HAMİLƏ DƏLİ
(Hekayə)
O, hamilə idi. Amma kimdən? Bunu özündən başqa heç kim bilməyəcəkdi. Əgər İsa peyğəmbərin anası Məryəm kimi camaatın arasına çıxıb desəydi ki, «uşağı bətnimdə Allah yaradıb», onsuz da heç kim inanmayacaqdı.
O, mətbəxdə oturub albalı şirəsi içir, yenisini almağa xəsislik edirdi. «Yox, pulları qənaətlə işlətmək lazımdır, yoxsa gələcək işlərə pul çatmaz». Şirəni içir və azacıq irəli çıxan qarnını tumarlayır, həyətdə basketbol oynayan uşaqlara nəzər salır, düşünürdü: «O uşaqların biri oğru, biri yalançıdır…Anaları orda-burda özlərini cırırlar ki, oğlumdan ağıllısı yoxdur. O, qıvrımsaçlı oğlan gündə bir qızla gəzir. Bir gün o qızların ahı ailəlikcə tutar hamınızı, nə ürəyimdən tikan çıxar?! Yox, mənim balam», – deyə qarnına baxdı, sən onlara oxşamayacaqsan. Səni əsl adam kimi doğacam».
Qadın bambılı gülüşlə bu dəfə qarnını ikiəlli tumarladı və sonra qəhqəhə çəkdi. Səsə həyətdəki uşaqlar oyunlarını yarımçıq saxlayıb xorla qışqırışdılar:
-Də-li ar-vad, də-li ar-vad…
Uşaqların səsini eşidən qadın yerindən dik atıldı, pəncərəni taybatay itələyib xələtinin düymələrini açdı və az qaldı şişən qarnı qabağa pırtlasın. Yandı-yandı verərək əlini ağzının qırağına tutub qışqırdı:
-Ölün…yerə soxum sizi…görürsüz? Bu gün-sabah çıxacaq, onda it kimi yeri eşəcəksiz…Yanın e…partlayın…
Uşaqların bəziləri pıqqıllaşdı, bəziləri onu fitə basdı, kübar ailədən çıxanlar sadəcə üzlərini kənara çevirib başlarını buladılar.
…Qocalar, ümumiyyətlə qonşular elə bil sözü bir yerə qoymuşdular ki, onu «dəli» çağırsınlar. Az qalırdı bələkdəki körpələr də başlarını qaldırıb desin ki, «sən dəlisən». Qonşu arvadlar bir yerə yığılıb söhbət edir, axırda belə bir qərara gəlirdilər ki, «o həqiqətən dəlidir, qarnındakı da bicdir».
Dəli onlara fikir vermir, uşağının doğulmasını səbirsizliklə gözləyirdi.
…Blokdan bir oğlan və qızın səsi eşidildi.
-Bilirsən, bu evdə kim qalır?
-Kim?
-Dəlinin yekəsi. Gəzəyənin biridir. Bir dəfə mənə dedi «səndən xoşum gəlir…». Qayıdıb dedim ki, «mənim istədiyim var…Ona xəyanət edə bilmərəm». Axı mən səni sevirəm.
Oğlanın məstedici sözləri qızı yaxın gələcəkdə gözlədiyi toyuna ümüdlərini artırdı, sevindi və oğlanı qucaqlayıb öpdü. Qız bilə bilməzdi ki, hər gün yanağında dodağının boyasını qoyduğu həmin bu oğlan dörd ay dəliyə yalvarıb, hətta qarşısında diz çökmüşdü ki, onunla heç olmasa bircə gecə keçirsin. Dəli razı olmayanda oğlan onun saçından tutub elə blokdaca sürümüşdü. Qonşular çıxanda onun saçını əlindən buraxıb öz köynəyinin yaxasını cırıb qışqırmışdı ki, «ay qonşular, birdəfəlik dəlixanaya zəng eləyin gəlib bunu bassınlar da içəri…belə olmaz axı…ay gicbəsər, bəyəm sənin tayınam ki, mənlə olmaq istəyirsən?». Qonşular dəliyə ikiəlli «kül başına» deyib içəri girmişdilər. Dəli mat-məətəl qalmış, nəsə demək əvəzinə udqunmuşdu. Sadəlövh qız bunu heç vaxt bilə bilməzdi.
…O, gecələr uzananda canavar kimi ulayırdı. Bəlkə də qəsdən edirdi ki, onu daha ürəklə dəli çağırsınlar. Fkirləşsinlər ki, belə dəlinin doğduğundan nə olacaq?!
