Folkner və Mirzə Cəlil
(ixtisarla)
Görəcəkdir vallahi, görəcək. Möhtərəm oxucu, yəqin bu yazının sərlövhəsindən sonra mötərizə arasında nöqtələri görüb təəccübləndin. Elədir ki, var, hansı janra aid olacağı heç mənim özümə də bəlli deyil. O boyda universitet bitirmişəm, o qədər müəllimdən dərs almışam, bir janr nədir ki, tapıb bu yazının başında yerləşdirməkdə acizəm. Məsəlçün, götürüb başlığın altında yazammıram felyeton, şarj, pamflet, yaxud son vaxtlar bizdə dəbə minən neo hekayə, fantastik etüdlər və sair.
Məxləz, BB. Yəni bismillah başladıq.
Əvvəlcə bu yazını başlamaqlığımın səbəbi barədə mızıldayım. əşşi, dayandığım yerdəcə dünyaca məşhur Amerika yazıçısı, Nobel mükafatı laureatı Uilyam Folknerin nə zamansa söylədiyi bir sözün zibilinə düşdüm. Deyir, günlərin bir günü Amerikanın prezidenti Folknerə ismarış göndərir ki, bəs filan gün, filan saatda durub gəlsin vaşinqtondakı iqamətgahıma, birlikdə nahar eləməyə. Bu xəbəri yazıçıya çatdıran adamdan nahar menyusunu soruşub öyrənən Folkner nə desə yaxşıdır? Qayıdır ki, e-e-y, bir nahar nə olan şeydir ki, ondan ötrü durub o boyda yolu basa-basa prezidentin ayağına gedəm. Və dəvətdən imtina edir.
İndi mən özlüyümdə fikirləşirəm və sizləri də fikirləşməyə dəvət eləyirəm ki, ötən yüzilliyin ortalarından üzü bəri (ondan qədimlərlə işimiz yoxdur) hansı bir dövlət rəhbərimiz bizdəki saysız-hesabsız qələm sahiblərindən hər hansı birini öz sarayında, qəsrində, villasında nahara dəvət eləsəydi, onlar buna necə reaksiya verərdi? Mən heç nə demirəm, eləcə özünüz fikirləşin ki, bu əsnada necə bir mərəkə qopardı; ayaqqabısını taykeş geyib küçəyə atılan kim, nəvəsini məktəbdən gətirməyi unudan kim, qalstukunu yolda gələ-gələ bağlayan, şalvarının qayışını liftdə dartıb çəkən, üzünü maşındaca elektrik ülgücüylə qırxan kim və sairə. İndi mən fikirləşirəm və yenə sizləri fikirləşməyə dəvət edirəm, gəlin adı bəlli, dünyaca məşhur sənətkarlarımızın yazdıqlarını, verdiyi müsahibələri, titullarını, xarakterik xüsusiyyətlərini və sairəni nəzərə alıban baxaq görək onlardan hansı biri MK katibinin, Prezidentin, Baş nazirin, lap elə bakı merinin nahar təklifindən boyun qaçırmağa cürət edərdi? Hə, necədir, bir kəs ağlınıza gəlirmi? Sizi bilmirəm, amma mənim ağlıma gələn tək bircə zatdır – rəhmətlik Cəlil Məmmədquluzadə. İndi istəyirsiz söyün məni, istəyirsiz başımı yarın, ətimi şişə çəkin, qardaşlar, vallah-billah, o kişidən savayı bir nəfər də olsun ağlıma yerləşmir. Fikirləşirəm və hər dəfəsində də nə üçünsə onun boğuq səslə deyə biləcəyi bu sayaq sözlər qulağımda səslənir: “Ə, xuduru-xuduru danışmayın, bir qarın yeməkdən ötrü indi durub Bazarnıdan Çəmbərəkəndə yartacam? ”
