Səslə söz arasındakı sirr
Gündüz demədiyim sözün vaxtıdır
Gecə açmadığım sirrin məqamı.
Ya sən istəyirsən ümidimi qır,
Zülmət gözlərimdə, ya yandır şamı.
Bu yaşda qoyarlar, hey lağa eşqi,
O qara taleli kölgə kim axı?
Yoxluqla çəkərlər sınağa eşqi,
Mən niyə var olmaq istədim axı?!
İlişib qalıram nə istəməndə,
Batdığım dalğalar səsindir sənin.
Dünyanı başıma uçurma, mən də,
Bəlkə işığına uçdum kölgənin.
Köçsən, yurd yeridir, ürəyimə düş,
Arzum son uçuşa eyləməkdi cəhd.
Tanrı qınağıdır hər qəfil görüş,
Nə səndə o təpər, nə məndə o əhd.
Sənə dedim axı, soyuqdu ara,
Yandıqca titrəyir, əsir şam yenə.
Yenə boylanırsan ən uzaqlara,
“Getmə” demək üçün susuram yenə.
Haqqı gəzirsənsə, buz əlimi tut,
Fırlanır başıma dam işığında.
Səssiz ağlamağı bu gecə unut,
Titrəyir ürəyim şam işığında.
Pozuldu zamanın dəngəsi yenə
Yadına gəlirmi necə susduğum?
Qıymadım bir sözə bir səsi yenə,
Gündüz demədiyim, gecə susduğum…
Xəyalların soyuq vaxtı
Sənə bir çiçəklik nəğmə oxumaq,
Mənə bir sinəlik yasəmən ətri…
Bir də küləklərin tərs əsən vaxtı,
Səpərsən ömrünə, sən həmən ətri…
Fırtına qopartmaq bir ovuc suda,
Divlərin şüşədə quş canı olmaz.
Qurdağzı bağlamaq olmur quyuda,
Adamın yaşamaq imkanı olmaz.
Ömür bir qəflədir, ölüm köç ayrı,
Yollar doğanaqdan dolanıb keçər.
Kabab çəkmək üçün qara qoç ayrı,
Kəndiri kəsilən ağını seçər.
Mən ki nağıl-nağıl köçürəm qəmə,
Qonmaz ürəyimə asan, hər ağrı.
Simurğ qanadından lələk istəmə,
Saçından asılan sevgilər ağrı.
Əlim üzüldüyü günə yağdı qar,
Bilmirəm, kim kimi üzdü, payızdır.
Hərənin özünün sevdiyi vaxt var,
Mənimki bahardır… düzdü, payızdır!…
BÜTÜN QAÇIŞLARIN…
Bütün qaçışların bir son mənzili,
Bütün mənzillərin odabaşı bir.
Gözə töküləsi torpağı, gili,
Başa düşüləsi əlhəd daşı bir.
Dünyadı doğmalı, yadlı, yağılı,
Əlində arşının böləsən elə.
Beynində fırlanan küt səs ağılı,
Durub vətən deyə öləsən elə.
Dərdə gedən yolun hamısı kəsə,
Gözünə çat düşər, ürəyinə xal.
Hesaba gəlmirmiş adı haqq nəsə,
Nə çoxdu cavabı olmayan sual.
İllər qar-borandan çıxarmaz qışı,
Yenilən hər ildə həsrət tumu var.
Bütün duruşların bir yıxılışı,
Bütün qaçışların bir uçrumu var.
KEÇİCİ ŞEİR
Təkcə kef-damaqla deyil şad olmaq,
Elə sevinc var ki, kədərdən keçir.
Yaxşılıq, yamanlıq şərtidir, dostum,
Hər nisbi ruh halı qədərdən keçir.
Nə hökm, nə qərar, nə də yoldu qət,
Vardır şirin zəhər, vardır acı mət…
Kimsə zərərindən tutur mənfəət,
Olur ki, doğru iz hədərdən keçir.
Olur ki, qara qış yazdan keçir xoş,
Haqqı tapmaq üçün uzaqlara qoş.
Ümid deyilən şey boş xəyaldı, boş,
Heç vaxt işə keçmir
…və hərdən keçir.
OLSUN
Dünyanın sonuna, dost, hələ çox var,
Hər vaxt “yox”a çıxdı çox “hə”lər, olsun!
Hamı birdən küsdü, lap olsun iki,
Hamıdan küsərəm vaxt gələr, olsun!
Kim deyir güləndir sonuncu gülən,
Həyatın dibidir susub çökülən…
Bu gün ürəyimdi sınıb tökülən,
Sabah bütün işlər düzələr, olsun!
Yanğındı, adamın üzündə su yox,
O yoxa çıxmışdı, indi də bu yox
Öldü doğulmamış təkcə inam yox,
Arzular, ümidlər… eh, nələr…
Olsun!
SİMMETRİK ŞEİR
Bir gün qayıdacaq hər şey özünə…
Saxta təriflərə çoxdan qurd düşüb.
Fərqi bilinəcək gecə-gündüzün,
Boş-boş öymələrin zayı çıxacaq.
Süni tənqidlərin qəsdi-qərəzi…
Xəbis adamların dərdi, mərəzi…
Apreli keçəcək, mayı çıxacaq,
Zamanı gələcək doğrunun, düzün…
Bir görəcəksən vərəvurd düşüb,
Vaxseylər qurubdur şaxsey özünə.
Nə dərddi çəkirsən süz mey özünə,
Növrağı dağılan uçuq bir yurd var.
Açılar bir bahar yenə tünd üzün,
Zülmət gecələrin ayı çıxacaq,
Allaha oxudu kimsə vərəzi…
Çoxdan pozulubmuş mizan tərəzi
Hər kəsin öz günah payı çıxacaq.
Nə fərqi otuzun, əllinin, yüzün…
Hər məcaz olana bir absurd düşüb
Bir kölgə boylanır key-key özünə…
Özünə fikir ver sən ey, özünə,
Yoxsa ki, çəkməyə həmişə dərd var,
Kədər yaşamağa hər zaman hüzün…
Saysan, əllərindən sayı çıxacaq.
Xoş günün nə vaxtsa vayı çıxacaq…
Ömür də köhnəlib çıxır mərəsi,
Azca hava qalıb nəfəs dərəsi…
Bu sovxa həyatın bayı çıxacaq.
Ya heyrət eyləyin, ya dodaq büzün,
Əkməyə şum yoxdu, kəsməyə şərt var;
Bir gün qayıdacaq hər şey özünə!