Köhnə üsulla yeni “qətllər”
Ötən illərin ədəbi məqalələrini, məktublarını oxuyanda görürük ki,
ədəbiyyatda hər dövrdə “əsas aparıcı xətt” yaltaqlıq, yerlibazlıq,
qruplaşma, şəxsi münasibət, vəzifə, “xətir-hörmət” olub. Bu gün də ədəbi
mühitdə sadaladığım mənfi hallar öz yerini tərk etməyib, çoxu bu cür
halları pisləyə-pisləyə elə özləri həmin “ənənəni” yaşadıb nəsildən-nəslə
ötürürlər. Gələcəkdə yazılası indiki halları ifşa edəcək məqalələrin,
məktubların mövzusu bəllidir, amma cəsarət edib yazan olacaqmı, onu
bilmirəm.
Mühiti izləyənlər, hadisələrin içində olanlar, əyri-buruq işlərə şahidlik
edənlər memuara keçsəydilər, nələr yazılardı!
Sağ olsunlar böyüklər, yaşlı nəsil “yaxşı ənənələr” “miras” qoyur.
Yaşatmaq istəməyənləri özlərindən saymır, onların yaradıcılıqlarına ögey
münasibət bəsləyirlər.
Heyif deyil böyüklərin “tökdüklərini yığmaq?” (“Gördüyünü götürmək”
ifadəsinin sinonimidir).
Yaşlı tanınmışlar, məşhur yazı-pozu adamları cavan qələm əhlindən
diqqət umur, onların itaətkar olmalarını istəyirlər, üstəlik öz yazdıqlarının
hamısını oxumaqlarını tələb edirlər. Özləri isə ən istedadlının da
yaradıcılığı ilə tanış olmağı lazım bilmirlər. Bələd olduqlarının da heç
vaxt adını çəkmirlər. Bunlar bir yana. Aralarında özünün mötəbər
olduğunu düşündüyündən populyar olmayan, istedadlı jurnalistə
müsahibə verməyənlər də var. Üç-dörd suala cavab verməmək üçün gah
“xəstəyəm”, gah da “vaxtım yoxdur” deyə bəhanə edirlər. “Kimsən ee,
sən, filankəs müəllim sənə müsahibə versin?” ədasını əvəz edən
bəhanə ilə özünü “dünənki uşaqdan” xilas edir. Elə ki həmin jurnalist
məşhur saytda işə düzəlir, filankəs müəllim onun ən mənasız sualına da
həvəslə cavab verir. Artıq həmin jurnalist filan redaktorun işçisidir axı.
Yaxud saymadığı jurnalistin vəzifəli qohumu tapşırır ki, bizim uşaq
sizdən müsahibə almaq istəyir, onda müəllim dil-dil ötür.
(Mövzuya bir balaca “Yeddi sual” hekayəmdə toxunmuşam, amma
orada nəticə başqa cür olur). İndi müsahibə vermək üçün jurnalist
fərqləndirməyi millət vəkilinə tövsiyə edənləri görəndə yadıma düşdü.
Cəmiyyətimizin öz “qaydaları”, siyasətimizin də möhkəm qanunları var.
Şair, yazıçı jurnalistin populyarını axtaranda siyasətçi də “sadiq”
jurnalistə üstünlük verəcək də, niyə acıqlanırsınız? (Ritorik sualdır).
İstedada dəyər verdiyini deyir, tapşırılanı çap edir, mətnin vacibliyini
vurğulayır, ona qarşı mehribanlıq edəni qabağa çəkir, özünü yaltaqlığı
sevməyən kimi göstərir, vəzifəsi olan yazıçını tərifləyir, sanbalına
əhəmiyyət verib səs-küysüz gəncin suallarını cavablandırmır, bəhanə ilə
yayınır, tanınmış jurnalisti kabinetinə buraxıb müsahibə verir. Özünün də
yol verdiyi səhvləri başqasında vurğulayır. Hər söhbətdə eyni mövzuya
fərqli fikir bildirir. Münasibətini tez-tez dəyişir. Təklikdə söhbət edəndə
hər şeyin təmizindən danışır, çoxluq olanda heç kəsdən seçilmir, hamı
kimi yaltaq, qorxaq, alçaq olur. Hamı vəzifəliyə, pulluya, arxa-dayaqlıya
yarınır. Nə yaxşı yazıların kiməsə gərəkdir, nə də əqidən. Safsan özünə,
kimə nə?
Bu cür ədəbi mühitdə tanınmaq, inkişaf etmək yox, yalnız ruhdan
düşmək mümkündür. Mənəvi dözümümüzün gücünə birtəhər yazıb
yaradırıq.
İstedad birinə, imkan isə digərinə bəxş edilir. Yazanın yolunu
bağlayır, yaza bilməyənə bütün istiqamətlərdə yaşıl işıq yandırırlar.
Dəyərləndirə bilməyənə yaxşı nəsnələr, yaxşıya layiq olana isə hər şeyin
cecəyi qismət olur.
