Zevsin çiçəyi
Xəstəxananın şüşəli qapısının qarşısında gözləyirəm. Ürək həkimi olan rəfiqəm zəngimə cavab vermədi. Yəqin, həkimlərin səhər yığıncağındadır. Harada olsa, on dəqiqəyə özü zəng vurar. Giriş qapısının qabağında hərbi təcili tibbi yardım maşını dayandı. Yaralı əsgərlər bir-bir maşından düşdülər. Hərəsinin başında bir cür papaq var idi. Mavi beret, qulaqlı papaq, furajka, pilotka. Paraddakı hərbçilərin geyimləri yadıma düşdü. İndiyə kimi bilmirdim ki, bu qədər fərqli hərbi papaq var. Amma hamısı eyni rəngdə idi. Vətən rəngində! Yaşıl, qəhvəyi, xaki rənglərinin qarışığından ibarət bu tonlar iztirab və ağrıların, ölüm-itimin arasında Qələbə rəngi idi.
Maşından birinci düşən əsgər axsayır, o birinin qolu gipsdə, sonuncunun da gözü sarıqlı idi. Qələbəni bizə bəxş edən bir nəsil və onların şikəst əzaları. Müharibədə hər iki qolunu itirmiş oğlana atasının şirin çay qarışdırdığı dünənki foto yadıma düşdü.
Xəstəxanaya başqa zabit və əsgərlər də gəlirdi. Kimisi axsaya-axsaya tək, kimisini də yaxınlarından biri qolundan tutub gətirirdi. Gözümü xəstəxananın şüşəli girişinə zilləyirəm. Birdən bu qəhvəyi və yaşıl hərbi tonların arasından ağappaq geyimli rəfiqəmi görürəm. Mədinə bu ağ rəngin məsumluğunun yükünü daşıya bilirmi? Arıqlamış bədənindən, yorğun üzündən hiss olunur ki, daşıya bilir. Maskada olduğumuz üçün eləcə salamlaşıb, foyeyə doğru gedirik. Xəstəxananın həyəti içərisi ilə müqayisədə toya getməli imiş. Nə qədər hərbçi, əsgər var idi. Mədinədən burada koviddən necə qorunduğunu soruşuram. “D vitamini içirəm” dedi. Girəcəkdə şüşəli qapı ilə üzbəüz divarda şəkil asılıb. Aşağı sol küncündə qara lent, qarşısında qərənfillər. Taleyinə matəm yazılmış zavallı çiçək. Şəkildə gülümsəyən gənc Turqut idi. Artilleriya mərmisindən yaralı əsgəri qoruyaraq özünü onun üstünə atıb xilas edən, özü şəhid olan iyirmi yeddi yaşlı şəhid həkim. Yanında da Arəstənin rəsmi. Yas yerindən çəkilən reportaj yadımdadır. Soyuq noyabr günü yas yerinə gələnlərin hamısının başında papaq vardı, 10 yaşlı Mərdanın da başında anasının papağı.
Əsgərlərdən kimisi hündür, enlikürək idi, şəstlə yeriyirdi, kimisi isə cılız, zəif idi. Bəstəboy uşaq simalı iki əsgərin adda-budda çıxan bığları gülməli idi. Bu uşaqlar zorla böyüdüldülər. Yeniyetməlikləri, gənclikləri əllərindən alınaraq atəşin içinə atıldılar… Otaqlardan birinin qapısı açıq idi. Tibb bacısı qaşıqla yaralı əsgərə su içirdirdi. Bir otağın qarşısında lap qırğın idi. Otağın dərinliyindən “Bağlayın qapını” deyə kimsə qışqırdı. Yaşlı və yorğun həkimin səsi idi. Mədinənin arxasınca gedirəm. Əməlli-başlı arıqlayıb. Mədinə yaşlı həkimin səsinə bənzər hökmlü səsiylə otağının qarşısındakı izdihamın arasından bizə yol açır. Axır ki, otağına daxil olub dərindən nəfəs alırıq. İçəridə tibb bacısı oturub. Stolunun qarşısında hündür bir gənc dayanıb. Yaralı oğlanın sinəsi sarıqlı idi. Çiyninə kitelini atmışdı. Mədinə mənə öz stolunu göstərərək orada oturmağı, oğlana isə soyunmağı tapşırdı. Oğlan üzünü divara çevirib utana-utana, ehtiyatla kiteli çiynindən götürüb asılqandan asır. Qarşımda açıq qalmış qalın bir kitab var. Tibbi kitaba oxşayır. Sarı markerlə bəzi hissələri işarələnib – “..qəlpə yarası”. Elə bu sözləri oxumuşdum ki, tibb bacısı əlini uzadıb qarşımdakı qələmi götürdü. Başımı qaldıranda bu səfər də əsgərin yaralı sinəsini gördüm. Ağ bintin üstündə qan ləkəsi… Qar üzərinə düşmüş qan izi kimi… Qərənfil kimi…
“Sinəsi ilə sipər olan,
İgid əsgər, möhkəm dayan…”
Mədinə səbrlə oğlanı müayinə edir. Nə qədər ehtiyatlı olmağa çalışsa da, oğlan ufuldayır, zarıyırdı. Pəncərəyə baxıram. Mənim baxdığım bütün xəstəxana pəncərələrindən ağaclar boylanır. Pəncərənin önündə qurumuş gül dəstəsi var. Açıq-çəhrayı pionların yarpaqları qurusa da, çox zərif görünürdü. İroniyaya bir bax. Pion yaralı döyüşçüləri xilas edən yunan allahıdır. O, həm Appalonun, həm də Zevsin döyüşdən sonrakı yaralarını sağaldıb. Maraqlıdır, bunları Mədinəyə kim gətirib? Paradda Pion adlı özüyeriyən artilleriya sistemi də var idi. Şimal qonşumuzda istehsal olunan bu silaha niyə çiçək adı veriblər, görəsən? Çiçəklər də, silahlar da, qədim allahlar kimi insanları aldadırlar.
