.....

.....

Lilpar Cəmşidqızının qəzəlləri

Lilpar Cəmşidqızının qəzəlləri

Həsrətin, Canan, mənim etmiş pərişan könlümü,
Eyləyib dustağ min-bir dərdə hicran könlümü.

Yandırıb köksümdə mən, şəm’ eylədim öz qəlbimi ,
Gör haçandır vermişəm, bir eşqə qurban könlümü.

Çırpınır axşam-səhər, bülbül qəfəsdən boylanır,
Xarə gül mehman olub, açmır bu zindan könlümü.

Gözlərimdən tökdüyün sellər olub dərya qədər,
Dilbərim, Sən etmisən aləmdə ümman könlümü.

Xəstəyəm, ya Rəb, şəfa ver, dərdimin dərmanısan,
Sən mənim tək qoymadın, bir gün də, Loğman, könlümü.

Şah damarımdan keçib dövr eyləyir eşqin sənin,
Ey Xudavəndim mənim, gəl, tutmasın qan könlümü.

Lilparam, ruhum mənim, bir Şahə xidmət eyləyir,
Vermişəm dildarə mən, çoxdandır ünvan könlümü.

***

Ey dil, yenə dildarıma şükranımı göstər,
Könlümdə daşan sevgimi, ümmanımı göstər.

Zikr eyləyirəm ismini, YaRəb, gecə-gündüz,
Cənnət qapısından mənə ünvanımı göstər.

Qəlbin gözü görmür deyən insan kor olubdur,
Bağlanmasın ülfət yolu, cananımı göstər.

Ruhum dolaşır, Göydə nigarım görə bilsin,
Cismim nəyə lazım, darıxan canımı göstər.

İllərdi gəlib aləmə həsrət çəkirəm mən,
Ömrüm keçib atəşdə, bu hicranımı göstər.

Loğmanı olan bir belə düşməz ki, bəlayə,
Şükr eylədiyim, dərdimə dərmanımı göstər.

Lilpar kimi könlümdə məhəbbət, diləyim var,
Cənnət mələyindən, mənə Sultanımı göstər.

***

Tarix boyu xoş günlə bərabər də kədər var,
Çıxdıq o savaşdan, gülürük, çünki zəfər var.

Könlüm yenə pərvaz eləyir, Azəribaycan,
Qoynunda gözəl Sumqayıtım, doğma şəhər var.

Gündüz-gecə mirvari sular köksünü oxşar,
Xırçın ləpələr yırğalayan, mavi Xəzər var.

Sahildə bitən meynəsi qumdan şirə çəkmiş,
Əncir ağacından yığılan çoxlu bəhər var.

Zülmət gecənin dan yeri bətnində doğulmaz,
Ancaq, yenə şükr eyləyirik, sonda səhər var.

Hər can deyən aləmdə sənin qədrini bilməz,
“Qoynunda ilan bəsləmə”, ağzında zəhər var.

Xoş halına şair kimi aləmdə tanındın,
Lilpar, nə qədər yazmadığın türfə əsər var.

***

Məni, YaRəb, bu gecə yarıma mehman elə Sən,
Çəkdiyin qarə xalın xəttinə heyran elə Sən.

Danışım, söhbət edim, sevdiyi cananı olum,
Çəkəcək nazımı yar, işvəli ceyran eləsən.

Açılan bir çiçəyəm, ətrim onu, məst eləyir,
Dağıdım zülfümü qoy, sünbülü reyhan elə Sən.

Bu həyatımda xəzan fəslinə yol vermə daha,
Hələ soldurma mənim, ömrümü əlvan elə Sən.

Nə qədər dərdü qəmin sahibi oldum, bilirəm,
O gələn yarı mənim dərdimə dərman elə Sən.

Gecə xəlvətcə gətir, qoy qovuşum yarıma mən,
Yox əgər gəlməsə yar, ömrümü zindan elə Sən.

Lilparam, həsrətimin müddəti, YaRəb, bitəcək,
Döyünən qəlbimi tez, yarıma ünvan elə Sən.

***

Ey könül, qəm çəkmə, bir gün yar gələr, həsrət bitər,
Ta o, gündən sonra qəm çəkməz könül, bundan betər.

Ömrümün çox hissəsindən pay götürmüş qəm mənim,
Görmüşəm, YaRəb, məşəqqət, çəkdiyim zillət yetər.

Ötdü zülmət gözlərimdən, söndü hər gün ulduzum,
Mən keçərdim min əzabdan, görməsin yarım xətər.

Qəlbimin titrək yerindən, yar, toxunsan qan damar,
Al boyanmış köksüm üstən lalələr boy-boy bitər.

Fəsli-yazdır, bir açan gül xarə könlün versə gər,
Bağə qonmuş xəstə bülbül qüssədən, qəmdən ötər.

Qarə xallım, gözlərimdən gəl, dağılsın çən-duman ,
Gəlməsən qəlbimdə şəklin yol salar gözdən itər.

Ay vəfasız, gəlsə hicran, könlümün dağlar başın,
Vüslətin ömrün çoxaldar, gülsə Lilpar, olsa tər.