“Canlılar kimi cansızların da vətəni olur…”
Yoox, mətnə cansız nəsnə kimi baxmıram axı… Elə canlı mətnlər var
ki, lap ikicanlısı da olur. İdeyalar, islahatlar, nəticələr ondan doğulur. Ölü
mətnlər də saysızdır, amma “ölüləri qəbiristanlıqda basdırmırlar”, “bəh-
bəh”lə qəzetin, jurnalın baş tərəfinə keçirirlər. Bu zaman diri mətnlər
cəhənnəmin odunda diri-diri yanır, müəllifin bağrı çatlayır.
Ədəbi dərgilərdə, qəzetlərdə olduqca bəsit, məzmunsuz şeirlər
oxuyuruq. Bu cür şeiri yazanlardan çox onu dərc edənləri, dərc
etdirənləri qınayırıq. Çünki onlar sözün qüdrətinə bələddirlər, onu
ucuzlaşdırana meydan verməməlidirlər. Son ayda bir qızın açıq-açığına
reklamının getdiyini görürük. İmzasının əvvəlcə jurnalda, ardınca da
adının məsuliyyətindən qaçan qəzetdə gördüm. Yazan hər bir kəsin çap
olunmaq hüququ var, bilirik, amma yaza bilməyənin mətbuatı zəbt
etməsi, səlahiyyət sahiblərinin onun tanınmasına bilərəkdən çalışmaqları
ədəbi qanunsuzluqdur. Bir azdan hər işdə qabağa keçirəcəklər, olacaq
gənc istedad.
Müəllifi (müəllifi?) tanımıram, qərəzim, paxıllığım yoxdur, amma
təəssübkeşliyim var.
Uşaq vaxtı şeir yazırdım, qoşmanın, gəraylının hikmətamiz təsirindən
“ağıllı-ağıllı” yazmağa davam etdikcə həvəslənib kitab çap etdirmək
istədim. Təcrübəsizlikdən tələsdiyimi hiss etməmişdim. Getdikcə daha
gözəl şeirlər oxudum və özüm şeir yazmağı buraxdım. Heç vaxt da şair
kimi təqdim edilmək istəmədim. Məsuliyyəti böyükdür. Yazı-pozu
adamlarından, şeir duyanlardan şeirlərim haqqında yaxşı fikir eşitsəm
də, utandığımdan üzə çıxarmaq fikrini birdəfəlik unutdum. Amma son
illər, son günlər o qədər zəif, mənasız şeirlərin dərcini, tərifini görür,
eşidirəm ki, özümü qınamağa başlayıram. Yəni çap edilən şeirlərdən də
pisdirmi ki, eyib bir iş kimi şeirlərimi gizlədirəm? Zəif şeirləri ilə tanınıb
mükafat alanların uğurlarına şərik olmadan gizlətdiyim şeirlərin bir
neçəsini kamilinfo.net saytına göndərdim. Redaktor da “risk” edib dərc
etdi. “Yaxşı şeirlərdir” deyən olsa da, əmin deyiləm. Ona görə ki, hər gün
xeyli gözəl şeir oxuyuram. Sözə, ədəbiyyata zərər vuracağımdan
qorxuram. Savadına, istedadına arxayın olduqlarımızsa istedadsızları
ədəbi mühitə buraxıb qapını da tələsik örtürlər ki, istedadlılar görüb “içəri
soxulmasınlar”.
Dildən-dilə, qələmdən-qələmə, klaviaturadan-klaviaturaya keçib
sürtülən sözləri daha da betər hala salıb şeir adlandıranlara, görəsən, nə
üçün ədəbi şərait yaradırlar?
Müasir ədəbi mühit deyəndə ağıla yalnız şəxsi münasibətə, vəzifəyə,
tapşırığa, pula görə hansısa əsərin haqqında yazmaq, müəllifi tərifləmək
gəlir.
Ədəbiyyatın bumu, dünya?
Yazıçı, şair, publisist, esseist, naşir, redaktor, qiraətçi, (öz
yazdıqlarından başqa heç nə oxumayan və səsləndirməyən) aparıcı,
şeirinə özü klip çəkən, o klipdə özü rol alan, hansı daşı qaldırsan,
altından çıxan, bütün nominasiyalar üzrə birinci yerə layiq görülən, hər
müsabiqədə mükafat alan GÜNƏŞ xanımın şüasından qoru ədəbiyyatı,
İlahi! Bu millətə niyə qarğamısan axı?
Tapşırıqla da yazırlar, kiminsə xoşuna gəlmək üçün də. Vəzifəsi
olanların yazılarından söhbət açılır, onlar təhlil edilir.