Burası belə. İndi qalır məsələnin ikinci yarısı və burası bir qədər qəlizdir. Qəlizliyi də orasındadır ki, aşağıda adlarını çəkəcəyim, dillərindən söz qoparacağım yazarlarımızdan kimlərsə dünyasını dəyişsə də. (Allah elliyinə qəni-qəni rəhmət eləsin) oğul-uşaqları, nəvə-nəticələri (Allah minbudaq eləsin) durur və olsun ki, bu gümanımı tərsinə yozalar. Amma onlardan bir parası da var ki, bu günlərimizdə yaşamaqda, bol mürəkkəbli qələmləriylə (Allah qələmlərinə qüvvət versin) dürlü-dürlü əsərlərini gün işığına çıxarmaqdadırlar və bir olan Allah bilir ki, əgər bu yazım əllərinə keçsə, hansı gözlə baxacaqlar mənə. Amma bütün bunlara və əbədiyaşar Konstitusiyamızın əldə rəhbər tutduğumuz 47-ci maddəsinin I və II bəndlərinə əsaslanaraq yazarlarımızn taleyüklü belə bir məqamda hansı mövqe tutacaqlarını, eyni zamanda Mirzə Cəlilin də bu nahardan imtina edə biləcəyinə onların münasibətini təxmin edərək öz mülahizələrimi sərgiləyirəm.
Beləliklə…
Satirik şair Mirzə Ələkbər Sabir: – Mirzə Cəlilin elə bir dəvətə qol qoyub qoymamaqlığına gəlincə mənim fikrim o barədə qətidir. Əmma məni bir məsələ maraqlandırır ki, görən, ustadlar ustadı Füzuli babamız bu yerdə hansı addımı atardı? Əlbət, bu barədə mənim də öz qənaətim var. İntəhası, ustadım Seyid Əzim durduğu yerdə mən nə karəyəm ki, qabağa düşəm. Axı o dahinin söz, könül mülkünə hamımızdan əfzəl yetik olan odur. Buyur ustad.
Klassik şair Seyid Əzim Şirvani: – Xub. Əcəba “Şikayətnamə” kimi bir taziyanəni qələmə almış bir sultani-süxən öylə yerlərə qədəm basarmı əcəba? O, şairlər şairi, söz mülkünün sulatnı həqdə yek cümlə ərz edəcəm ki, biləsiz, gedər ya getməz. Deməli belə.
Şükufeyi-busitani-bəlağət və səbzeyi-növbahari-hüsnü-ibarət-şüərayi-fəsahətşüaralar ustadı, yəni cənab Molla Məhəmməd bağdadi Füzuli təxəllüs əlhəq ki, şiveyi-ixtiyari nəzmi-dilkeşdə və pişeyi-ibarəti-şeiri-biğəşşdə bir yeganəye-əsr və vahidi-dəhrdir ki, ol həkimi-binəzərdən zamani-zühurindən bu anə kimi məmalikiRum və tayifeyi-ətrakdə şairi və nazimi qədəm ərseyi-vücudə basmayıbdır ki. Gövhəri-əşarinin müqabiləsin və dürri-şahvari-nəzminün müqabiləsin dürri-şahvari-nəzminün nəzirəsin rişteyi-təhrirə çöksün və şahidi-təbi-mövzuni-dilarasi bir düşizeyi-dilfiribi-rənadır ki, zinəti-rüxsarinə məşşateyi-töfsif və qazeyi-tərif ehtiyac və nərgizi-şəhlayi-dilrübasi sürmeyi-önsafə möhtac deyildir. İndi siz deyin, əfəndilər. Möhtac olmayan bir kimsə ayaq qoyarmı öylə məclislərə?
Şair Səməd Vurğun: – Əkrəm, bir şey başa düşdünmü bunun dediklərindən?
Əruzşünas Əkrəm Cəfər: – Bunun yox, onun.
Səməd Vurğun: – Di yaxşı, olsun onun. Çevir görək dilimizə.