Otaqdan otağa ayaq barmaqlarının ucunda gəzirdi ki, bətndəki körpəsi narahat olmasın. Çarpayısının qıraqlarına və ucuna yaxınlıqdakı rus pravoslav kilsəsindən gətirdiyi işıltılı tabut taxtalarını vurdurmuşdu ki, yatanda o tərəf bu tərəfə çevrilməsin, ancaq arxası üstə yatsın.
Düşünürdü ki, uşaq əzilə bilər, həm də Tanrıya arxa çevirmək həm onu, həm də uşağını zəlil edər.
Eyvanda, elə otaqlarda da pəncərə ağızlarındakı taxta qutucuqlara torpaq töküb ətirşah, Çin qızılgülləri əkmişdi ki, həm o, həm də uşaq bu qoxularla nəfəs alsın.
Fikri qəti idi. Bu dünyanın insanına oxşamayan, hazırlıqlı adam doğmaq istəyirdi. Hərdənbir dəftər vərəqlərini masaya düzür, rəngbərəng qələmlərlə gələcək uşağının şəkillərini çəkirdi. Şəklin birində uşaq əcdahaya bənzəyirdi. İstəyirdi lazım olanda hamını udsun. O, çox istəyirdi…İstəyirdi həmişə öyünsün ki, o, bir əcdaha anasıdır. Digər şəkildə uşağı ilana bənzədirdi. Heç kimə etibar etməyib kefi istəyəndə zəhərini işə salsın. Bircə dəftər vərəqinə isə heç vaxt şəkil çəkməzdi. Sonda qərara gəlirdi ki, o, nə əcdaha, nə də ilan anası olmaq istəmir. Ona elə gəlirdi ki, bu ağ vərəq məhz onun balasıdır. Təmiz, ləkəsiz.
Həmişə ləkəli güzgü qarşısına keçib boz rəngli uzun kürkünü geyinər, əvvəlcə bir, sonra digər əlini bintlə sarıyar, üzünü, gözlərinin ətrafını, kiprik və dodağını rəngləməzdi. Qorxurdu ki, gözəl görünər, adamların ona, həm də uşağa gözü dəyər. Əllərini sarıyandan sonra, başını da sarıyardı. Yayın istisində kürk geyinib, payızın küləkli yağışında gün eynəyi taxması onu tanıyanlara daha qəribə görünməzdi.
Bədənindən əlavə çöldə qalan yerlərini ona görə sarıyardı ki, adamların ona nəinki əli, hətta nəfəsləri belə dəyməsin: «Uşağım yoluxar, nəfəsi yalanla gedib-gələr…».
…Qapının zəngi çalındı. Dəli bir az əvvəl qarnını sığallya-sığallaya oxuduğu türkəçarə kitabını kənara qoyub «gəlin» qışqırdı. Qonşu ağbirçək arvad idi:
-Bala, bax, bu da mən. Yanımdakı da nəvəmdir,-deyərək əlindəki paslı qayçı və bıçağı şaqqıldadaraq stulda əyləşdi.
Dəli əl-qolunu oynada-oynada:
-Bilmək istəyirəm ki, oğlum olacaq, yoxsa qızım, hə…hə…
Qarı onun «hə, hə» sualından çaşdı, qayçı və bıçağı ayrı-ayrılıqda masaya qoydu:
-Ürəyimə dammışdı ki, buna görə çağırmısan. İndi bu uşağa deyəcəyəm ki, ikisindən birini götürsün. Qayçını götürsə qızın, bıçağı götürsə oğlun olacaq…Özü də düz çıxır. Gedib aparata pul verib uşağı şüalandırınca, hazır durmuşam də burda…
Uşaq barmağı ağzında, burnunun suyu axa-axa irəli yeriyib masaya baxdı. Dəli istəyirdi ki, uşaq bıçağı götürsün. Qarı bura gələnəcən qonşulardan öyrənmişdi ki, dəli oğlan uşağı istəyir. Puldan qabağa düşmək üçün uşağı dönə-dönə öyrətmişdi ki, bıçağı götürsün. Uşaq burnunun suyunu dirsəyinə silə-silə qayçıya baxdı. Qarı gözlərini ağartdı. Bu o demək idi ki, «qayçını götürsən dədəni belinə sarıyacam».
Uşaq bıçağı götürdü. Dəli evin ortasında atılıb düşməyə, gülməyə, qışqırmağa, uşağı yuxarıya atıb-tutmağa başladı və bağırdı ki, «oğlum olacaq…oğlum…oğ-lu-u-u-m». Daha sonra sakitləşdi. Çantasından pul çıxarıb qarının ovcuna basdı.