Sağımda qaranlıq USM otağı var. Qapısı açıqdır. Nə danışılırsa, eşidilir. Qarşımda tibb bacısı əyləşib. Zalımın balası maska da taxmayıb. Qarşısında bayaqkı qalın, uzun mavi rəngli dəftərxana kitabı. Əsgərin adını, soyadını yazır. Sonra boş xanalara nəsə qeyd edir. Qalın dəftəri vərəqləyib telefonunu gizlətdiyi səhifəni açır. Telefonda videolara baxarkən qəfildən otağa Xudayarın səsi dolur. Dillərdə dastan olan Xudayarın səsi. Əminəm ki, Mədinə də, orada uzanan yaralı əsgər də mənim keçirdiyim hissləri keçirir. Üzüntülü sevinc, kədərli fərəh…
Otağın qapısı döyülür. Bir uşaq üzlü əsgər içəri girir. Ayaq üstə zorla durur. Elə bil sərxoşdur. Hiss olunur ki, vəziyyətinin göründüyündən də ağır olduğunu göstərmək istəyir. Səndirləyə-səndirləyə tibb bacısının stoluna yaxınlaşır.
-Aşağıda həkim dedi ki, müayinədən keçim.
– Hansı həkim?
-Aşağıdakı.
Tibb bacısı ağzını əyərək:
– İçəridə xəstə var, gözlə, – dedi. Oğlan qapıdan çıxmaq istəyəndə tibb bacısı- Nə vaxtdan başlayıb səndə ürək ağrıları? – deyə kinayə ilə soruşdu. Oğlan dönüb tibb bacısına bollivud baxışlarıyla “Yaralanandan sonra” dedi. Ürəyimin yağı əridi bu sözlərdən sonra. Oğlanın yalan danışdığını mən də bilirdim. Amma yenə də ona ürəyim ağrıyırdı. O, indi burada tibb bacısını xəstə olduğuna inandırmalı deyildi, auditoriyada oturub barmaqları qırıla-qırıla mühazirə yazmalı, altdan-altdan bəyəndiyi qıza baxmalı idi. Tibb bacısı otağı tərk edən əsgərin arxasınca şəhadət barmağını gicgahına qoyub fırlatdı. Döyükən gözlərimdən bir şey anlamayan tibb bacısı hərəkətinin yersiz olduğunu duyub – İnanın, əsl döyüşçülər qalıb bir qıraqda. Bir çapığı olan, ayağı burxulan pulsuzdur deyə – hamısı bura gəlir, – dedi.
Birdən qapı döyüldü. İçəri başqa bir tibb bacısı daxil oldu. Maska taxdığından üz cizgilərini seçmək olmurdu.
– Ay qız, adam lap məəttəl qalır. Bayaq əməliyyat şöbəsindən qız danışır ki, bu əsgərlər əməliyyat zamanı niyə hamısı Vətəndən oxuyur? “Anadır arzulara hər zaman Qarabağ. Danışan dil-dodağım, tar-kaman, Qarabağ”. Zalımın balası, hamısının da səsi var”. Bizim tibb bacısının heç bir reaksiya vermədiyini görən maskalı tibb bacısı üzünü mənə tutur.
– Bizim xalq istedadlı xalqdır – deyirəm.
– Hə, siz hələ həkimlərimizi görəsiniz. Kəmalə xanım var burda. Süni nəfəs verib yeddi əsgəri həyata qaytarıb. Hələ deyirlər, birini də morqda dirildib.
– Morqda nə çiçəklər açar, – məni anlamadığını görüb, – Morqda dirilənlər haqqında mən də eşitmişəm. Biri elə bizim qonşuluqda qalır. Elxan. Anasını morqa aparıblar ki, oğlunun nəşini tanısın. Nəşi görən kimi arvad başlayıb dil deyib ağlamağa ki, “Elxan, dur e, anan gəlib”. Oğlan başlayıb xırıldamağa. Baxıblar ki, sağdır, – dedim. Danışdıqlarımdan təsirlənən maskalı tibb bacısı əllərini göyə qaldırıb “Şükür, İlahi” deyib çıxıb getdi. Bizim tibb bacısının üzünün soyuq, laqeyd ifadəsi dəyişmədi. Nə əcəb maska taxmadığını soruşdum.