Əkrəm Cəfər: – Əlimdə işim çoxdur. Mən ancaq axırıncı cümləsindən yapışacam. Yəni Seyid demək istəyir ki. Füzuli o məclislərin adamı deyil.
Səməd Vurğun: – Ayə, gəlsən bir özündən soruşaq, dəvət eləsələr gedərmi?
Seyid Əzim: – Orda nə himləşirsiniz qadoyuzu alım, mən bilirəm siz də bilin, ustadım harda mən də ordayam.
Mirzə Ələkbər Sabir: – Düz buyurursan, ustad, “Anamın kitabı” da elə bir növ “Şikayətnamə”dir. Rəncidə olduğu bir məkanda Mirzə Cəlilin nə iti azıb ki, gedib oranın qapısın da kəsdirə. Bir vəqt mən “Bu çərxi-sitəmkarın aman məsxərəsindən” söylərkən Mirzə gözümün önündəcə həm gülmüş, həm də ağlamışdı.
Romantik şair Məhəmməd Hadi: – Mirzə, getsəydin ha, imzalar içindəki imzanın yanından “Nəsrəddin”i atacaqdım, qalacaqdı quruca Mollası. Lalıx mollalarnan da ki, bizimki düz gətirməz.
Yazıçı Yusif Vəzir Çəmənzəminli: – Qızlar bulağından su içməyənlər Mirzə Cəlilin bu addımını anlamaz əsla. Gərəkdi ədəbiyyatımız həmin bulağa doğru səmt götürəydi. Onda elliyiniz Mirzə Cəlil atdığı addımı atardınız. Əfsus ki, ədəbiyyatımızın ağzını başqa məcraya yönəltdiniz. Yazıq olduq…
Yazıçı Mirzə İbrahimov: – Mirzə, məsləhətdi, gərək gedəydin. Gedib görərdin yuxarılarda nə var, nə yox. Bu da bir fürsət idi. Həm də gələcək günlərin üçün mövzu. Sən ki ömür boyu müsbət qəhrəman arzusunda olmusan.
Yazıçı Əli Vəliyev: – Daha mən nə deyim, Mirzə dedi dana.
Şair Hüseyn Cavid: – A kişilər, nə düşmüsünüz kişinin üstünə ki, “get-get”. Belə getməyib, əccəb eləyib getməyib!
Şair Mikayıl Müşfiq: – Ustadım düz deyir! O həmişə olduğu kimi bilir nə dediyini. Sən zəmin oğlu, Yer nəhəngisən, Mirzə Cəlil. Yerindən, yurdundan olma! Yaşa, hürr yaşa! Çəmən ətri verən düzlər, göy yaylaqlar hara, küftə-bozbaş iyi verən şah süfrəsi hara?
Növbəti gün…
Şair Məmməd Rahim: – E-e-e-y… danışırsan də, Müşfiq. Həmişəki kimi xəyalın göylərdədir. Guya mən bilmirəm dağda-düzdə, qayada-dərədə nə var, nə yox? Adamı elə yeridən vururlar ki, quş kimi yox e, daş kimi düşür düşür zəminə. Yox-yox, atam-anam, Mirzə Cəlil getsə yaxşıdır.
Şair Səməd Vurğun: – Aldada bilməmiş dünyanın varı… bu nədi ayə, mənə nə oldu, qafiyə tapammıram nədir… Dayan…dayan… Sən ellər bağında azad bir quşsan… Stalin… partiya… zəncinin arzuları… unudulmuş tək məzar… Mirzə. Sən axı bizdən ağıllısan, bizdən böyüksən! Qabaqdan çətin illər gəlir, a Mirzə. Uşaqları düşün… Özünü qoru, ustad…
Əkrəm Cəfər: – Səməd, əvvəla de görüm, bu yerdə qafiyə lazım gələndə niyə həsdədin, dilin topuq kaldi?
