Hələ bir az sev
Məni unutmağa nə tələsirsən?
Daş ki daşımırsan, qaya yarmırsan.
Sənin ürəyində yerim rahatdır,
Məni bu mənzildə sevib yormursan,
Hələ bir az sev.
Günəşi, səmanı lap özün kimi
Mən səni sevdikcə tanıyacaqsan.
Əsl ömür nədir, yaşamaq nədir?
Sən məni sevdikcə anlayacaqsan,
Hələ bir az sev.
Düşün dərin-dərin son qərarını,
Kövrək ürəyində kim güləcəkdir?
Təpədən dırnağa tanıyıb səni…
Mən getsəm, yerimə kim gələcəkdir?
Hələ bir az sev.
Saxla məhəbbətdən şikayətini
Çağlayan eşqinin sahillərində.
Gəl otur, əzizim, dənizi dinlə,
Dəniz od olmasın qoy əllərində
Hələ bir az sev .
Ölüm
Başını ölümün çiyninə qoyanda da
Başın gərək dik ola,
Ölüm səndən kiçik ola.
Əcələ təslim olan əllərin kimi
Alnın da açıq ola.
Son nəfəsdə özün də istəmədən
Ağıl tərəzinlə ölçəcəksən
Artığını, əskiyini.
Sonra üstünə qışqıran ölümün səsini eşitmədiyinçün
Söyəcəksən bu dünyanın hay-küyünü.
Onu buna, bunu ona qata-qata ,
Ata minib fil qulağında yata-yata
Çatdın son mənzilə ayılmaq üçün.
Budur artıq son köçün,
Budur artıq ağ parçadan tək yükün.
Hər kəsin əcəli öz boyuna ölçülüb…
Uzunu, qısası olmaz.
Yetişməmiş meyvə kimi zəhərlidir bu dünya…
Xeyir-duası olmaz.
Zəhəri qanına hopduqca
Ölüm sinənə çökəcək,
Başın ölümə əyiləcək.
Məhəbbət
Yemək, içmək deyil məhəbbət, gülüm!
Tox olanda gələ, acanda gedə.
Nə yazdıe, nə yaydır, nə qışdır sevgi,
Ovcunda çiçəklər açanda gedə.
Susmaqdır, dinməkdir yerli-yerində,
Qorxma vulkan kimi püskürməyindən.
Hərdən uşaq kimi tut ətəyindən,
Qoyma ömür kimi qaçanda gedə.
Qanad çalan eşqə kainat dardır,
Hər kəsə qurulan bir tələ vardır.
Nə çoxdur dillərin bal kimi dadı,
Qoyma o sevgini hər anda gedə.