.....

.....

Hacı Ələmdar Mahirin qəzəlləri

Hacı Ələmdar Mahirin qəzəlləri

QƏZƏLLƏR

Saqi, insaf elə, ver badəni batdım getdim,
Tərpədə ta məni cingiltisi, yatdım getdim.

Məni aludə edibdir bu xəta girdabı,
Saf gəlib aləmə, səd heyf ki,batdım getdim.

Demə meyxanəyə getmə,gedəcək imanım,
Mən gedəndə ora imanımı atdım getdim.

Qaşların vəsfinə ey xosrovi-xuban,sözdən
Taqi-Kəsra kimi bir möcüzə çatdım getdim.

Gəlməz idim bu fəna mülkünə,gəldim zahid,
Kimisə bəlkə cəhalətdən oyatdım getdim.

Keçmişəm çox belə aləmləri, bir gün bunu da,
Bir də gördüz ki,dəyər-dəyməzə satdım getdim.

Mahir ölsəm də qəmim yox, dolanıb boş-boşuna.
Sürmədim ömrü hədər, nəysə yaratdım getdim.

***
Yüz bəla gəlsə məhəbbət vadisindən dönmərəm,
Mən bu yolda vermişəm bir məhliqa dildarə söz.

Tərifində az danışsam,ey gülüm məzur tut,
Çünki yox bu qəddi-rənayə, bu gül rüxsarə söz.

Yüz nəsihət eyləsən də cahilə kar eyləməz,
Təsir etməz zərrəcə, hər kim desə divarə söz.

Tut sözü daim özündən yüksək, ey şair könül,
Çünki ALLAH göndəribdir Əhmədi-Muxtarə söz.

Hər sözə meyl etmə Mahir,salma qiymətdən sözü,
Çıxdı bir gün bəlkə,qiymət almağa bazarə söz.

***
Mənim aşiqliyimi sevgili dildar bilir,
Özünə izz ilə könlüm o məhi yar bilir

Hər nəyəmsə, yenə eşqimdə vəfa sahibiyəm,
Məni, fəxrimdir o dilbər də vəfadar bilir.

Molla elm əhli deməkdir, mənə ey tənə vuran,
Bu sözü şərhə nə hacət, onu hüşyar bilir.

Hər yetən bilmədi əsrari-dəhanın şərhin,
Nüktəni kim ki, olur vaqifi-əsrar bilir.

Hərə bir cür tanıyır zülfi-siyahın, çün onun,
Kimisi saç, kimisi türreyi-tərrar bilir.

Canı qurban eləsəm layiqi vardır, o kəsə,
Can qoyub, elm oxuyub, məniyi-əş ar bilir.

Cismi bəzi şüəra fərq eləməz, cövhərdən,
Özünü şeridə amma ki, sənətkar bilir.

Zərrəcə ar eləməz, ömr eləsə əcnəbi tək,
Leyk üç-beş sözü farsca deməyi ar bilir.

Mahirin borcudu təbliğ eləsin haqqı, vəli,
Bəzi şairlər onun hövsələsin dar bilir…

***

Varmı bir yer ki, ələmsiz ola meyxanə kimi,
Dəf`i-qəm qılmağa dərman hanı peymanə kimi.

Rind(i)lər bəzmini, meyxanə yolun tutdum ki,
Qoy tanıtsın məni də aləmə rindanə kimi.

Zahidin felinə məsciddə oturmaqdansa,
Xoşdu düşmək dəri-meyxanədə məstanə kimi.

Yeksər aşiqlər ilə, mən də fərağında, gülüm,
Gəzərəm şamü səhər çölləri divanə kimi.

Zülməti-hicr(i)də sən nuri-cəmalın göstər,
Dolanım mən də sənin başına pərvanə kimi.

Həsrəti-vəslinə tab etmədi bərbad(ı) könül,
Özün insaf elə qoyma qala viranə kimi.

Mahira, sözlərinə müştəri yoxdursa bu gün,
Düşəcək gün gələcək dillərə əfsanə kimi.

***

Eşq camın nuş edәn aşiq kəmalından keçәr,
Vәslә yetmәk istәyәn cahü-cәlalından keçәr.

Qamәtin әksin görә, ey sәrv qamәt dilbәrim,
Bağiban yüz Sәrv, yüz Tuba nihalından keçәr.

Hәsrәtin bu qәlbimә bir qarә dağ vurmuş gülüm,
Zәrrә şübhәm yox o fitva keçsә, xalından keçәr.

Çox dayanmaz gülşәni-kuyindә, qorxur mәst olar,
Әtr alar badi-sәba ol gül cəmalından keçәr.

Arizin şövqü gәhi viran, gәhi heyran edәr,
Hәr kimin ki, xatirindәn, ya xəyalından keçәr.

Yetmәdi Mәcnun nәdәn sәhradә Leyla vәslinә,
Hansi mәcnun sevdiyi yarın vüsalından keçәr.

Hüsnünә bir hal ilә müştaqdir Mahir, sәni
Görsә candan yox, tәmamәn mülkü-malından keçәr.

***

Bir gün nola ey gül, elə bir xoş gün olaydı,
Rüxsarını görmək bizə də mümkün olaydı.

Bica yerə gün hüsnünü gördükdə qızarmış,
Verməzdi yerin, ay da dönüb bir gün olaydı.

Zə`fi-tənimə, taleyimə tənə vuranlar,
Məndən də betər bəhri-qəmə düşgün olaydı.

Biganə hara, dəşti-sədaqət hara ya Rəb,
Xam torpağa əğyarı görüm sürgün olaydı.

Mahir yenə dəm vurmadadır sidqü vəfadən,
Ey kaş ki, sözüylə əməli düzgün olaydı.

***

Tülu qıl sənə, ey mahiparə, mən də baxım,
O mah üzündə qoşa zülfüqarə mən də baxım.

Gözüm yolunda, könül həsrətindədir daim,
Götür niqabını ey zülfi qarə, mən də baxım.

Nə qədri hüsnünü canlandırım xəyalımda,
Tərəhhüm eylə, görün aşikarə, mən də baxım.

Çıxım cəmalını seyranə, görməyənlər ilə,
Görənlər ilə bərabər dübarə mən də baxım.

Çıxanda seyrə o gülçöhrəmiz, ey aşiqlər,
Aman verin, çəkilin bir kənarə, mən də baxım.

Görüb fəğanımı, ey tənə eyləyən qafil,
Bir an mənim kimi gəl ahü zarə, mən də baxım.

Bu dəşti-qəmdə görənlər deyir, bəla görünür,
Gərək edim bu işə istixarə mən də, baxım.

Diyari-eşqdə avarə qalmayım, nə edim,
Bu çöldə qoymadılar bir işarə mən də baxım.

Vüsalə yetməyə bir çarə gəz-dolan, Mahir,
Olursa baxmaq ilə dərdə çarə, mən də baxım.

***

Səni cahanda nigarım iki gözüm bilirəm,
Dolub vücuduma əksin, səni özüm bilirəm.

Vəfası olmayanı görmədim murada yetə,
Yetib muradına hər kəsdə ki, dözüm bilirəm.

Mənə cəfasını göstərmə eşqin, ey naseh,
Diyari-eşqə gələndən onu özüm bilirəm.

Bu qəmli sinədə eşqin alovlanar köz tək,
Zaman gələr ki, məni yandırar közüm, bilirəm.

Bu şeri dilbərimə, Mahir, eylərəm ithaf,
Bu qəlbi şişəyə təsir edər sözüm bilirəm.