Səməd Vurğun: – “Kaldi” yox, çaldı, ay Lahıclı.
Əkrəm Cəfər: – Danışanda belə danışıram. Hek gör yazanda elə yazarammı? Vay o adamın halinə ki, yazanda səhv buraxır. Nə isə, sözüm qafiyədən idi. Sən deyildinmi bir vaxtlar üçlükdə – sən, mən, bir də Osman qağa, Moskvaya oxumağa gedəndə yolboyi hər gördüyünə şeir, qafiyə yapışdıran, indi nə oldi?
Səməd Vurğun: – O, o vaxtlar idi…
Əkrəm Cəfər: – dayan, sözümü kəsmə. İkincisi, … e-e-e… əsəbiləşdim, nə deyəgəydim hyadımdan kıxdi. Zarafat deyil, yaş 90-a doğru gedir.
Şair Səməd Vurğun: – Mirzə Cəlildən danışaq. Sən biləni, o. Məclsə getsə, yaxşı olar, getməsə?
Əkrəm Cəfər: – Getməsə!
Səməd Vurğun: – E-e-e, şuluq salma dana. Niyə getməsin ki?
Əkrəm Cəfər: – Ona görə ki, o “Ölülər”i ki, o yazıb, ölülərdən dirilərin feyz alacağına kətin inana.
Səməd Vurğun: – Bəs sən necə, çağırsalar gedərsənmi?
Əkrəm Cəfər: – Gedərəm, lap ganlarini də alaram…
Şair Səməd Vurğun: – Bıy, dərdin aleyim, ayə!
Əkrəm Cəfər: – Dayan, sözümü kəsmə. Özü də “aleyim” yox, alım de. Sözüm harda qaldı, hə, mən boyda alimi həşdat ildi toyuq hini boyda mənzidə kürütdülər. Özüm ükün yox e, daha mən bu gün-sabahlığam, hek olmasa yasıma gələnlərin rahatlığıykün ev istəyəgəm onlardan.
Səməd Vurğun: – Bə mənim də dediyim o döyülmü, a qıvlasız! Yadında mı Mir Cəfər…
Əkrəm Cəfər: – Səməd, sus, onun adını kəkmə… O fenomen hələ axıracan araşdırılmayıb… Nə isə, tərs kimi Lahıcdəki ogağində də bir dam qaralaya bilmədim. Mətəəssüf… Yoxsa ölmüşdüm mən ki, bunnara ağzı akeydim… Xub, görək Rəsul nə deyir.
Şair Rəsul Rza: – Mən deyirəm, get, Mirzə. Get. Amma həmişə olduğu kimi şükür et. Başını çox piyləyəcəklər, səni göylərə qaldıracaqlar, küyə getmə. Get, amma acından sıtqın sıyrılsa da, heç nə yemə. Qoy yalsevərlər yollansınlar ora, yallanıb yallı getsinlər.
Yazıçı Süleyman Rəhimov: – Adama nə deyəllər, Rəsul, gedəsən, özü də o boyda məclisdən ac qayıdasan. Qoy getsin. Yeyib-yeməyəcəyi məsələsini özü həll edər.
Yazıçı Mehdi Hüseyn: – Mən təəccüb edirəm. Yuxarıdakılar Mirzə Cəlilin məcazına bələd deyillər məyər? Onu çağıranda bilmirdilər gələn deyil?
Yazıçı Ənvər Məmmədxanlı: – Mən Mirzə Cəlildən elə bunu da gözləyirdim.