Filoloqlardan sanballı, öyrənməli olduğumuz bilgilərdən ibarət kitab
gözləyirik. Gözləhagözlə kitab çap olunanda görürük ki, vəzifəli yazıçı,
şairlər haqqında yaltaqlıqdan yazılmış, şişirdilmiş təmtəraqlı fikirlər
səhifələrə sığmır. İnam ölür: hər kəsə və hər şeyə. Dostluğa, vəzifəyə
görə bir-biri haqqında yazanların kitabları təkcə kağız istehsalı üçün
zərərli deyil, ondan betər mənəviyyata, ədəbi-bədii düşüncəyə və mövqe
tutmağa zərbə vurur. Bir gənc alimin şikayət məzmunlu statusundan bəlli
oldu ki, artıq “sələflərin” yolu ilə gedir. Mühit korlayır gəncləri. Mənən
məhv edir.
Kim ki hekayə müsabiqəsinin şəffaflığına inanıb, hekayə göndərib,
yüz il yaşaya bilməyənlər kimi “günah onun özündədir”.
Pul alıb səyin birinin yazılarını bir balaca “remont” edib kitab
“düzəldən” bir jurnalistin hər gün yazmaq mövzusunda ağıllı-ağıllı
statuslarını oxuyuram. Mətnə məsuliyyətdən, vicdanla yazmaqdan
“mühazirə” oxuyur elə bil.
Mənfi hallara görə həmişə ürəyim ağrıyıb, getdikcə bu ağrıya hirs də
qarışır. Əsəbiləşməyi öyrənəcəyəm axırda.
Mənə maraqlı görünən, qəribə gələn, canım sizə desin, qaranlıq
qalan, aydın olmayan, mənim anlamadığım, başa düşmədiyim,
(şablonları toplamağa kömək edin) bilmədiyim, eeey, nə bilim daha nələr
etmədiyim bir şey var. Daha doğrusu, min şey var (heç nə bilmədiyimi
boynuma aldım). Birini indi yazım, qalanı sonraya qalsın.
Məzmunsuz yazmaq bir yana, ümumiyyətlə, yaza bilməyənlərə niyə
himayə durub başa çəkirlər? Millət ziyalılarına etibar edir, ziyalı da yüz
səbəb üzündən nə gəldi yazanın mətnlərini “redaktə” edib xalqa
ədəbiyyat adına sırıyır.
“Azərbaycan ədəbiyyatında mənəm, Avropada Şekspir” deyir,
(Bağdadda kor xəlifə məsəlidir, təhrif etdim) nə öz yazdığından bir şey
anlayır, nə Şekspirin yazdıqlarından xəbəri var, heç mədəni də deyil,
amma nə vaxt baxırsan, tanınmış, səlahiyyətli bir ziyalının yanındadır,
onun qəzetindən şəkli boylanır. Ha fikirləşirəm ki, ədəbiyyatın qeydinə
qalmalı olan bu adam niyə beləsinin yazdığını dərc edir, ağlıma bir şey
gəlmir. Anası ölmüş ədəbiyyata can yandırmaq nə çətin şeydir axı?
İki əməkdar jurnalist bir gicin kitabına xoş söz yazıb başımıza çıxarıb,
hələ də düşürə bilmirik. Deyir, mənə filankəs qiymət verib, sənin
bəyənməməyin vecimə deyil.
Redaktorları qınayanda ki, filankəsin mətnlərini niyə çap edirsən, axı
ədəbi zövqü pis formalaşdırır, adamın gözünün içinə baxıb: “Mən onu
tanımıram”, – deyir. Tanımırsansa, niyə çap edirsən? Axı mətni də
maraqlı deyil ki, səbəb kimi buna arxayın olaq.
Yaxşı bilib sevdiklərimin pis tərəflərini görməyə hazır deyiləm,
gördükcə havalanıram. Xanın səsi kimi…
Heç kəslə davam yoxdur, kimsədən nəsə ummuram. Heç nə
gözləmirəm, özgənin nə qazancına, nə də həyatına maraqla yanaşıram.
Ona görə çox rahatam. “Kimi hara dəvət etdilər?”, “hansı mükafatı
verdilər?”, “niyə verdilər?”, “kim kimdən gileyləndi?”, “umacağı nədir?”
suallarını beynimə gətirib gül kimi düşüncələrimin yerini dar etmirəm.
Almaq istədiyim mükafat yoxdur ki, onun davasını çəkdiyimi düşünəsiniz.
Sadəcə tanınmış imzalara inamımın itdiyini, (həmfikirlərim çoxdur)
onların da cəmiyyətin çirkabına bulaşdığına təəssüfləndiyimi bildirirəm.
Etimad göstərdiklərimizin ədalətsizlikləri ilə qarşılaşanda nəyinsə
düzələcəyinə ümid qalmır. Riyakarlıq, yaltaqlıq hiss etdiklərimin bir çox
istedadlı adamları “sui-qəsd nəticəsində” mənəvi cəhətdən öldürdüklərini
zənn edirəm. Qətli köhnə üsulla yeni imzalar törədirlər.
“Hara gedir sabahımız?”
Axşamlarımız gəlir ki? Biz yalnız qaranlıq işləri seyr edərək yaşayırıq.
Ayın işığı yoxdur, Günəşin də qarşısını kəsiblər.
Mənəvi qətllər üçün əlverişli mühit…
İşiniz avand ol…..