.....

.....

Sidonun lənəti – Elçin Məhərrəm (hekayə)

Sidonun lənəti – Elçin Məhərrəm (hekayə)

Sidonun lənəti

Bir aydan çox idi ki, “ Milçəklərə Qarşı Mübarizə İdarəsi “ vakansiya elan etmişdi. Əmək haqqının yuxarı olmasına baxmayaraq həyat təhlükəsinin yüksək olduğu üçün heç kəs bu müddət ərzində iş üçün idarənin qapısını belə tıqqılatmamışdı. Vilayətdə milçəklərin sayının günü-gündən artması “brahma” təbəqəsini daha çox narahat edirdi. Bu milçəklər hündür hasarlı villalara daxil olaraq daşıdıqları infeksiyaları villa sahiblərinə yoluxdurur, vızıltıları ilə bezdirir, görünüşləri ilə ürəklərini bulandırırdılar . Odur ki, şəhərin “ağ“ təbəqəsi bu bəlanın qarşısını alana külli miqdarda pul vəsaiti ödəyəcəklərinə dair televizor, qəzet, sosial şəbəkələrə elanlar yerləşdirmişdilər. Bir gün idarənin cırıldayan qapısı açıldı və “İnsan Resursları Departamentinin“ işçiləri, yeganə namizəd Sidonu işə götürdülər. Üzü, rəssam Edvard Munkun çəkdiyi məşhur “Fəryad” portretindəki insanının üzünü xatırladan bu şəxs hər səhər nişanı düşmüş, rəngi solan bozumtul rezin çəkələkləri ilə idarəyə gəlirdi. Heç kimə salam belə vermədən davamiyyətə qol çəkib, sonra iş üçün ayrılan vaistələri (dərman, aparat , maska və s.) götürərək qapıdan çölə çıxırdı. Çıxan kimi də çiyninə asıdığı aparatı yerə qoyur, cibindən çıxardığı “Rich“ markalı filtirsiz siqaretlərdən birini yandırıb bir-iki qullab vurduqdan sonra , kötüyünü “The Legend“ filmində aktyor Tom Hardinin tərəf müqavili aktrisa Emili Brauninqin arxası ilə atdığı siqaret kötüyü kimi idarənin həyətinə vızıldadırdı. Bu hərəkət artıq onda vərdişə çevrilmişdi. Sido birdə axşam işin bitməsinə 10 dəqiqə qalmış idarədə peyda olur, boynundakı qızartıları qaşıya-qaşıya davamiyyətə qol çəkib, idarədən çıxırdı. Sidonun işə düzəlməsindən 1 ay sonra vilayətdə milçəklərin sayında kəskin azalmalar baş verdi. Yalnız qəssabxanalardan sallanan ətlərin yan- yörəsində bir də balıqçıların ətrafında təkəm-seyrək milçəklər gözə dəyirdi. Bütün vilayət əhli məəttəl qalmışdı. Canı-cəsədi nəzərə çarpmayan bu “kiçik“ insan möcüzlər yaratmışdı. İndi isə haqqını almaq istəyirdi. Lakin pul mükafatına söz verən “ağ“ adamlar verdiyi vədlərdən dönərək, bir dəqiqə bundan əvvəl dedikləri sözü inkar edən sinoptiklərin rəyinə istinad edirdilər. Guya sinoptiklərin dediyinə əsasən: Milçəklərin kəskin azalmasının səbəbi iqlim dəyişikliyin yaxınlaşmasına görəymiş. İdarə rəisi də bu yanaşmanın doğru olduğunu dilə gətirib, Sidonun həddindən artıq kimyəvi dərmanlardan istifadə etməklə idarə büdcəsini qəsdən taladığını və ekologiyaya ziyan vurduğunu iddia edərək, əmək haqqını verməkdən imtina etmişdi. Bir gün Sidonu gözləri qan canağına dönmüş vəziyyətdə idarə rəisinin otağından çıxan gördüm.Əynində həmişəki paltar var idi. Qəzəbli görsənirdi. Baxışları müharibə allahı Aresin təsvirləri qədər sərt, donuq bir o qədər də mistik idi. Yanımdan burulub keçərkən hətta ürək döyüntülərinin səsini də eşitdim. Sidonu birdə 1 həftədən sonra sosial şəbəkələrdəki xəbər səhifələrində gördüm. Bütün saytlar, xəbər kanalları ancaq ondan danışırdı. O ölmüşdü. Hamı kimi.Ancaq onu məşhurlaşdıran ölümü yox, ölümündən sonra baş verən hadisələr idi. İstər inanın istər inanmayın Sidonun və övladının (qonşuların dediklərinə görə övladı imiş) cənazəsini milçəklər daşıyırdılar. Triliyonlarla milçək vızıltı qopardaraq cənzaləri havayla qəbristanlığa aparırdılar. Bu ağlasığmaz bir hadisə idi. Amma necə ola bilərdi ki, milçəklərin amansız düşməninə çevrilmiş bu səfil adam bu gün onlar tərəfindən basdırılmağa aparılır? 3 gün sonra bu suala da cavab tapdım. Bu ağılasığmaz hadisəni lentə alan jurnasitlərdən biri Sidonun evinə girərək hər tərəfi eşələdikdən sonra ona məxsus bir gündəlik tapmışdı. Vaxtımın məhdud olduğuna görə gündəlikdəki qeydlərin hamsını bura yaza bilməyəcəm. Amma and olsun ki, hər cümləsi yadımdadır.Qısacası Sidonun körpəsi ağır bir xəstəliyə tutulubmuş. Onun müalicəsi üçünsə külli miqdarda pul lazımmış. O hər yerdə paylaşılan elanı görən kimi dərhal idarəyə gəlir və işə başlayır. İş günlərinin birində milçəklərin mağara boyda yuvasını tapır. Yuva ucdan tutma yumurtalarla doluymuş. Sido mərhəmətli davranır və yumurtalara zərər vermir. Necə olursa milçəklərlə dil tapır və onlara düşdüyü vəziyyəti izah edə bilir.(bəlkə də Süleyman kimi peyğəmbərmiş?) Milçəklər də Sidoya yuvalarından çıxmayacaqlarına dair söz verirlər. Bundan sonrası sizə məlumdur. Təkcə onun hansı səbəbdən ölməsi müəmma olaraq qaldı. Sido və körpəsi öləndən bir həftə sonra milçəklər yuvalarından çıxaraq vilayətə hücuma keçdilər.Onlar azğınlaşmışdılar. İdarələr, qala qapılı villalar bu hücuma tab gətirə bilmədi. Milçəklər interneti, mobil xəttləri sıradan çıxardı. Hər şey yerlə-yeksan oldu. Artıq şəhər milçəklərin idarəsi altındadır. Bu sətirləri zirzəmi divarının küncünə qısılaraq yazıram. Bu idarədə HR olduğum günə lənətlər oxuyuram. Vızıltı yaxınlaşır….