Yazıçı İsa Hüseynov: – Nərimanovu da Kremldə nahara dəvət eləmişdilər… Mirzə Cəlilin ki, bundan xəbəri var… Quruca Molla olsaydı, bəlkə də, gedərdi. Məsələ burasındadır ki, yanında Nəsrəddini də var axı…
Yazıçı Əkrəm Əylisli: – Gərək gedəydin, a Mirzə. Amma getməzdən qabaq onların qabağına şərt qoyaydın. Yəni deyəydin ki, əgər bu Əkrəm balamın mənlə ora gəlməsinə razısınızsa onda gəlirəm. Orda əyləşəcəkdik çiyin-çiyinə, keyfə baxacaqdıq. Əvəzinizdən mən danışacaqdım və hərçənd ki danışanda korluyuram, mənimki yazmaqdı… və… və…
Mirzə Cəlil: – Ə, bir dayan görüm e, vəəldiyirsən? Elə ayın-şayın danışırsan ki, elə bil yapdıqlarından xəbərin yoxdur. Həyə bir e görüm, səni o yerə buraxan kimdir ki, mənlə oturub çənə də vurursan, hıy?
Əkrəm Əylisli: – Niyə buraxmasınlar ki, ay ustad?
Mirzə Cəlil: – Ə, ilin-günün bu vədəsində o nədi yazmısan? – “Daş yuxular”. Pah yox bir çaş yuxular.
Əkrəm Əylisli: – Ustad, o vəhşət günlərində mən görəni sən görsəydin, “Kamança”nı ayrı cürə çalardın.
Mirzə Cəlil: – Ə, kiri, mən o dığaya kamança çaldıranda xalqımı aşağılamadım, Qəhrəman yüzbaşının gözlərini yaşartdım. Amma sən…
Əkrəm Əylisli: – Ustad, elə mən də Qəhrəman yüzbaşı kimi bir şeyəm də…
Mirzə Cəlil: – Ə, o boyda Xocalı müsibəti qalıb bir kənarda, sən də başlamısan öz kamançanı dızıldadıb erməninin gününə ağlamağa, daşnakların dəyirmanına su tökməyə. Ə, onların havadarlarımı azdır?
Əkrəm Əylisli: – Ustad, vallah mən o əsəri o mənada…
Mirzə Cəlil: – Ə, kiri. Olsun ki, erməninin xoşuna gələsən, öpüb gözlərinin üstünə qoyalar səni. Amma bu əsərindən sonra dığa xalqınla çətin barışa. Barışmır, cəhənnəmə barışsın, amma məsələnin qəliz tərəfi odur ki, xalqımın da sənlə barışmağı çətin olacaq. Mən onu yaxşı tanıyıram. Bir kəndin adına Danabaş demişdim deyə çoxu bugünədək mənə yanpörtü baxır, rastıma çıxanda salam vermir, yəni demək istəyir ki, danabaş özünsən. Məxləz, işlərin şuluqdu, Əki bala. Başına çarə qıl…Ə, bir dön görüm hara şütüyürsən?
Əkrəm Əylisli: – Başımın çarəsini axtarmağa və…
Yazıçı Anar: – Sənin də bu “və”lərin olmayaydı, Əki bala.
Mirzə Cəlil: – Mənnən çox yaşayacaqsan, Anar. Hələ bir de görüm “Molla Nəsrəddin – 60”dan üzü bu yana niyə belə şeylər yazmırsan? Səndə yaman alınırdı? Məyər 69, 70, 2000, 2004 yox idi, hıy?
Yazıçı Anar: – Qoyurlar ki…
Mirzə Cəlil: – Kim qoymur?
Yazıçı Anar: – …
Mirzə Cəlil: – Xub, anladım. Sən nə deyirsən, gedim getməyim?
Yazıçı Anar: – Açığı, mən oralarda az olmamışam. Qəti qorxusu yoxdur.
Mirzə Cəlil: – Bə deyirsən qoymurlar, hıy?
Yazıçı Fərman Kərimzadə: – “Təbriz namusu”ma and içirəm ki, Mirzə Cəlil heç Rza şahın da hüzuruna getməzdi.