– Hanı elə bircə virus tutsaydım, gedib evdə dincələrdim- deyir.
– Sən tutsaydın, biz də dincələrdik. Dur maskanı tax, get qərənfil al gəl. Bizim
mərtəbədə divara şəhid doktor Aqşin Ənvərlinin şəklini vurublar. Cavan oğlan idi. Heyif! Heyif cavan canına! İndi əlimizdən yalnız şəklin qarşısına gül qoymaq gəlir – Mədinə rezin əlcəkləri çıxara-çıxara təəssüflə tibb bacısına dedi, – Marketin yanındakı gül dükanında var. Səhər gətiriblər. Rəna oradan alıb. Onların mərtəbəsinə də Tarıyel doktorun şəklini vurublar. Adam şəklə baxanda yaşadığına utanır.
Yaralı əsgər qaranlıq otaqdan çıxdı. Tez qapıya tərəf gedib asılqandan asılmış paltarlarını geyindi. Tibb bacısı onun kağızlarında qeydlər edib, yola saldı. Qapı döyüldü. Saçları gözlərinə tökülən əsgər qapını açıb nəzakətlə həkimi soruşdu. Tibb bacısı kobudcasına “İçəridə xəstə var” dedi. Əsgər yavaşca qapını bağlayıb getdi.
Düşməni it kimi qovmaq olar, amma öz əsgərimizi it kimi qapmaq olmaz. Diqqətlə tibb bacısına baxıram. Onun əməliyyat olunmuş amma yenə də yöndəmsiz görünən burnuna, dərisinin süni qaralmasına, qulağındakı ucuzsırğasına, bərk-bərk yığıb toppuz etdiyi yağlı saçlarına və ağ xalatına. Elə bu məqamda Mədinə bayaqdan tibb bacısından yığdığımı hiss edib deyir:
– Əsl hərbçilər qalıb qıraqda, bu çağırışın uşaqları bezdirib bizi. İnan, o qədərdir, yalandan “yararsız” alıb əsgərlikdən yayınmaq istəyənlər. Lap bezdiriblər bizi. Hələ bizim otağımıza girib-çıxan az olur. O biri otaqlarda qırğındır. Dəhlizdə dava salan kim, həkimin ayağına stul çırpan kim. Lap başımızı itirmişik.
Əliylə qaranlıq otağa dəvət edir.
– Yox. Sən çöldəki oğlanı müayinə elə. Çox mərifətli oğlandır. Mən qaçım
qərənfil alım gəlim.
Mədinə tibb bacısına tərs-tərs baxdı. “Yaxşı” dedi. Otaqdan çıxdım. Qapını bağlamayıb oğlana “Keçin, həkim sizi gözləyir” dedim. Marketin yanındakı gül dükanı elə balacadır ki, satıcı ilə güllər ancaq yerləşir. Çöldə durub kişiyə 44 qərənfil istədiyimi deyirəm.
– Altısını da mən verim olsun əlli.
– Yox, elə 44-nü verin.
– Deməli, 44 dənə Dianthus. 44 dənə Zevsin çiçəyi.
– Latınca adıdır?- maraqla soruşuram.
– Bəli. Bu bəxtsiz güllərin adıdır. Bircə bizdə bu güllərin taleyi faciəlidir. Kimsə onları dəfn gülünə çevirib. Biz, ümumiyyətlə, xoşlayırıq, hər şeyə matəm libası geyindirməyi.
Etiraz edən gözlərlə ona baxıram. O isə qərənfilləri qabdan çıxarıb suyunu silkələyir.
– Da Vinçinin bir tablosu var “Madonna qərənfil ilə”.
– Orada nəyi simvolizə edir?- deyə soruşuram.
Yadıma konfransda əcnəbi alimlərdən birinin məruzəsi düşdü. İngilis dilində “Carnation” sözünün mənasını izah edərkən, sözün “İnkarnasiya- tanrının təcəssümü olduğunu dedi. İsa çarmıxa çəkilərkən də Tanrını təcəssüm etdirirdi. Rus dilində “Qvazdika” “Qvozd” sözündəndir. Dolayısıyla, rus dilində də çarmıxa çəkilməyə işarədir.
– Düz deyirsiniz. Bəs o gün paradda şimal qonşularımız istehsal etdiyi özüyeriyən artilleriya qurğusunun adı niyə məhz qərənfil idi?
– Onlarda qərənfil qələbə və vətənpərvərlik rəmzidir. Həm də siyasi mənası da var. Elə belə deyil, e , heç nə!
Qərənfilləri bayaqkı kitabın ağ səhifələrinin üstünə qoyuram, bayaq yaralı əsgərin müayinə olunduğu qaranlıq otağa keçirəm.