin vaxtıdır. 

Bu gün həkimə getdim. Kökü o qədər dərin idi ki, yalnız, bir neçə iynədən sonra həkim damağımı keyidib onu ağrısız çıxara bildi. 

İndi damağımda böyük bir yara var. Sağalacaq, mütləq sağalacaq. Amma yeri həmişə boş qalacaq!