Şair Qabil: – Mənsə tərəfdarıyam, getsin. Nəsiminin heç olmazsa diri-diri dərisini soyub əl çəkiblər. Yazıq Mirzə Cəlildən öləndən sonra da qisas alırlar. Get, Mirzə, get, bəlkə, yuxarılarla yaxınlığını görüb yaxandan əl çəkə bu millət. Qaldı mənə, mən gedərəm e, intəhası, məclisdə yerləri nömrələsinlər ki, hərə öz işin bilsin, yerini səhv salmasın. Bir də gördün, gəib düşdüm… daha adın demirəm… Müsibət oluruq biz…
Jurnalist Zamin Hacı: – Gör kimə ağıl öyrədirik e… Dünyanın hərçibətərinə bələd olana. Buralarda yox, oralarda yanında yer saxlarsan mənimçün, a Mirzə. Axıracan belə yaşasam, öləndə yanında yer tutmağa çox dəli bir ümidim var. Cəhənnəm olsun bu dünya da, burdakılar da.
Filosof Asif Ata: – Getmə. Ustad! Bilirəm, onsuz da getməyəcəksən. Beləyik biz. Qürurumuz nəfsimizdən irəlidir. Vüqarımız Ağ evlərdən ucadır.
Yazıçı Elçin: – Qəribə söz danışırsınız e… Dəvəti qəbul eləyəndə nə olur ki? O kişi millətini tanımır məyər? O millət deyildi ki, “Molla Nəsrəddin”i hər yerdə daş-qalaq eləyirdi? əlində qələmi, başında ağlı var Mirzə Cəlilin. Nahara da gedərəm, şama da. Təki məntiqin, gücün, ədəbi qeyrətin ola. Bunlar da Mirzə də bəs deyincə .
Növbəti gün
Mirzə Cəlil: – O vaxt məni Təbrizdən Bakıya çağırdılar ki, gəl şura Azərbaycanında sənə iş verək. Məni onun (Əliheydər Qarayevin) yanına apardılar. Qayıtdı ki, sən gəl bir “Allahsız” jurnalı çıxar, at getsin “Molla Nəsrəddin”i. Dedim bə mən? Qayıtdı ki, anlamadım. Sonra həmin təklifi bir də dilinə gətirəndə yenə ərz etdim ki, bə mən? Üçüncü kərə bir də deyəndə və məndən üçüncü kərə də “bə mən?” sualını eşidəndə necə cin atına mindisə, demək olar, qovladı məni odasından. Halbuki, mən “bə mən?” deyəndə, yəni “Molla Nəsrəddin” necə olsun?” demək istəyirdim.
Jurnalist İntiqam Mehdizadə: – Axırı nə oldu o söhbətin?
Mirzə Cəlil: – Sonra bir başqasını tapıb “Allahsız”ı ona həvalə elədilər. Bax belə. Mənim qovğam dindən, şəriətdən bixəbər başabəla mollalarla olub. Mənim Allahnan nə işim var? Bütün işlərin sahibi O deyilmi? (Bu əsnada əynində kübarlara məxsus köhnə kürk, soyuqdan əllərini bir-birinə sürtərək otaqda var-gəl edən Həmidə xanımı səsləyir.) Xan qızı, Sənə mələməmiş quzu kəsim, götür o bir bağlama əlyazmamı da tolazla sobaya, mən işdən gələnəcən uşaqlar soyuqdan qırılmasın… Nə gözünü döyürsən, canımızdan artıqdır?
İntiqam Mehdizadə: – Ustad, siz neyləyirsiniz?
Mirzə Cəlil: – Ə, kiri!
İntiqam Mehdizadə: – Və mən kiriyib ustaddan üzümü bu yana çevirmişdim ki, Seyran Səxavət böyrümdə nazil oldu.
Seyran Səxavət: – İntiqam, səni bilmirəm, amma mən elədiyimi eləmişəm. İndi qalır… Nə isə. Gəlirsən gəl, gəlmirsən mən gedirəm.
İntiqam Mehdizadə: – Hara?
Seyran Səxavət: – Ora.