Qarı evi tərk edəndən sonra dəli evdən çıxıb pilləkənlərlə beşinci mərtəbəyə çıxdı, nərdivan qoyub ordan da binanın damına qalxdı. Özü ilə gətirdiyi taxta yeşiyi şiferlərdən birinin üstünə yarıaçılı qoyub onun ucuna nazik talaşa söykədi və talaşaya uzun ip bağladı. Yeşiyin altına yem tökdü ki, sərçələr, göyərçinlər yeşiyin altına girib yemi yeyəndə talaşanın ipini çəksin, quşlar tələyə düşsünlər və axşam onun mətbəxindəki aliminium tavada qızarsınlar. Bir ay idi ki, dəli sərçə əti yeyirdi. Qonşu qarı ona demişdi ki, hamilə arvad sərçə əti yesə uşaq bilikli olar.
…Dəli qırmızı kərpiclə hörülən bacanın arxasında gizlənərək, havada cikkildəşib acından fırlanan quşlara baxıb «gəlin də…burda sizin üçün dadlı yem qoymuşam…ətiniz elə dadlı olur ki…uşağımı bilikli edəcəksiz».
Quşlar sanki dəlinin qəlbindəki səsi havada tutub yeşiyin ətrafına qondular. Dörd sərçə və iki çöl göyərçini yeşiyin altına girdi. Dəli sevinə-sevinə hırıldadı və ipi çəkdi. Quşlar yeşiyin içində qalıb qanadlanıb uçmaq istədilər. Dəli tullanıb-düşməyə başladı. Əlini yeşiyin altına atıb məhbus quşları tək-tək tutub gətirdiyi qara torbaya atırdı. Çöl göyərçinləri onun əllərini hirslə dimdikləyirdilər ki, qorxsun. Dəlinin isə qorxmaq fikri yox idi. Göyərçinləri torbadan çıxarıb buraxdı. Ona sərçələr lazım idi. İşini qurtarandan sonra balaca deşikdən nərdivanla binanın beşinci mərtəbəsinə endi. Beşinci mərtəbədə qalan rus Pyotr ovçarkasının nazik zəncirindən tutub evinə qalxırdı. İt torbadakı quşların cikkildəməsini eşidib dəliyə hürdü. Pyotr dəliyə baxıb «şizik, nu tı dayoş» dedi və evinə girdi.
Dəli canavar kimi ulaya-ulaya pilləkənlərlə aşağı enib qapısını itələyib evinə girdi. Mətbəxə qaçıb aliminium tavanı yanılı plitənin üstünə qoyub torbadakı quşların başını üzdü və tələsərək sevinə-sevinə tüklərini yolub qızmış tavanın içinə tulladı. Yağ qurtardığından su əlavə etdi. Bir azdan su quş ətlərilə bərabər pıqqapıqla qaynayırdı.
…Dəli çörəyi doğrayıb tavanı əski ilə tutub masaya gətirdi və quşları ala-çiy halda yeməyə başladı. Kitabda oxumuşdu ki, quş ətini gərək çiy halda yeyəsən ki, vitaminləri ölməsin, bədənə xeyri çox olsun.
Quşları yeyəndən sonra oturduğu yerdəcə qarnını sığalladı. «Mən yedim doydum, yəqin sən də içəridə doyarsan. Hə, indi yatmaq lazımdır. Gözlərini yum, sənə lay-lay deyim…yum…yum, ağıllı balam. Yox, hələ yatmaq olmaz. Uşaq içəridə boğular, azından həzm üçün 4 saat keçməlidir…Darıxma, evdə bir az fırlanım, o vaxtacan yediyim qanıma, ordan da sənin qanına keçər», -deyə hamilə qarnını sığallaya-sığallaya evdə var-gəl etdi, divar saatına baxa-baxa düz 4 saat keçdi. Sonra uzandı. Azacıq mürgüləmişdi ki, kiminsə ətəyindən dartdığını hiss etdi, yarıdumanlı baxıb qonşudakı pəltək uşağı gördü:
-Oyan də…Gətildim e…Sən dedin, mən də gətildim…Oyan də…
-Hə, nədi? Nə istəyirsən?
Uşaq əlindəki iki dənə iri heyvanı ona uzadıb dedi:
-Sən dedin, mən də gətildim. Velmildi e…mən də oğullayıb qaçdım.
-Afərin sənə. Oğluma deyəcəm ki, gələcəkdə sənə heç nə etməsin. Amma oğurlamağı pis etmisən, sürüş burdan balaca küçük…
Uşaq ona dikilən baxışdan və qıcanan dişlərdən təlaşa düşüb əkildi.
