ATA LAYLASI
Şəhid Kamran Fərəcovun əziz xatirəsinə.
Şirin yuxun olaydım,
Gözlərinə dolaydım.
Dənizimə, Şəmsimə
Özüm qurban olaydım.
Həsrətin şərqisi fərqli olur – yanğılı. Ürəyi odsuz-alovsuz yandırır. İstər özün zümzümə elə, istər dinlə, istər hansısa musiqi alətində ifa et, fərq etmir. Həsrət varsa, hər üç halda eyni hissi yaşayırsan. Bir də vüsalın şərqisi var – sevincli. O zaman ürəyin özündən qabaq yerindən oynayır. Bu belədir. Axı alimlər araşdırıblar ki, həqiqətən də sevinəndə ürək çox cüzi şəkildə yerindən tərpənir, yəni yerindən oynayır. Lakin həsrətdə də, vüsalda da duyğuları yerindən ən güclü oynadan musiqilər olur. Bir də özün o musiqiyə əl gəzdirib öz hisslərini qatacaq şəkildə söz əlavə edirsənsə, lap yerinə düşür. Kamran da belə etmişdi. “Şirin yuxun olaydım” mahnısının sözlərinə öz körpələrinə olan hisslərini qatıb özününküləşdirmişdi. Həm də onu əkiz qızlarını yuxuya verərkən səsləndirərək lap layla yaratmışdı. Axı on dörd il körpə həsrətində olan bir ata anaya qoşulub necə layla deməsin?! Vüsalına yetən ürək necə sussun və necə dindirməsin könül nəğməsini? Kamran bu mahnıya övladlarının adlarını daxil etmişdi:
Şirin yuxun olaydım,
Gözlərinə dolaydım.
Dənizimə, Şəmsimə
Özüm qurban olaydım.
Elə hər gecə körpə fidanları bu “layla” ilə yatırardılar. Bu layla həm də Kamranla Nuranənin övladlarına olan sevgilərinin, sevinclərinin şərqi ilə ifadəsi idi.
Kamranın ömür-gün yoldaşı Nuranə pedaqoq idi. Kamran isə uzun illər hərbçi olaraq fəaliyyət göstərməsinə baxmayaraq, cəmi 33 yaşında səhhəti ilə bağlı olaraq istefaya buraxıldı. Amma onun ürəyində hər zaman zabit kimi işinə davam etmək istəyi var idi. Vətənə cani-dildən qulluq etmək, onun keşiyində dayanıb yad nəfəslərdən qorumaq arzusu hər zaman onu izləyirdi. Bir də ata olmaq arzusu. Deyirlər, nəyi isə ürəkdən arzulayırsansa, o, əvvəl-axır gəlib sənin taleyini işıqlandırır. Düz on dörd il övlad həsrəti ilə alışan ürəklər, nəhayət ki istəklərinə çatmışdılar. Əkiz qızlarına kainatdan elə bir ad vermişdilər ki, məhz bütün dünya su və nurla necə tamamlanırsa, canlanırsa, Kamranla Nuranənin dünyası da elə o körpələrlə bütövləşirdi, canlanırdı. Axı övlad həsrəti onları lap yarıcan eləmişdi. Odur ki Dəniz və Şəms adları elə-belə qoyulmamışdı. Ömürlərinə gələn bu ülvi xoşbəxtlikdən, nəhayət ki kam alırdılar.