İntiqam Mehdizadə: – Seyran! Seyran ho-o-oy…
Seyran Səxavət: – Ə, mən səni dünyanın o başında qoyub gəlmişdim, haçan gəldin ki, məndən qabağa düşdün?
İntiqam Mehdizadə: – He-he-he… Ə, ağzında internet deyirsən, bir saniyənin içində səni burdan ora, ordan da bura çatdırır. Yaxşı, de görüm harda yer tutaq özümüzə, böyür-böyürə əyləşək, yoxsa…
Seyran Səxavət: – Sən üzü qibləyə. Mən üzü şimala.
İntiqam Mehdizadə: – O niyə?
Seyran Səxavət: – Heylə məsləhətdi.
İntiqam Mehdizadə: – Onda rus ayılarına məndən salam deyərsən.
Seyran Səxavət: – Sən də ərəb səhralarında Məcnunu görsən deyərsən özündən 9 yaş böyük Leyliyə çox da bənd olmasın. Döndər onun ağzını şimal səmtinə, bir-iki Leyli… yox e-e… Lenadan-zaddan tapaq onunçün başın girrəsin onlarla.
İntiqam Mehdizadə: – Tişş… Sakit! Gəlillər.
Seyran Səxavət: – Ə, çiş vaxtıdır?
İntiqam Mehdizadə: – Ə, çiş yox e, tiş, yəni sakit. Yetmiş iki dil öyrənmisən. Uruscanı da bil də.
Seyran Səxavət: – Bıy-y… Doğrudan a… sakit, gəlirlər… Tiş-ş-şşş… Görəcəkdir, vallahi görəcək.
Bu yazıya nöqtəni qoyalı canımı dərd bürüyüb ki, aya, görəsən, burda adı çəkilən rəhmətliklərin ruhu məndən inciməz ki? Yaxud sağ qalanlar (Allah ömürlərini uzun eləsin) bu yazının janrını öz bildikləri həngi ciddiyə yozub məni Avropa məhkəməsinə verməzlər ki, yaxud iraq-iraq üstümə pul cəriməsi qoydurmazlar ki? Rica edirəm, əzizlərim. Zəlimxan demiş, heylə fikrə düşsəniz, mana da, xozeynimə də yazığınız gəlsin.
Xor: – Nə xozeyn? Hansı xozeyn?
İntiqam Mehdizadə: – Bəs bilmirsiniz, bu yaşımda hələ də evsizəm axı. İllərdir kirələrdə can çürüdürəm. Mən heç. Tutalım, möhtərəm hakim şikayətləri qəbul edib filan qədər “srok” kəsib damlatdırdı məni. Bəs onda iyirmi beş ildir erməninin didərgin saldığı, Bakıda iki yerdə evi olsa da, məndən aldığı kirə haqqıyla dövlətdən aldığı sosial yardım hesabına dolanan o binəva xozeynimin günü-güzəranı necə olar? Hıy? Bəlkə, bu işdə axır vaxtlar söz meydanında at oynadan, xoruz səsi eşitməmiş janrlarda yazılar guppuldadan qələmdaşlarım köməyimə gələ, bu yazının janrını fikirləşib tapalar ki, şikayətçilərin kəkliyin azdıra biləm. … bir janr qondarıb da məni bu cəncəldən qurtarmaq nəmənə şeydir ki? Yaxşı, fərz eləyək ki, tutulub getdim… Aha! Stop! Tofiq abi demişkən, hoppala! Necə-necə, “fərz eləyək ki?”Doğrudan a-a…dilimizdə belə bir söz də var axı: “fərz”, “fərəzə”, “fərziyyə”. Bir daha hoppala! Tapdım. Bu da təzə bir janr – Fərziyyə. Yenə özümə şükür. Adını mən qoydum, ömrü… Şirməmməd müəllim demiş, azreyilin gözündən uzaq.
2010-2017
Bakı – İsmayıllı