Dəli heyvaları o tərəf bu tərəfə çevirib iylədi, sonra deyindi: «Yox, bu azdır. İki heyvayla da uşaq gözəlləşdirmək olar?». Sonra dilimləyib hər tikəni 28 dəfə çeynədi ki, mədəsinə ağır düşüb uşağına əziyyət verməsin. Heyva otağa payız ətri gətirmişdi. «Elə yaraşıqlı olacaqsan ki…Dünyanın bütün qızları sənin üstündə bir-birilərinin saçını yolacaqlar».
…Günlər keçir, dəlinin qarnı burnuna çatırdı. Mədəsinin qıcqırmağından bildi ki, deyəsən balasının başına tük gəlir və o, altı aylıqdır. Həyətdəki uşaqlar onun pəncərəsinə daş atır, xorla «də-li ar-vad, də-li ar-vad» deyib qışqırışırdılar. Hər dəfə də dəli eyvana çıxıb çığırırdı.
-Darıxmayın, üç aydan sonra çıxacaq, dilinizi boynunuzun ardından çıxaracaq.
Sonra canavar kimi uladı, uşaqlar gülüşdülər.
Dəli «Bax»ın menuetinə qulaq asardı. Ona elə gələrdi ki, belə musiqiləri dinləsə uşaq gələcəkdə ləkəsiz, su kimi saf ömür sürər, haqsızlığı bağışlamaz. «Sən dünyanı təmizləyəcəksən», – deyə qulaqlarını qarnına söykəyərdi. «Yaman az tərpənirsən, ölüvay olma ha, yoxsa səni udacaqlar. Yox, mənim pələngim, sən çaqqal kimi heyvan leşi yeməyəcəksən».
…Günlər keçir, aylar ötüşürdü. Şərq ölkəsinin Avropa paytaxtından şampan bakallarının cingiltisi, rus, türk, ingilis dilləri eşidilirdi. Tez-tez monqol oxlarına bənzər vıyıltılı küləklər əsirdi. Dünya xəbərsiz idi ki, yeni və ağlasığmaz insan övladının doğulmasına çox qalmayıb.
Həyətdəki uşaqlar qənimlərinin dünyaya gəlməsindən qorxaraq daha «də li ar-vad…» deyib qışqırmırdılar. Artıq bəzi uşaqlar ata-analarına yalvarırdılar ki, «köçək burdan». Bəziləri isə özünümüdafiə üçün məhəllədəki ağacların budaqlarından silahlar da düzəltmişdilər.
…O, həkimlərə etibar etməyib mamaçalığı qonşudakı qarıya tapşırmışdı. Qarı söz vermişdi ki, kəvər toxumunu yandırıb tüstüsünü üfürəcəm sənə, uşağı asan doğacaqsan. Dəli də arxayın olmuşdu.
O, həyatda bircə dəfə səhvə yol vermişdi. Uşağı dünyaya gətirəndən sonra monastır qızlarına oxşayan ilbizlər kimi başını içəri salıb heç kimlə işi olmayacaqdı, ancaq oğlunu qabağa verəcəkdi.
Bir gün dəlinin qışqırığı qonşuları diksindirdi. Hamı başa düşdü ki, onun vədəsi tamam olur.
…Qarı başılovlu gəlib isti su hazırladı, inildəyən dəlini çarpayıya uzandırıb yerini rahatladı. Dəli inilti içərisində gülürdü:
-Ha..ha..bir azdan çıxacaqsan…Ağlamağını hamı eşidəcək…ha…ha…əsəcəklər.
Dəli inildəyir, gülür, çığırırdı. Kövrək qadınlar ağlayır, soyuqqanlılar pıqqıldaşıb gülüşürdülər. Uşaqlar qadınların arxasından gizlincə baxırdılar ki, onların gününü qara eləyəcək körpə görəsən hansı heyvana oxşayacaq.
…Qarının qolları yanına düşdü. Heç kim uşaq qığıltısı eşitmədi.
-Qarı…ha, ha…nə oldu? Hanı mənim oğlum? Cavab ver, köpək.
-Qızım, Allah qoysa, gələn dəfə yaxşı olar. Allahın işidir də…
…Uşaq ölü doğulmuşdu. Dəli uladı, çığırdı və ürəyi getdi. Dünyanın əzab-əziyyətinə dözə biləcək, təmiz, hazırlıqlı insan övladı doğulmadı.
Həyətdən isə uşaqların sevinc qarışıq fit səsləri eşidilirdi.