2020-ci ilin payızı idi. 30 il ərzində ərazisinin 20% hissəsi düşmən tapdağı altında olan Azərbaycan xalqı bir gün belə ümidini sarsıtmadı. Son illərdə atəşkəsin dəfələrlə pozulması nəticəsində neçə hərbi rütbəli şəxsini itirən xalq artıq erməniləri susdurmaq, qisas almaq zamanının çoxdan gəlib çatdığını anlamışdı. Ali Baş Komandandan başlamaq əmrini alan kimi 2020-ci ilin 27 sentyabr tarixində səhər saat 06:00 –dan etibarən başlayan İkinci Vətən Müharibəsi hər kəsdə coşğu yaratmışdı. Xalq azad olunan ərazilərinə görə dərin sevinc hissi yaşayarkən hər gün gələn şəhid xəbərlərinə görə də dərin sarsıntılar keçirirdi. Bir gözü ağlayıb bir gözü gülən xalqın yanında olub cəbhədə hünər göstərmək hissi Kamranı könüllü olaraq döyüş sıralarına yazılmağa sövq etdi. O, müharibənin ən qızğın zamanında bir an belə evdə olub bu vəziyyəti televiziyadan izləmək istəmədi. Yollandı düz döyüşün ən qızğın getdiyi ərazilərə. Ürəyində olan arzuları həyata keçdikcə özünü çox xoşbəxt hiss edirdi. Bu da onun arzularından biri idi. Döyüşdə şücaət göstərən igid oğullardan biri idi Kamran. İgidliyinə görə medallarla təltif olunur, mayor rütbəsi verilir ona. Bu da onu tanıyanlarda qürur hissi yaradırdı. Vaxt tapdıqca ailəsi ilə əlaqə saxlayaraq hər iki tərəfdə olan nigaranlığı az da olsa, aradan qaldırırdı. Lakin Nuranənin ürəyi yenə də rahat olmurdu. Televiziyadan aldığı şəhid xəbərləri ilə hər an gözləri dolan, ürəyi titrəyən bu qadın öz hisslərini, təlaşını bacardıqca körpələrindən gizlədirdi. Çox narahat olurdu. Narahat olurdu ki, birdən Kamranın da şəhid xəbəri gələr. Özünü yox, övladlarının gələcəyini düşünürdü. Onların atasız böyüməyini istəmirdi. Şəhadətinə bir gün qalmış Kamran yenə ailəsi ilə əlaqə saxladı. Bu dəfə Dəniz özünü irəli ataraq:
– Mənə ver, ana, atamla danışım, mənə ver telefonu.
Öz körpə səsi ilə atasına yuxusunu danışmağa başladı:
– Ata, yuxuda səni görmüşəm. Gördüm ki, gördüm ki, ayağından yaralanmısan. Ata, ayağın yaxşıdır?
– Yaxşıdır, Dənizim. Hər şey yaxşıdır.
– Yox, qoy ardını danışım. Gördüm ki, qarnından qan axır.
Dənizin təlatümlü danışığını Kamran öz mehriban və qətiyyətli cavabı ilə tamamladı:
– Qorxma, Dənizim. Atana heç nə olmayıb, olmayacaq. Atan bütün düşmənləri öldürüb sizin yanınıza qayıdacaq.
Bu cavab Nuranənin ürəyinə su səpdi, qismən də olsa, onu sakitləşdirdi. Lakin yenə də qızının gördüyü yuxu onun düşüncələrindən çıxmadı. Bir gün sonra Kamranın şəhid xəbəri ilə bərabər onun ayağından yaralanıb, qarnının qan olma xəbərini də verdilər Nuranəyə. Elə bil bütün dünya Nuranənin başına fırlandı. Yolunu gözlədiyi ömür-gün yoldaşının bu xəbəri Nuranə ilə bərabər yeri, göyü sarsıtdı. Azərbaycan bayrağına bükülmüş şəkildə şəhid atalarını son mənzilə yola saldı Dənizlə Şəms. Hələ tam olaraq nə baş verdiyini anlamasalar da, atalarının necə böyük, necə cəsur, qorxmaz olduğunu bildilər. Onların qürur yerinə çevrildi Kamranın məzar daşı. Bir də, bir də onlar üçün ən doğma şərqi oldu qulaqlarında sədası qalmış “Ata laylası”.
Ata, yuxum qaçaq düşüb
Laylan bu evdən köçəli.
Sənli həyata həsrətəm
Sən o layladan keçəli.
Bu torpaqda şəhid olan
Neçə qızın atası var.
O söylədiyin nəğmənin
Qəlbimizdə sədası var.
Ata, xəyalın bizimlə,
Nəğmən qulağımızdadır.
Dəniz, Şəmz bilir hər zaman
Ürəyin yanımızdadır.
Sosial İqtisadi Kollecin Azərbaycan dili və ədəbiyyat müəllimi Cəvahir Tanrıverdi